Manuel Estiarte kimdi?

Sayta qoyulub: 08:16 30.07.2018 (759 dəfə oxunub)

Manuel Estiarte kimdi?

 

Quardioladan bəhs edəndə tez-tez dostu/köməkçisi Manuel Estiartenin adını çəkmişəm. Tarixin ən güclü su poloçularından biri hesab olunan Manu, buna baxmayaraq, adətən, yazılarda arxa plan qəhrəmanlarından biri kimi görünür. Bu səfər isə baş rolda o var. Manuel Estiarte kimdi?; Quardiola ilə tanışlığı necə olub?; Pepin uğurlarında nə kimi rolu var? - futbolla əlaqəsi olmayan birinin bu idman növünə adaptasiyası sizə maraqlıdısa, Billi Mandeyin "These Football Times" üçün qələmə aldığı, mənim isə iki-üç ay öncə "Apasport" üçün tərcümə etdiyim bu yazıya göz gəzdirə bilərsiz:

"Bəyənsəniz də, bəyənməsəniz də Pep Quardiola müasir dönəmin ən uğurlu məşqçilərindən biridi. Çalışdığı hər üç ölkədə ona uğurlar qazanmaqda yardımçı olmaları üçün müxtəlif köməkçilərlə/futbol mütəxəssisləri ilə iş birliyi edib. Ancaq onlardan sadəcə biri – Manuel Estiarte başından bəri Quardiolanın yanınadı.

“Barselona” Roma Olimpiya Stadionunda, “Uembli”də Çempionlar Liqası titullarını kolleksiyasına əlavə edəndə, “Bavariya” ilə ardıcıl üç Bundesliqa zəfəri yaşayanda Pepin yanında o var idi. İndi də vəziyyət fərqli deyil: bu səfər “Mançester Siti” ilə İngiltərə çempionu qismində qarşımızdadılar. Quardiolanın digər davamçılarından fərqli, futbolla heç bir əlaqəsi olmayan Estiartenin maraqlı həyat hekayəsi var.

Həyatının son 10 ili futbol meydançaları ilə bağlı olsa da, Estiartenin ömrünün böyük hissəsi hovuzda keçib. Hələ 15 yaşı olarkən ilk dəfə yığmaya çağırılıb, üç il sonra isə o, artıq kapitan idi. “Suyun Maradonası” kimi tanınan Manu 20 il İspaniyanın kişilərdən ibarət su polo millisinə kapitanlıq edib. Həmçinin Yay Olimpiya Oyunlarında ondan daha çox iştirak edən başqa bir ispan idmançıya rast gələ bilməzsiz. Estiarte Moskvada keçirilən 1980-ci il Olimpiadasında hamıdan çox fərqlənməklə turnirə damğa vurmuşdu. Əvəzində, üçüncülük uğrunda matçda məğlub olan İspaniya millisi ölkəyə medalsız qayıtmışdı.

O zaman gənc Pep Quardiola Avropadakı milyonlarla insan kimi, peşəkar futbolçu olmağın xəyalını qururdu. Estiarte Los-Ancelesdə karyerasının ikinci Yay Olimpiya Oyunlarına qatılmış, həmin dönəmdə isə Quardiola “Barselona”nın məşhur “La Masiya” akademiyasına qoşulmuşdu. Hadisələrin davamı olaraq, Manu turnirin ən məhsuldar oyunçusu qismində vətəninə qayıtsa da, bu səfər də arzusunda olduğu qızıl medalı boynundan asa bilməmişdi.

İdmandakı zəfərlər və uğursuzluqlarla müqayisədə, tərəzidə daha ağır gələn şeylər var idi. Los-Anceles Olimpiadasından bir il sonra Estiartenin bacısı – Roza qardaşının gözü qarşısında intihar edir. Roza Estiartenin böyük bacısı idi. Uşaqlıqda Manunun qeydinə məhz o qalardı. Odu ki, Estiarte üçün faciəni üzərindən atmaq heç də asan olmadı.

O, bioqrafiyasında – giriş sözü Quardiolaya məxsusdu – həyatının bu çətin periodundan bəhs edir. Kədərli hadisələrə baxmayaraq, Estiartenin idmançı karyerası yüksəlişdəydi. O, yenidən Olimpiadanın ən məhsuldar idmançısıydı. Buna baxmayaraq, İspaniyanın adı Seul-1988-də də medalçılar sırasında yox idi.

