Vüqar Nadirov klub yaradıb

Sayta qoyulub: 20:43 10.10.2018 (205 dəfə oxunub)

 

Vüqar Nadirov klub yaradıb
 
Bu yaxınlarda Region liqasında mübarizə aparan “Bakı” klubuna keçən Vüqar Nadirov müsahibə verib. Təcrübəli futbolçu həm seçimini izah edib, həm də aşağı dəstədəki vəziyyətdən danışıb. 

- Necə oldu ki, region liqasında oynamağa qərar verdin və “Bakı”ya keçdin?

- “Bakı” futbol klubunu Cavidan müəllimlə bir yerdə yaratmışıq. Məqsədimiz də odur ki, Premyer Liqaya qədər yüksələk. Fikrimiz çox ciddidir. Komandaya kömək etmək üçün əlimizdən gələni edirik. Yaxşı yerlərə gəlib çıxmaq istəyirik.

- İddialı klubların heç birindən təklif olmadığı üçün bu addımı atdın?

- Açığı, Azərbaycan klublarından heç biri təklif göndərmədi. Türkiyə və başqa ölkələrdən variantlar var idi, amma anlaşa bilmədik. Buna görə də getmədim. Buna məcburiyyət deməzdim. Həyatdır, hamının başına hər bir iş gələ bilər. Bura gəlməkdə məqsədim var. Bir işə girdimsə, axıra kimi onu görürəm. Çalışacağam ki, yaratdığımız komanda qabağa getsin.

- Region liqasinda oynamaq Vüqar Nadirov üçün nə deməkdir?

- Yenə deyirəm, klubu birlikdə yaratmışıq. Əlbəttə, karyeram olub, həm millidə, həm iddialı klublarda oynamışam. Amma həyatdır, nəyin necə olacağını əvvəlcədən bilmək olmur. Sıfırdan komanda yaratmışıq. Heç nə birdən-birə olmur ki. Hər şey düzələcək.

- Ümumiyyətlə, liqada şərait necədir?

- Ümumi şərait pis deyil. Çox komanda var, maraqlı oyunlar olur. Azarkeşlər də oyunlara gəlirlər. Regional liqadır, əsas odur ki, komanda çoxdur, matçlar maraqlı keçir.

- Adətən zəngin karyeraya malik futbolçular zəif klublarda və çempionatlarda oynamaqdansa, karyeralarını başa vururlar. Maraqlıdır, klubsuz qaldığın vaxtlarda belə bir fikir ağlından keçdimi?

- Yox, futbolu atmaqla bağlı ağlımdan heç nə keçmədi. Şükürlər olsun, gücüm var. Heç kimdən də zəif deyiləm. Futbolda belə şeylər olur. Heç vaxt heçkimə və heç nəyə yuxarıdan aşağı baxmamışam. Hər şey qabaqdadır. Heç kim gələcəyi bilə bilməz. İnanıram ki, bu komanda Premyer Liqaya çıxacaq. Hədəfimiz də məhz budur. 

- Region liqasinın oyunları zamanı meydana çıxanda pis olursanmı ki, haradan hara gəldim?

- Yox, niyə pis olum ki? Bu komandanı özümüz yaratmışıq.Arzumuz odur ki, komandanı Premyer Liqaya çıxaraq və bəhrəsini görək. Uşaqlar da hamısı elita təcrübəsi olan futbolçulardır. Bilirəm, iddialı komandalarda çıxış etmişəm, karyeram var. Amma mənim üçün burada oynamaq şərəfdir.

- Karyeranla bağlı sonrakı planların nədir?

- Bunu gələcək göstərəcək.

- Son olaraq, milli komanda ilə bağlı sual vermək istəyirəm. Uzun illər yığmamızın şərəfini qorumuş futbolçu kimi komandamızdan UEFA Millətlər Liqasının Farer adaları və Malta ilə oyunlarından nə gözləyirsən?

- Görünür ki, millidə vəziyyət yaxşı deyil. Hər iki oyunda qalib gəlməlidir ki, qrupdan çıxmaq şanslarını saxlasın. Farerlə səfərdə, Malta isə evdə oynayacağıq. İnanıram ki, bu iki oyunda 6 xal götürəcəklər.

XƏBƏR LENTİ