Marti Perarnau - "The Evolution"

Sayta qoyulub: 12:34 07.12.2018 (152 dəfə oxunub)

"Pep "Bavariya"dakı ilk mövsümündə çətinlik çəkmədən Bundesliqanı qazanmışdı. Buna baxmayaraq, Çempionlar Liqasında yaşananlar hər şeyi alt-üst etmək üçün kifayət edirdi. 2014-cü ilin may ayında - haqqında bəhs etdiyim önəmli hədəfi əldən verdikdən sonra onunla aramızda baş tutan görüşdə mənə dedi: "Bu komandanın mənim komandam olduğundan əmin olmalıyam. Bunun üçün zamana ehtiyacım var. Təbii ki, Bundesliqada bu formada çempion olmaqdan məmnunuq. Titulların sayı çoxaldıqca gələcəyi inşa etmək, planların üzərində çalışmaq üçün də zaman qazanırsan. Komandanın doğrudan da sənin olduğunu hiss etmək, istədiklərini meydanda görmək... - ancaq işin əsl ləzzəti bunlardadı. Bunlar üçün isə zaman lazımdı. Bu komanda hələlik mənim deyil. Belə düşünürəm, çünki mənim təklif etdiyim şey onların futbol kültürünə uyğun deyil. Unutma, onlar cəmi bir il öncə oynamağa alışdıqları/sevdikləri futbolla mümkün olan bütün titulları qazanıblar - üstəlik, aşağı-yuxarı eyni heyətlə. "Dediyimə gəlin, mən də sizə hər şeyi qazandıracam" - fikirlərimi yeritmək mənim öhdəliyimdi, ancaq bu işin həm müsbət, həm mənfi tərəfləri var. Ortaq nöqtəyə gəlmək lazımdı. Bunun üçün isə mən onları inandırmağın bir yolunu tapmalıyam".

Quardiolanın ikinci mövsümündə baş verən dəyişiklikləri sezmək o qədər də çətin deyildi. Bununla belə, prosesin nəticələrdə öz əksini tapması o qədər də ani olmadı.

Şavi Alonsonun sükan arxasına keçməsi sayəsində Pep "Bavariya"nın aludə olduğu vertikal futbolu öz pas təməlli topa sahib olma oyunu ilə qarışdırmağı bacarmışdı. Artıq ispan futbolunun məşhur "pausa"sının (top ayağında olarkən düşünmək/qərar vermək üçün zaman aralığı) çalarları hiss olunurdu. Həmçinin üç xətt arasındakı kompaktlıq da təmin olunmuşdu. Birinci mövsümdə pazlın əsas parçası Lam idisə, bu səfər önə çıxan isim Alonso idi.

Quardiolanın üçüncü mövsümündə isə hansısa futbolçunu fərqləndirmək çətin idi, çünki bütün heyət pikinə çatmışdı. Artıq onlardan tələb olunan oyun tərzinə alışan komanda futbol yetkinliyinə çatmışdı. "Bavariya" vəziyyətdən və rəqibdən asılı olaraq, asanlıqla istənilən cildə bürünə bilirdi. Quardiola və komandasını "buqələmunlar" adlandırmaq olardı. İstedadın eklektik istifadəsi ilə qarşı-qarşıya idik: komanda bir matç ərzində 2, 3, 4 müxtəlif oyun planından istifadə edir və onlar arasındakı keçid qüsursuz baş verirdi. Üstəlik, bunun üçün heç bir göstərişə/təlimata da ehtiyac duymurdular.

Futbolçular bir neçə mövqelər üzrə püxtələşmişdilər: Martines həm stoper, həm sol-insayd kimi oynaya bilirdi, müdafiənin mərkəzi və ya pivot - Alonso üçün heç bir fərqi yox idi, Kosta həm sağ-insayd, həm sol-vinger kimi effektiv idi, Kimmix desən, sol cinah müdafiəçisi, stoper, sağ-vinger... "Barselona"da olarkən Pep hər oyunçudan üç müxtəlif mövqedə oynamaq bacarığı tələb edirdi. Zənnimcə, Münhendə daha da irəli getmişdi. Rafinyanı müxtəlif 5 mövqedə görə bilərdiz, David Alaba üçün 6 mümkün variant var idi, Yoşua Kimmix və Filipp Lama isə Quardiola asanlıqla 8 müxtəlif yerdə güvənə bilirdi.

