Mütəxəssislər "Qarabağ"ın cavab görüşü ilə bağlı nikbindir

Sayta qoyulub: 08:52 12.08.2018 (526 dəfə oxunub)

 

Mütəxəssislər "Qarabağ"ın cavab görüşü ilə bağlı nikbindir

“Qarabağ”ın Çempionlar Liqasının üçüncü mərhələsində BATE ilə qarşılaşacağı məlum olunca, çoxları “köhlən atlar”ın asanlıqla pley-offa adlayacağını düşünürdü. Ancaq srağagün “Tofiq Bəhramov”da baş tutan qarşılaşma bir daha göstərdi ki, Belarus təmsilçisini siyahıdan silənlər, rəqibə yuxarıdan aşağı baxanlar fikirlərində yanılıblar.

Aleksey Baqanın komandası təmsilçimizi məyus edərək, Bakıdan qələbə ilə dönməyi bacardı.

 

Düzdü, Qurban Qurbanovun yetirmələrini hələ cavab görüşü gözləyir. Necə deyərlər, hələ ki döyüş uduzulub, müharibə yox. “Köhlən atlar” toparlanıb Borisovda baş tutacaq oyunda sərfəli nətizə qazanmaqla bizi yenə sevindirə bilər. Ancaq ilk qarşılaşmada qeydə alınan nəticə həyəcan siqnalı olmalı və ağdamlılar birinci oyundan dərs çıxarmalıdı.
Bəs görəsən, mütəxəssislər ilk qarşılaşma haqda nə düşünürlər, cavab görüşü ərəfəsində ağdamlıların şanslarını necə dəyərləndirirlər? 

 


Ağasəlim Mircavadovun fikrincə, Borisovda “köhlən atlar”ı çətin sınaq gözləyir: “Dünən (srağagün) iki fərqli hissəyə tamaşa etdik. İlk yarıda mənə elə gəlir, “Qarabağ” daha çox kəşfiyyat aparıb rəqibin zəif nöqtəsini tapmaq istəyirdi. Bu üzdən oyuna bir qədər ehtiyatlı başladılar. Yeri gəlmişkən, vurğulayım ki, belaruslar “Qarabağ”ı çox yaxşı təhlil etmişdilər, üstün və zəif cəhətlərini bilirdilər. Çox intizamlı komanda təsiri bağışlayan BATE ilk hissədə lazım olan qolu vurub fasilədən sonra hesabı qorumağa üstünlük verdi. Qurban Qurbanovun komandası da bundan istifadə edib irəli atıldı. Bizimkilər hücumların kəsərini artırınca, rəqibin müdafiəsində boşluqlar yaranırdı. Bu da onu göstərir ki, BATE-nin arxa xətti heç də keçilməz deyil. Məni ən çox təəccübləndirən qonaqların ilk hissədə “Qarabağ”a pressinq tətbiq etməsi oldu. Ola bilsin, bu da onların taktikasıdı. Birinci zonada fəal olduqlarından bizimkilər bir qədər özlərini itirmişdilər, müdafiədən hücuma keçməkdə çətinlik çəkirdilər. Ümid edirəm ki, ilk görüşdən sonra Qurban müəllim rəqibi daha yaxşı tanıdı və səfərdə uğur qazanmaq üçün yetirmələrinə lazımi tapşırıqları verəcək. Ancaq onu da bildirim ki, Borisovda keçiriləcək görüş “Qarabağ” üçün heç də asan olmayacaq. Ucaboy futbolçulardan qurulmuş BATE standart vəziyyətlərdən maksimum yararlanmağa çalışacaq. Bunun qarşısını almaq üçün isə cərimə meydançasının yaxınlığında qaydanı pozmamaq, künc zərbələri zamanı diqqətli olmaq lazımdı. Topla rəftarda “Qarabağ” onlardan çox üstündü. Bir qədər də sürətli oynasalar, istədiklərinə nail ola bilərlər. Bakıdakı qarşılaşma da göstərdi ki, temp yüksələn kimi BATE-nin oyunçuları səhvlərə yol verirlər. Və sonda ən vacib məqama toxunmaq istəyirəm. Təmsilçimizə erkən qol lazımdı. Belə olan təqdirdə rəqib də açıq oynamağa başlayacaq. Əks halda, müdafiəyə çəkilib ətdən çəpər quracaqlar ki, onu da yarmaq çox çətin görünür. BATE-də fiziki cəhətdən seçilən müdafiəçilərlə yanaşı, səviyyəli qolkiper də var”. 

