Force İndia komandası Okondan imtina etməyə tələsmir

Sayta qoyulub: 06:29 24.09.2018 (86 dəfə oxunub)

Lourens Strollun başçılıq etdiyi konsorsium Force İndia komandasını müflisləşməkdən qurtardıqdan sonra hamı güman edirdi ki, tezliklə Ləns Stroll ağ kombinezonunu çəhrayı kombinezona dəyişəcək. Amma bu ssenarinin realizasiyası zamanı müəyyən çətinliklər üçə çıxıb…

F-1.az bildirir ki, bu keçidin əleyhinə əvvəlcə Mercedes qarşı çıxıb – Esteban Okonun müqaviləsində əsas rol oynayan almanlar təkid ediblər ki, komanda sürücü qarşısında öhdəliyini tam yerinə yetirməlidir, yəni fransalı sürücü mövsümü sona qədər başa vurmalıdır. Mercedes Okon üçün başqa komandada yer tapa bildiyi təqdirdə keçidin mümkünlüyünə işarə edib.

Almaniyada dərc olunan Auto Motor und Sport dərgisi yazır ki, əslində Force İndia da Estebanın xidmətlərindən imtina etməyə tələsmir. Komanda Mühəndislər Kubokunda 6-cı yer uğrunda mübarizədə McLaren-i qabaqlamaq istəyir, çünki 6-cı yer büdcənin daha 7 milyon dollar zənginləşməsi deməkdir. Hazırda Force İndia cəmi 26 xal geridədir və yerdə qalan 6 yarış ərzində bu fərqi aradan qaldırmaq mümkündür.

Amma hazırda komandada sürücü əvəzləməsi reallaşarsa, onun şansları kəskin azalacaq. Strolla maşın və komandaya öyrəşməsi üçün bir neçə yarış lazım gələ bilər. Bundan başqa, komanda Strollun səviyyəsinin Okondan yüskək olmasına tərəddüd edir…

XƏBƏR LENTİ