Onlar hər alətdə ifa etməyi bacaran orkestr idilər və baş verənlər Quardiolanın belə, xəyallarının çərçivəsini aşmışdı. Pepin oyun tərzinin ancaq bu futbol üzrə püxtələşmiş oyunçularla oynanıla biləcəyinə dair bir fikir formalaşmışdı. Ancaq "Bavariya"da futbolçularına qazandırdığı funksionallıqla Quardiola bu yanaşmanı da yerlə bir etdi. Heyət üzvləri İsveçrə bıçağına bənzəyirdilər. Onlardan, istedadlarını fəda etmədən müxtəlif formalarda istifadə etmək mümkün idi. Bu transformasiya məşqçiyə zaman və səbir hesabına başa gəlmişdi. Komanda isə məşqçinin planlarını həyata keçirmək naminə zəka, təəhhüd və əzm nümunəsi göstərmişdi.

Pep "Bavariya"da rollar və pozisiyalarla bağlı bütün məhdudlaşmaları aradan qaldırdı. Keçmişdə onun futbolu sadəcə Lam və Kimmix kimi "Quardiolista" tərzinə yaxın oyunçular üçün uyğun hesab edilirdi. Ancaq o, ağlındakı futbolun, ən azından nəzəriyyədə ziddiyyət təşkil edən Vidal və Robben kimi futbolçularla da oynanılmasının mümkün olduğunu sübuta yetirdi.

Dominantlıq, mövqe hücumları, detalına qədər önəm verilən oyun quruculuğu, müdafiə xəttinin irəlidə qurulması (onun dövründə "Bavariya" hücum gücü ilə ön plana çıxmasına baxmayaraq, qapısında ən az qol görən komanda idi), pressinq, oyun planlarının tez-tez dəyişdirilməsi... - Pep öz oyun tərzinin çalarlarını komandaya aşıladıqdan sonra "Bavariya"dan ayrıldı. Həmçinin o, "Bavariya"da özünün tam olaraq sevmədiyi bəzi gedişlərə də əl atdi. Bura vertikal futbolu, yüksək sürəti, uzun pasları, vingerlərə böyük önəm verilməsini, krosslar və hücum xəttinin arxasına göndərilən paslardan kifayət qədər faydalanmaq naminə oyunçuların rəqibin cərimə meydançası daxilinə reydləri üzərində çalışmalar və uzaq məsafədən endirilən zərbələri aid edə bilərik.

Marselo Bielsaya görə, futbolda 29 müxtəlif model var. Quardiolanın dönəmində "Bavariya" onların 23-dən istifadə etmişdi.

Təməl düzülüşlər: 4-3-3, 4-2-3-1, 4-2-4, 3-4-3, 2-3-5, 2-3-2-3;

Alternativlər: 4-4-2 (düz+romb), 4-1-4-1, 4-2-2-2, 4-2-1-3, 4-1-1-4, 3-5-2 (müdafiə variantı 5-3-2 də daxil olmaqla), 3-3-1-3, 3-2-3-2, 2-3-3-2, 2-4-4;

Nadir hallarda istifadə olunanlar: 3-6-1, 3-2-5, 3-1-4-2, 3-1-2-1-3, 3-3-4, 5-4-1, 2-3-1-4.

"Uyğunlaşmaq məcburiyyətində qalmasaydım, bu qədərini öyrənə bilməzdim. Mənim üçün əla təcrübə oldu. Burda həqiqətən də çox şey öyrəndim" - Pep Quardiola.

Katalon memar Miqel del Poso: "Pep öz sənət əsərini tamamlayıb, yoluna qaldığı yerdən davam edən sənət adamlarına bənzəyir. Məncə, eyni yaradıcılıq eşqinə sahibdi. Əsl sənətkar üçün tamamlanmış məhsul yox, yaradıcılıq prosesi önəm kəsb edir. O da sanki bütün fikrini işinə yönəldir, ancaq proses tamamlanıb, təqdimat üçün hazır olanda bütün marağı ölür".

Alman jurnalist Uli Köhler: "O, bizə xüsusi bir şeyi - unikal futbol tərzinə dair xatirələri miras qoyub getdi. "Bavariya" bir də belə futbol oynamayacaq və klub azarkeşləri bundan sonra heç vaxt bənzər bir şeyin şahidi olmayacaqlar". (Marti Perarnau - "The Evolution" kitabından bir parça)

 

 

Marti Perarnau - "The Evolution"

 

 

 

Rüfət Məcid

XƏBƏR LENTİ