"Qarabağ" və "Fənərbağça" arasındakı fərq

Sayta qoyulub: 09:54 15.08.2018 (335 dəfə oxunub)

"Əşi, o qədər pul aldılar keçən il. Bir yaxşı hücumçu tapmadılar”, "Rəşad Sadıqov getməsə, düzəlməyəcək, bütün günahlar ondadı”, "Qurban Qurbanov əvəzetmələri gec etdi. Nəyi gözləyirsən, onsuz da uduzuruq da”... və sair və ilaxır.
 
Hamı ittiham edir. Hamı özünə görə haqlıdı. Hərənin bir həqiqəti, bir inandığı var və onu söyləməkdə-yazmaqda azaddı. Zatən illərdi bunun həsrətindəyik. İctiami-siyasi həyatda düşündüyünü deyə bilməyən, heç düşünmək və demək istəməyən xalqımız futbol mövzusunda çox həssasdı, aqressivdi, güzəştə getməz. Olsun, qoy ürəklərimiz belə boşalsın.
 
Bəli, hamımız istəyirdik ki, "Qarabağ” BATE-ni yolundan kənarlaşdırsın, Hollandiya çempionu PSV Bakıya gəlsin. Ondan sonra da "Caps Lock”u buraxıb, qrup mərhələsində "Roma” və ya "Çelsi” ilə yenidən qarşılaşmağın sevincini yaşayaq. Bunu Qurban Qurbanov da istəyirdi, Rəşad Sadıqov da. Bizdən fərqli olaraq, onlar bu istəyin gerçəkləşməsi üçün təkcə sosial şəbəkələrdə yazmaqla, televizorda və ya stadionda futbola baxmaqla kifayətlənmir, gecə-gündüz çalışır, baş sındırır, məşqlər edirdilər.
 
Bir şeyə şübhəniz olmasın ki, ardıcıl ikinci il Çempionlar Liqasının qrupuna yüksəlməyi arzulamaqla çox şey istəyirdik. Bizim istədiyimiz qədər başqaları da istəyir axı. Özü də onlar təkcə istəmir, həm də bunun üçün akademiyalar tikir, futbol məktəbləri yaradır, futbolçu yetişdirir. Bunlar klub rəhbərliyinin və futbol funksionerlərinin işidi, bəli. Amma azarkeşin də öz üzərinə düşən vəzifəsi var. Dünyanın hər bir yerində azarkeş əvvəlcə o vəzifələri yerinə yetirir. Stadiona gəlir, bilet alır, forma alır, atribut alır, futbola baxmaq üçün telekanallara belə ödəniş edir.
 
Dünən "Benfika”nın Çempionlar Liqasından uzaqlaşdırdığı "Fənarbaxça”nın azarkeşlərinin etdiyi kimi. İstanbul klubunu keçən il Makedoniya "Vardar”ı Avropa Liqasından da "qovmuşdu”. "Fənərbaxça” Çempionlar Liqasında sonuncu oyununu 2008-ci ilin dekabrında Kiyev "Dinamo”suna qarşı keçirib. Bəli, 10 il bundan əvvəl. "Benfika”ya məğlubiyyət həm də o demək idi ki, bu seriya azı bir illiyinə də uzandı. Bu 10 il ərzində anadan olan uşaqlar məktəbə gedib, məktəblilər universiteti də bitirib, əsgərlər təxris olunub. Amma "Fənərbaxça” xərclədiyi milyonların qarşılığında Çempionlar Liqasının qrupunda oynaya bilməyib.
 
"Şükrü Saracoğlu” stadionunun 50 min azarkeş tutumu var. Bu stadion "Fənərbaxça”nın adi çempionat oyunlarında belə dolu olur. Özü də biletlərin əksəriyyəti mövsümlük, "futbol ili” başlamamış abunə şəklində satılır. Söhbət ciddi məbləğdə paralardan gedir. Hələ "Fenerium”ların gündəlik dövriyyəsi, klub üzvlərindən toplanan ianələr, yardımlar. Bütün bunlara rəğmən "Fənərbaxça” keçən il "Vardar”la, bu ilə isə "Benfika” ilə oyunlara faktiki nominal hücumçu olmadan çıxmışdı. O boyda milyonların qarşılığında 111 yaşı olan klub zamanında bir normal hücumçu transfer edə bilmir. Çünki bu futboldu, onun da öz qanunları, öz qaydaları var. Olmayanda olmur. Təkcə istəməklə, pul xərcləməklə deyil ki.
 
Biz isə düşmüşük "Qarabağ”ın üstünə ki, keçən il Çempionlar Liqasının qrupunda oynadığınıza görə qazandığınız pulları nə üçün transferlərə xərcləmirsiz. "Fənərbaxça” 10 ildi ÇL-də qrup görmür, "Qarabağ”ın "Roma” ilə qarşılaşmasından isə heç bir il keçməyib. Əmin olun ki, Avropa Liqasının qrupunda oynamaq, bununla da ardıcıl beşinci dəfə avrokuboklarda qrup mərhələsinin iştirakçısına çevrilmək Azərbaycan çempionu və futbolumuz üçün böyük uğur sayılacaq.
 
Özü də bu il Avropa Liqasında qruplara qalıb, daha sonra "play-off”a qatılmaqla yeni bir ilkə imza atmış olarıq. Bu da "Qarabağ” və bizim üçün daha bir motivasiya.
 

 

Amal ABUŞOV
 
 
sport7.az

XƏBƏR LENTİ