80-ci illərdə Estiarte dünya polosunda hökmranlıq etməsinə baxmayaraq, Olimpiada və dünya çempionatları titullarına yaxın düşə bilmirdi. Futbol diliylə desək, baş verənləri Lionel Messinin dünya çempionatları və Amerika kuboklarında yaşadığı uğursuzluqlarla müqayisə edə bilərsiz. Quardiola isə artıq “Barselona”nın əsas heyətinin ayrılmaz parçalarından birinə çevrilmişdi. Dayaq yarımmüdafiəçi kimi oynayan Pep artıq “futbol yetkinliyi”nə çatmışdı.

1991-ci ildə “Barselona” 6 il sonra ilk dəfə La Liqanın qalibi olanda komandada Quardiola da var idi. Məhz elə həmin il Quardiola və Estiartenin yolları kəsişir. Manu yurddaşını çempionluq münasibətilə təbrik etmək üçün şənliklərə qatılır və beləliklə, onlar tanış olurlar. Öz sahələrinin zirvəsində olan bu iki idmançının arasında dərhal bağ yaranır və onlar karyeraları ərzində əlaqəni kəsmirlər.

Tanışlıqlarının üzərindən bir il keçmişdi, hər ikisi karyeralarının ən önəmli ilinə qədəm qoymuşdu. Barselona 1992-ci ildə keçirilən Yay Olimpiya Oyunların ev sahibliyi edir və “Uembli”də “Barselona” ilə Çempionlar Liqası zəfəri yaşayan Quardiola açılış mərasiminə Manuel Estiarte ilə birlikdə qatılır.

Estiarte başda olmaqla, katalonlardan təşkil olunmuş kişi su poloçulardan ibarət İspaniya yığmasının üzərində böyük təzyiq var idi. Buna komandanın bir il öncə keçirilən dünya çempionatında gümüş medal qazanması səbəb olmuşdu. Təzyiqə baxmayaraq, İtaliya və Macarıstanı qabaqlayan ispanlar qrup lider kimi növbəti mərhələyə vəsiqə qazanıb, orda isə ABŞ-ı məğlub edirlər. Beləliklə, onlar ilk dəfə Olimpiadada finala yüksəlirlər.

Kapitanı Quardiola olan futbol yığması isə Valensiyada çıxışını uğurla davam etdirirdi. Qrup mərhələsinin ardından İtaliya və Qananı da məğlub edərək finala yüksələn ispanlar o günə qədər qapılarında qol görməmişdilər. Olimpiadanın sonluğu dostlardan biri üçün ekstaz, digəri üçün isə iztirabla dolu olacaqdı.

İspaniyanın gəlmiş-keçmiş ən güclü su poloçusu hesab olunan Manuel Estiarte son dəqiqədə qazanılan penaltini qola çevirməklə ilk Olimpiya qızılını qazanmağa çox yaxınlaşmışdı. Ancaq son saniyələrdə hesabı bərabərləşdirən İtaliya əlavə vaxtda qalib gəlməklə, bu dəfə də onun arzularını puç edir. Estiartenin oyundan sonrakı göz yaşları kameraların diqqətindən yayınmamışdı. Bir həftə sonra final matçını “Kadis”in futbolçusu Kikonun son dəqiqədə vurduğu qol sayəsində qazanan Quardiolalı futbol yığması isə “Kamp Nou”da qızıl medallara sahib çıxmışdı. Növbəti illərdə Yohan Krayfın rəhbərliyi altında ardıcıl 4 İspaniya çempionluğu yaşayan Pep üçün işlər qaydasında gedirdi.

1994-cü ildə oynanılan və “Milan”ın qələbəsiylə yekunlaşan Çempionlar Liqası final matçından sonra bu səfər ikincilik medalını boynundan asan Quardiola idi. Hovuzda isə Romada keçirilən dünya çempionatının finalında yerli İtaliyaya uduzan İspaniya və təbii ki, Estiarte növbəti gümüş medalını qazanmışdı.

Mövzu böyük idman turnirləridisə, İtaliya həmişə İspaniyanın başına bəla olur. ABŞ-da keçirilən futbol üzrə 1994-cü il dünya çempionatında da vəziyyət fərqli deyildi: ¼ finalda “matadorlar”ın qarşısını kəsən məhz italyanlar idi. Krayf “Barselona”nı tərk etdikdən iki il sonra atletlər bu səfər Olimpiadada iştirak üçün ABŞ-ın Atlanta şəhərinə toplaşırlar. Onların sırasında Estiarte də var idi.

