Emeqaranın verdikti: “Arsenal”la açıq futbol oynamaq “harakiri”di”

Sayta qoyulub: 08:17 04.10.2018 (104 dəfə oxunub)

Emeqaranın verdikti: “Arsenal”la açıq futbol oynamaq “harakiri”di”.

Bu gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində London “Arsenal”ını qəbul edəcək. Britaniya təmsilçisi cütlüyün favoriti olsa da, istənilən oyunda autsayder də şans yaxalayır. Sabahkı matçtda ilk növbədə kimdən qol gözləyə bilərik? Əlbəttə ki, İnnosent Emeqaradan! 

 

- İlk olaraq Portuqaliyada “Sportinq”dən alınan məğlubiyyəti xatırlayaq. Lissabondan xal gətirməyə nə mane oldu?
- “Sportinq”ə qarşı pis oynamadıq. Xüsusilə, ilk yarını qeyd edərdim. Ancaq nəzərə almaq lazımdı ki, Lissabonadək uzun – 7 saatlıq yol qət etdik. İstər-istəməz bu, yorğunluq yaradır. Məncə, qol buraxdığımız epizodda bir anlıq konsentrasiyamızı itirdik. Bunu da məhz yorğunluqla əlaqələndirərdim. Düşünürəm ki, ilk 45 dəqiqədəki konsentrasiyanı fasilədən sonra da qoruya bilsəydik, Azərbaycana ən azı 1 xalla qayıda biləcəkdik. Görək cavab qarşılaşmasında onlar 7 saat havada olduqdan sonra Bakıda özlərini necə hiss edəcəklər. Hesab edirəm ki, uzun yolçuluq onlara da öz təsirini göstərəcək.

 

- Ən real qol imkanlarını sən yaxaladın. Həmin epizodlarda fərqlənməyin üçün nə çatışmadı?
- Bir tərəfdən düzgün qeyd edirsiniz, ancaq məsələnin digər tərəfi də var. Əldə etdiyim imkanları yüzfaizli qol epizodu kimi qələmə verməzdim. Özüm də həmin vəziyyətin yaranacağını gözləmirdim, bu epizodlar ani yarandı. Ancaq dərhal müdafiəçilər də, qapıçı da mənə mane oldular, yaranan boşluğu bağladılar. Bir göz qırpımında qərar qəbul etməli idim və zərbə vurdum. Təəssüf ki, istədiyim kimi alınmadı. Sonradan təhlil etdikdə daha yaxşısını etməyin mümkünlüyü qənaətinə gəldim. Lakin heç də rahat, asan vəziyyət deyildi. Fasilədən sonra əldə etdiyim epizod da birinciyə bənzəyirdi. Dərhal ayağımın ucuyla zərbə endirmək qərarı verdim. Alınmadı. Ümid edirəm ki, qarşıdakı oyunlarda fərqlənə biləcəm. 

 

- İlk turda favoritlər – “Arsenal” və “Sportinq” gözlənilən qələbələri qazandılar. Doğrudanmı 1/16 final əlçatmaz görünür?
- Razılaşmıram. Həm “Arsenal”, həm “Sportinq” növbəti oyunlarda uğur qazanmaq üçün yaxşıca tər axıtmalıdırlar. Ümumiyyətlə, indi asan oyun yoxdu. Bəli, bu komandalar yüksək fərdi ustalığa sahib futbolçulardan ibarətdilər. Ancaq komanda şəklində əlçatmaz olduqlarını düşünmürəm. Götürək “Sportinq”i. İlk yarıda qapımız qarşısında heç bir təhlükə yarada bilmədilər. Ancaq “Vorskla”nı da siyahıdan silməzdim. Heç də pis komanda deyillər. “Arsenal” da, “Sportinq” də qarşıdakı oyunlara arxayın çıxacaqlarsa, növbəti mərhələyə yüksəlməyə də bilərlər. Əməlli başlı əziyyət çəkməlidilər. Nə bizə, nə də onlara asan olmayacaq.  

 

- Tarix də göstərir ki, İngiltərə təmsilçiləri ilə oyunlar olduqca ağır olur. “Arsenal”ın da əlavə təqdimata ehtiyacı yoxdu. Standart “məşqçinin tapşırıqlarını yerinə yetirsək”, yaxud “əzmkarlıq göstərməliyik” tipli açıqlamaları kənara qoyub, hansı komponentlərdə rəqibdən üstün olmalıyıq ki, Bakıda 1 xala sevinək? Ümumiyyətlə, bunu real sayırsanmı?
- Aydın məsələdir ki, bizi çox ağır 90 dəqiqə gözləyir. Diqqəti bir an belə oyundan yayındıra bilmərik. İdeal, mükəmməl oyun keçirməliyik. Kompakt şəkildə döyüşməliyik. İngilis komandaları həm sürətli, həm texnikalı futbolçulara malik olurlar. Üstəlik, “ikinci mərtəbə”. Düşünürəm ki, ilk növbədə yaxşı müdafiə olunmalıyıq. “Arsenal”la açıq futbol oynamaq “harakiri”di. Onlarla açıq futbola girişsən, qapında ən azı 5 top görərsən. Elə tək Obameyanq 4-5 futbolçunu aldadıb fərqlənmək potensialına malikdi. Yaxşı, kompakt müdafiə oluna bilsək, londonluların “səbr kasası”nın dolmasına nail olsaq, daha böyük qüvvəylə irəli atılacaqlar ki, belədə, rəqibin müdafiə xəttində yaranan boşluqlarlardan istifadə etmək şansımız olacaq. Ancaq bir daha qeyd edim ki, ingilislər istənilən səhvdən maksimum yararlanmaq potensialındadılar. Deməli, bir saniyə belə konsentrasiyanı itirməməliyik. Yalnız səhvsiz oynayacağımız təqdirdə, rəqibdən xal ala bilərik. Uğurlu nəticə istəyiriksə, hər kəs meydana pozitiv düşüncəylə çıxmalıdı.


- İkinci turdan sonra da xal ehtiyatınız artmasa, qalan 4 oyunda yalnız lokal – reytinq xalı qazandırılması barədə düşünəcəksiniz?
- Bu fikirlə razılaşa bilmərəm. İki oyunda məğlub olmaq dünyanın sonu demək deyil. Çünki qarşıda daha 4 oyun qalır və bu, potensial 12 xal deməkdi. Qarşıda daha 2 ev oyunumuz qalacaq. Səfərdə də daha bir sürpriz nəticə qazana bilmək şanslarımız var. Əllərimizi yanımıza salmaq olmaz. Hətta ilk 2 turdan sonra xal ehtiyatımız olmasa belə. Heç bir ümidsizliyə qapılmaq olmaz. Ona görə də sonadək mübarizə aparmaq lazımdı. Futbolda hadisələrin 180 dərəcə məhz turnirin sonlarında dəyişməsinə dair o qədər misal çəkmək olar ki. Hətta dünya çempionatında elə bir sürpriz komanda gündəmə gəlir ki, yarışdan öncə heç kimin yadına da düşmürdü. Qısası, 2 oyundan sonra xalsız qalsan da, ümidsizliyə qapılmamalısan, əksinə, sonadək döyüşməlisən! Qrupdan çıxmaq üçün 1 faiz şansımız olsa belə, bunun uğrunda sonadək vuruşacağıq.

 

 

Emeqaranın verdikti: “Arsenal”la açıq futbol oynamaq “harakiri”di”

 

 

Sport24.az

XƏBƏR LENTİ