"saxta 9"

Sayta qoyulub: 18:38 10.11.2018 (174 dəfə oxunub)

"saxta 9"


Daha öncə, Messinin "saxta 9" kimi ulduzlaşdığı və nəticədə "Barselona"nın "Real"ı 6:2 hesabı ilə məğlub etdiyi matçın pərdəarxası məqamları barədə bildiyim qədərini danışmışdım. Bir də detallı, mənbədən mövzunu oxuyun deyə düşündüm. Müəllif - Marti Perarnau, tərcümə mənlik, baş rollarda isə Pep Quardiola və Lionel Messi:

"Saxta 9 nömrə"nin tarixi Adolfo Pederneralı "River Pleyt"in "La Maquina" dönəminə qədər uzanır. Sözügedən mövqe ilə anılan/məşhurlaşan ilk isim isə 50-lərin əfsanəvi Macarıstanının üzvü - Nandor Hideqkuti idi. Sıraya Alfredo Di Stefano, Mikel Laudrup, Françesko Totti kimi futbolçuların adlarını da əlavə edə bilərik. Bununla belə, "saxta 9" 2009-cu ilin may ayının 2-nə qədər olan periodda adından əvvəlki qədər söz etdirə bilmirdi. Onun yenidən gün işığına çıxması isə Pep Quardiolanın adı ilə bağlıdı.

2 may, "Santyaqo Bernabeu" stadionu, "Real" "Barselona"ya qarşı. İki əzəli rəqib La Liqa titulu uğrunda mübarizə aparırdı. Katalon məşqçinin gizli silahını ortaya çıxarması üçün hər şey hazır idi.

Oyunun ilk 10 dəqiqəsi ərzində hesab açılmamışdı. Pep məhz həmin an baş hərəkəti ilə Eto'o və Messiyə işarə verdi. Bu, onların mövqelərini dəyişməli olduğu anlamına gəlirdi: hücumun mərkəzində oynamasına alışdığımız Samuel sağ cinaha keçməli, sağ vinger Leo isə mərkəzə yönəlməli idi. Ancaq Messi Eto'odan fərqli olaraq, daha dərində oynamalı, hücumçudan çox, hücuma meyilli yarımmüdafiəçi kimi çıxış etməli idi. Taktiki dəyişiklik baş tutduğu andan etibarən "Real"ın mərkəz müdafiəçiləri – Kristof Metselder və Fabio Kannavaro nə edəcəklərini, bu gedişə necə qarşılıq verməli olduqlarını bilmirdilər.

Kitab üçün araşdırma apararkən - 2013-cü ilin noyabrında Düsseldorfda Metselderlə yeməkdə bir araya gəlmək imkanım olmuşdu. O - heyranedici gün hələ də dünən kimi yadımdadı. Həmin matç barədə Kristofun fikirlərini öyrənmək istəyəndə belə cavab vermişdi: "Məncə, Pep ilk dəfə "saxta 9 nömrə"dən istifadə edirdi. Eto'onu sağa, Messini isə mərkəzə keçirmişdi. Fabio (Kannavaro) ilə bir-birimizə baxa-baxa qalmışdıq. Onu mərkəzə qədər izləyək, yoxsa geridə gözləyək? - nə edəcəyimizi bilmirdik. Leonun qarşısını almaq mümkünsüz idi".

"Saxta 9" Pep Quardiolanın müstəsna yeniliklərindən biri kimi tarix səhifələrində özünə yer tapacaqdı. Yox, bu anlayışı futbola o, gətirməmişdi, buna görə yox. Sadəcə, katalon çalışdırıcı Messi kimi bir futbolçu ilə sözügedən mövqeyə yenidən tərif vermişdi. Görəsən, bu prosesin pərdəarxasında nələr var? - bir az da bu barədə.

Oyundan bir gün öncə - may ayının 1-i, cümə günü. Quardiola rəqibi analiz etmək üçün stadionda qalmaq qərarına gəlmişdi. Bu, onun bilinən/adət halını alan rejimidi. İndilərdə "Bavariya"da da eynisini edir. Adətən Pep qarşılaşacaqları komandanı analiz etmək, zəif və güclü tərəflərini ortaya çıxarmaq üçün iki gününü sərf edir. O, matçların tamamını gözdən keçirməklə yanaşı, köməkçisinin onun üçün seçdiyi xüsüsi - parça halında videolara da tamaşa edir. Hazırda "Bavariya"da birgə çalışdığı Domenek Torren və Karles Planşar "Barselona" illərində də Quardiolanı bu tip informasiyalarla təmin edərdilər.

Pep matçlardan öncəki günləri ofisində keçirməyi sevir. O, həzin musiqinin müşayiəti altında oyuna yanaşmasını götür-qoy edir. Hansı nöqtədən rəqib müdafiəsini yarmağa çalışacaqlar?; Oyuna hökm etməyin ən yaxşı yolu hansıdı? – bu kimi suallara cavab axtarır, sanki ona vəhy gəlməsi üçün gözləyir. Quardiola 2011-ci ildə Kataloniya hökuməti tərəfindən qızıl medalla təltif olunduğu mərasimdəki çıxışında demişdi:

"Hər matçdan öncə özümü ofisimə kilidləyirəm. Qələm, kağız, mən və videolarım. İki-üç video izləyirəm, çoxlu qeydlər aparıram. Birdən ilham gəlir – həmin an peşəm mənim üçün, həqiqətən də, böyük məna kəsb edir. Bir göz qırpımındaca axtarışında olduğum şeyi tapır, oyunlardan necə qalib ayrılacağımın fərqinə varıram. Ola bilər ki, cəmi 1 dəqiqəmi alır, bəlkə də, 80 saniyəlik bir periodu əhatə edir, amma məhz o an işimin nə qədər anlamlı olduğunu dərk edirəm".