35 yaşlı poloçu karyerasının son bölümünə qədəm qoymuşdu. Bu səbəbdən də, onun əsas titulu qazanmaq ehtimalı o qədər də yüksək qiymətləndirilmirdi. Qrupda Yuqoslaviya və Macarıstana uduzmalarına baxmayaraq, mərhələ adlayan ispanlar əvvəlcə amerikalı həmkarlarına güclərini göstərəcək, sonra isə macarlardan qrupdakı məğlubiyyətin intiqamını alacaqdılar. Böyük turnirlərdə İtaliya qarşısında alınan iki önəmli məğlubiyyətdən ardından, ispanlar bu səfər Xorvatiyanın İtaliyanı yarımfinalda məğlub etməsi sayəsində sanki rahatlamışdılar. Nəticədə, Estiartenin səyləri nəticəsində Xorvatiyanı məğlub edən İspaniya nəhayət ki, poloda ilk qızıl medalını qazanır. Zirvədə keçən bir neçə titulsuz ilin ardından Estiarteli İspaniya qalib idi.

Hər kəs arzusuna çatan veteranın turnirdən sonra karyerasını bitirəcəyini gözləsə də, Estiarte daha artığını istəyirdi. Daha 4 il yığma komandaya kapitanlıq edən Manu əvvəlcə 1998-ci ildə milli ilə ilk dəfə dünya çempionatını qalibi olacaq, 2000-ci ildə isə İspaniyanın bayraqdaşıyanı qismində Sidney Olimpiadasında qarşımıza çıxacaqdı. İdman tumanını və şlemini asılqandan asdıqdan sonra isə Manuel Beynəlxalq Olimpiya Komitəsinə üzv olur və öz biliyini və təcrübəsini onlarla bölüşür. Dostu – Pep Quardiola – ondan kömək istəyənə qədər bu, belə davam edir.

“Barselona B” ilə uğur qazanan Pep Quardiola 2008-ci ildə əsas komandaya baş məşqçi təyin olunur. Sabiq yarımmüdafiəçinin ilk təşəbbüsündə ona öncüllük edəcək birinə ehtiyacı var idi. Bu isə Manueldən başqası deyildi. Quardiolaya qərarvermə prosesində yardımçı olan Estiarte həmçinin texniki heyət və oyunçulardan da dəstəyini əsirgəmirdi.

Digər bacarıqları ilə yanaşı, Quardiola onu “bədən dilinin oxuyucusu” kimi tərif edir və deyir ki, bütün dahilər bu özəlliyə/intiusiyaya sahibdilər. İnqilabi topa sahib olma oyunu Quardiolaya istər yerli, istərsə də Avropa arenasında uğurlar qazandırsa da, görünən odu ki, dünyanın ən güclü klublarından birinin pərdəarxasında Manuel Estiarte ismi olduqca böyük rol oynayırdı. Şəxsi təcrübəsindən istifadə etməsi, zəfərləri və uğursuzluqları barədə hekayələri bölüşməsi onu digər köməkçilərdən fərqləndirən cəhətlərdi.

Quardiolanın dönəmində “Barselona”nın titul kabineti 2 Çempionlar Liqası, 3 La Liqa və saysız-hesabsız digər kuboklarla dolub-daşdı. 2012-ci ildə Çempionlar Liqasının yarımfinalında “Çelsi”yə uduzduqdan və La Liqada Mourinyunun “Real”ının gerisinə düşdükdən sonra Quardiola klubun "qızıl erası"ndaca ayrılmaq qərarına gəldi.

Pepin etimad göstərdiyi köməkçisi onu Almaniyada da təqib etdi və onlar birlikdə ardıcıl 3 dəfə Bundesliqa çempionluğu yaşayarkən, hər dəfə ən yaxın rəqiblərinə minimum 10 xal fərq atmağı bacardılar. Quardiolanın Premyer Liqanın yolunu tutmasından sonra isə “Bavariya”, sabiq məşqçinin irsi vasitəsilə “xanədanlığ”ını daha da gücləndirdi. “Barselona"nın da eyni üsullarla daha bir neçə uğura imza atmasını qeyd etmədən keçmək olmaz.

Pep Quardiolanın çalışdığı klublar üzərindəki təsiri danılmazdı, ancaq eyni zamanda, Manuel Estiartenin futbolun ən böyük beyninə bir neçə yöndən təsir etdiyi də ilk baxışdan aşkardı. İngiltərə futbol tarixinin ən erkən çempionluqlarından birini yaşayan “Mançester Siti” hələ irəlidəki illərdə də onun məsləhətlərindən faydalanacaq.

Quardiolanın, su polosu ilə məşğul olan, "beyin oxuyan", məsləhət verən köməkçisi Estiarte, heç şübhəsiz ki, onun məşqçilik karyerasını şəkilləndirən və xarakterini formalaşdıran isimlərin başında gəlir. Pep Quardiola taktika ustası ola bilər, Manuel Estiarte isə həyat koçudu".

 

 

 

Rüfət Məcid

XƏBƏR LENTİ