 


Yunis Hüseynov isə bunları dedi: “İlk görüşdə “Qarabağ” minimal hesabla yenilsə də, şanslar 50-nin 50-yədi. Fikrimcə, Qurban Qurbanovun komandası səfərdə Bakıdakı görüşün ikinci hissəsinin davamını gətirməlidi. Məhz belə olacağına da inanıram. BATE-nin müdafiəçiləri fiziki cəhətdən nə qədər hazırlıqlı olsalar da, uca boyları ilə seçilsələr də, topla rəftarları zəifdi. Qurban müəllimin sərəncamında isə texniki ustalıq səviyyəsi yüksək olan oyunçular var. Onlar cərimə meydançasında bir qədər “dişli” olsalar, rəqibi səhv etməyə məcbur edəcəklər. Bu nüansdan yararlanmaq mümkündü. Bir də cavab görüşündə ehtiyatı əldən vermək olmaz. BATE-nin əsas silahı əks-hücumlardı. İstər HİK, istərsə də “Qarabağ” ilə görüşdə bir daha bunun şahidi olduq. Yəqin ki, birinci oyundan sonra Qurban müəllim rəqib barədə ətraflı informasiya toplaya bildi və yetirmələrini lazımınca təlimatlandıracaq”. 

 “Sumqayıt”ın sabiq çalışdırıcısı Samir Abasov cavab görüşü ərəfəsində nikbin fikirlər səsləndirdi: “BATE-nin “Qarabağ”dan üstün olduğunu düşünmək səhv olardı. Sadəcə, bir səhv, əks-hücumda yaxalanmaq və istifadə edilməyən qol imkanları məğlubiyyətə gətirib çıxardı. Matçdan sonra Qurban Qurbanovun, futbolçuların açıqlamaları da göstərir ki, “Qarabağ” “sınmayıb”. Qarşıda 2-ci oyun var. Məğlub olmasına baxmayaraq, təmsilçimizin hələ də şansı qalır. Komanda niyə belə oynadı? “Qarabağ”ı qınamalı bir şey yoxdu, heyətdə xeyli yeni futbolçu var. Məşqçinin öz ideyası, oyun üslubu olur. “Qarabağ” illərdi bu cür oynayır. Bilirsiz ki, hər futbolçu Azərbaycana gəlmək istəmir. Yeni gələnlərin də “Qarabağ”ın oyun üslubuna uyğunlaşmaq üçün zamana ehtiyacı var. Bu görüş ərəfəsində “Qarabağ” BATE-ni o qədər də yaxından tanımırdı. Bakıdakı 90 dəqiqədə belə imkanı oldu. Düşünürəm ki, səfərdə tam fərqli komanda görəcəyik. Qurban Qurbanovun oyundan sonra dedikləri göstərir ki, o, özü də cavab matçına nikbin baxır. Bu isə bizi hardasa rahatlaşdırır. İnanırıq ki, “Qarabağ” BATE-ni keçə bilər. Amma bunu necə edəcəyini, inanın ki, mən deyə bilmərəm. Bilirəm ki, hazırda komandada çox çətin bir dönəmdi. Bunu da yeni futbolçularla əlaqələndirərdim”. 

 

Futbol+ qəzeti

XƏBƏR LENTİ