Milinkoviç: “Keşlə” məğlubiyyətə layiq idi”

Sayta qoyulub: 20:30 23.09.2018 (127 dəfə oxunub)

 
Milinkoviç: “Keşlə” məğlubiyyətə layiq idi”

“Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının 5-ci turunda “Sumqayıt”a evdə 1:2 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

 

Serbiyalı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib:

 

- Bu gün "Sumqayıt" daha yaxşı oynadı və qələbə qazandı. Bu münasibətlə rəqibi təbrik edirəm. Bizə gəlincə, problemlərimiz vardı və bu gün daha da artdı. Bir həftə əvvəl "Neftçi"yə 0:2 hesabıyla uduzsaq da, yaxşı oynamışdıq. Bu dəfə isə oyuna görə məğlubiyyətə layiq idik. Matçdan əvvəl futbolularımıza dedim ki, qalib gəlmək lazımdı. Oyunun ilk hissəsində əsəbilik, gərginlik vardı. Bunu qarşılaşmada hiss etdik. Çox da olmasa, uğurlu çıxış etdik və qol vuraraq fasiləyə 1:0 irəlidə yollandıq. Ancaq ikinci hissənin ilk dəqiqələrində vurulan qol oyunun istiqamətinin tamamilə dəyişdirdi və ortada çox boşluqlara səbəb oldu. Yaxşı ki, rəqib qol vurmadı. Heç-heçə də oynaya bilərdik, ancaq şansımızı əldən verdik. Bu, bizim üçün heç də yaxşı hal deyil. Oyunun sonunda iki futbolçunun toqquşması oldu. Ancaq başa düşmədim ki, niyə baş hakim oyunu dayandırmadı? Futbolçuların sağlamlığı oyundan daha vacibdi.

 

- "Keşlə"nin rəhbəri Zaur Axundovun dövründə 4-cü baş məşqçidi işləyirsiniz. İşinizə necə qiymət verərdiniz? Klub rəhbəri olsaydınız, belə nəticəsi olan baş məşqçini istefaya göndərərdiniz?
- "Keşlə" kifayət qədər böyük klubdu. Onun hazırkı nəticələri ürəkaçan deyil. Bilirəm ki, buna baş məşqçi məsuliyyət daşıyır. Təbii ki, Axundovla danışacağıq, görək necə olur. Bu, futboldu, hər şey olur. Bunu normal qarşılamaq lazımdı. Təbii ki, görünən mənzərə xoş deyil. İstəyirik ki, vəziyyəti yaxşılığa dorğu dəyişək. Bunun üçün çalışırıq. 

 

- Artıq 5 oyundu Andre Klennona start heyətində şans verirsiz, ancaq cəmi 1 qol vura bilib. Daha çox qol imkanlarını sağa-sola xərcləyir. Niyə Bahodir Nasinov, Amil Yunanova ilk dəqiələrdən şans vermirsiz?
- Klennonu, ümumiyyətlə, futbolçuları çox dəyişməyi sevmirəm. Çünki oyun sisteminə öz təsirini göstərir. Əlbəttə, Klennon "Neftçi"ylə matçda, indi də qol vəziyyətlərini əldən verdi. Bu dəfə üstəlik, qırmızı vərəqə aldı, deməli, növbəti turda oynamayacaq. 5 oyuna 1 vuran hücumçunu dəyişməyi artıq düşünürdüm. Klennon oynamayandan sonra mütləq başqa hücumçumuz start heyətdə yer almalıdı

 

 

- Əfran İsmayılovun cinahında niyə boşluq var idi?
- Əfranın "Qarabağ"da oyununu görmüşdüm. Kifayət qədər cəld futbolçudu, onu bağlamalı idilər. Bunu futbolçularımıza tapşırmışdım, öhdəsindən gələ bilmədilər. Nəticədə Əfran əvvəl məhsuldar ötürmə verdi, sonra özü fərqləndi. 

XƏBƏR LENTİ