Sehrli saniyələri sözlə təsvir edərkən, çox güman ki, 2009-cu ilin 1 mayı da Pepin ağlının bir köşəsində canlanırdı - həmin, bütün dünyaya 17 matçdı məğlubiyyətin nə olduğunu bilməyən "Real"a qalib gəlməyin yeni yolunu hamıya göstərən anlar.

Quardiola komandalar arasındakı son iki görüşü izlədikdən sonra "Real”ın orta xəttinin - Quti, Fernando Qaqo və Royston Drentenin Şavi və Yaya Ture üzərindəki böyük təzyiqinin fərqinə varmışdı. Həmçinin katalon məşqçi rəqibin mərkəz müdafiəçiləri - Kannavaro və Metselderin, demək olar ki, İker Kasilyasın qapısının ağzında mövqe almalarının artıq tendensiyaya çevrildiyi mövzusunda da qərarlı idi. Yəni stoperlər və "Real"ın yarımmüdafiəçiləri arasında böyük boşluq yaranırdı.

Axşam saat 10 olardı, Pep ofisində təkbaşına idi. Hətta köməkçiləri də artıq evlərinin yolunu tutmuşdular. Sönük işıqlı otaqda Messinin "Real"ın yarımmüdafiəçilərini geridə qoyaraq həmin boş zonada rəqs etdiyini xəyal edirdi. Xəyalında Leonu, cərimə meydançası həndəvərində donub qalmış, argentinalını təqib etmək mövzusunda tərəddüdlər yaşayan Kannavaro-Metselder ikilisi ilə göz-gözə canlandırırdı. Görüntü şəffaf idi. Pep dərhal telefonuna əl atdı - nə məsləhətçilərinə zəng vurmaq fikri var idi, nə də komandanın beyni hesab olunan Şaviyə. Quardiola Messinin nömrəsini yığdı: "Leo, danışan Pepdi. İndicə önəmli bir şeyin şahidi olmuşam. Mümkündüsə, elə indicə bura gələ bilərsən?"

22:30-da qapı döyüldü, gələn 21 yaşlı Leo Messi idi. Məşqçi ona videonu göstərir, boşluq ortaya çıxan kimi videonu dayandırıb, həmin zonanı işarət edirdi. Futbolçusundan sözügedən bölgəni doldurmasını istəyirdi. Həmin andan etibarən artıq oranın adı - "Messinin bölgəsi" idi:

"Sabah Madriddəki matça adət etdiyimiz üzrə cinahda başlamağını istəyirəm. Sənə işarə verən kimi isə yarımmüdafiəçilərdən uzaqlaşıb indicə göstərdiyim zonaya yönələrsən. Belə bir şeyi sentyabrda "Sportinq Xixon"la oyunda yoxlamışdıq".

Bir anlıq geri dönək: Xixon, 21 sentyabr, 2018-ci il. "Barselona"nın baş məşqçisi qismində çıxdığı ilk liqa matçında "Numansiya"ya uduzan, ardınca "Rasinq"lə heç-heçəyə razı olan Quardiolanın klubdakı gələcəyi təhlükə altında idi. Pep yerli "Sportinq"lə görüşdə Eto'onu sağ cinaha çəkmiş, Messidən isə rəqibin yarımmüdafiə və müdafiə xətti arasında qərarlaşıb, "saxta 9 nömrə" kimi oynamasını istəmişdi. Argentinalı futbolçu aşağı yaş qruplarındakı oyunlarda bir neçə dəfə sözügedən mövqedə oynamışdı. Nəticədə qazanılan 6-1 hesablı qələbə ətrafa səs-küy salmaqla yanaşı, həm də Pepin Avropadakı hökmranlığının başlanğıcı olmuşdu.

İndi - 7 ay sonra baş məşqçi oyunçusuna yenidən eyni strategiyanı izah edirdi: "Şavi və İnyestanın xətləri yaran ötürmələrini qəbul etdikdən sonra birbaşa Kasilyasın qapısına doğru hərəkətlənməyini istəyirəm".

O günlük bu məsələ ikili arasında qalmalı idi. Yalnız bir gün sonra oteldə Pep Tito Vilanovaya bu barədə danışdıqdan sonra mövzu sirr olmaqdan çıxdı. Matçın start fitindən saniyələr öncə isə Quardiola Şavi və İnyestanı bir kənara çəkərək onları bu barədə məlumatlandırdı: "Leonu mərkəzdə xətlər arasındakı boşluqda görən kimi tərəddüd etmədən topu ona ötürün – Xixonda etdiyimiz kimi".

Plan mükəmməl şəkildə həyata keçirildi və "Barça" "Real"ı 6:2 hesabı ilə darmadağın etdi. Messi "saxta 9" kimi öhdəsinə düşəni etmişdi, Pep isə sevincdən uçurdu. Həmin oyundan sonra Quardiola sisteminə sadiq qaldı. Bu gün isə Frank Riberi "saxta 9" kimi debüt etməlidi..."

 

 

 

Rüfət Məcid

XƏBƏR LENTİ