Leo Messi 31!

Sayta qoyulub: 15:29 24.06.2018 (355 dəfə oxunub)

Leo Messi 31!

 

Leonun 31-ci doğum günündə sual-cavabı bir də paylaşmaq yerinə düşər. Həyatının gedişatı, seçimləri ilə bağlı sizə maraqlı ola biləcək bir neçə şeyin cavabı burda var. Sonuncu sualın cavabı isə bu günlərdə/hər xırda uğursuzluqda üzərinə bu qədər getmənin fonunda daha da anlam qazanır. O da ən az sizin qədər istəyir. Mənim üçün oyunçu dəyərləndirməsi baxımından, mundialın qazanılması heç bir şeyi həll etməyəcək, ona görə bu mövzunu çox önəmsəmirəm, ancaq Messiyə doğum günündə ən böyük xəyalını gerçəkləşdirməkdən (bəlkə də, 4 il sonra?) başqa bir şey də diləyə bilmərəm :)

Sual-cavab: Messi

- Həyatının ən çətin anları?

- Argentinadan İspaniyaya köçmək. Doğulub-böyüdüyüm yeri tərk etmişdim, dostlarımdan/yaxınlarımdan ayrılmışdım. Xüsusuilə də ilk illər ağır idi. Mən və atam Barselonada olduğumuz halda, ailənin geri qalan hissəsi Rosariodaydı - belə günlər olub. Əziyyət çəkirdik. Matias, Rodriqo, balaca bacım və anam üçün darıxırdım. Atam məni görməsin deyə, evdə gizlincə ağlayırdım.

- Bəs ən xoşbəxt anların?

- "Barselona" və Argentina yığmasıyla titul qazandığım günlər.

- Qazandığın "Qızıl top" mükafatlarını bura aid etmirsən?

- İndividual mükafatlar sevdiyim insanları xoşbəxt edir. Onlar ailəmin mənim üçün etdiyi fədakarlıqların qarşılığıdı. Şəhərin/ölkənin bütün əhalisini sevincə boğan titullar isə daha dəyərlidi. Onlar misilsizdilər.

- Sən artıq kralsan...

- Elə eyni adamam, sadəcə, möhtəşəm komandanın bir parçası olduğum üçün şanslıyam.

- Bir az keçmişə qayıdaq. Futbolla bağlı ilk xatirən?

- Lap keçmişə qayıdacam. Afi liqası çərçivəsində Qrandolidə "Amaneser"ə qarşı oynayırdıq. Hamı onları ən güclü komanda hesab edir, çempion kimi görürdü. Bütün ailəm oradaydı. Və mən 4 qol vurdum. Onlardan biri çox gözəl alınmışdı.

- Futbolu niyə çox sevirsən?

- Bilmirəm. İlk başda, hamı kimi, mən də uşaq sevgisiylə futbola bağlanmışdım. Hələ də davam edir.

- Böyümə problemlərin və boyun inkişafına necə təsir etdi?

- Uşaq idim, hər gecə ayağıma vurulan iynə xaricində, nələrin baş verdiyi barədə heç bir fikrim yox idi. Ancaq balaca olmağım sayəsində topa daha yaxşı nəzarət etməyi və daha cəld tərpənməyi öyrəndim. Beləcə, iri futbolçulara rəğmən, topu özümdə saxlaya bilirdim.

- Ən yaxşı xatirələrindən bəhs edəsi olsaq, hansı oyunlar ilk təsəvvüründə canlanar?

- Çempionlar Liqasında "Çelsi"ylə oynadığımız, "Real"a qarşı üç qol vurduğum derbi, təbii ki, U-20 Dünya çempionatının finalı və Pekində Braziliyayla oynadığımız yarımfinal matçı.

- Ən gözəl qol?

- İndi ağlıma gələn... Romada vurduğum qol. Hə, bir də "Estudiantes"ə qarşı olan.

- Bəs "Xetafe"yə vurduğun?

- Düzdü, o da gözəl idi.

- Səncə, "Xetafe"yə vurduğun qolu karyeranın ən gözəl qolu hesab edə bilərikmi?

- Bəlkə də. Ancaq uşaq olanda - 10-11 yaşlarımda "Nyuells"də oynayanda ona bənzər çox qol vurmuşam. Evdə videoları qalır.

- Elə təxminən o yaşlarda səndən favorit futbolçunu soruşanda, qardaşın Rodriqo və əmin oğlu Maksinin adını çəkmişdin. Futbolda kumirin varmı?

- Yox, heç vaxt favorit futbolçum, ya da kumirim olmayıb. Sadəcə, böyüdükcə Pablo Aymara bənzəməyə başladım; onun oyun tərzinə heyran idim. Sonunda - "Valensiya"ya qarşı oynayanda ondan forma istəmək şansı əldə etdim.

- Bəs Maradona?

- O, ən yaxşıdı.

- Düzdü ki, atan sənin üçün Maradonanın gözəl hərəkətlərindən ibarət videokaset alıbmış?

- Dieqonun vurduğu qolları bir neçə dəfə izləmişəm, ancaq kaseti mənə kimin verdiyini xatırlamıram.

- Səni Maradonayla müqayisə etmələri, onun vəliəhdi adlandırmaları necə hissdi?

- Özümü xoşbəxt hiss edirəm, ancaq mən hələ heç nə etməmişəm. Hələ inkişaf etməliyəm, öyrənməliyəm. Hər gün daha da yaxşı futbolçu olmaq üçün çalışıram. Bundan əlavə, Dieqonun tayı-bərabəri yoxdu. Başqa bir Maradona olmayacaq.

- "Barselona"?

- 11 ildi ki, buradayam. "Barselona"da xoşbəxtəm. 13 yaşım olanda mənə şans verdilər. Əsas komandada oynamaq istədim və bacardım. Komandaya titullar qazanmaq hədəfim var idi, ona da çatdım. Ancaq komanda yoldaşlarım olmadan bir heç olduğumu heç vaxt unutmayacam.

- Argentina millisi?

- Millinin formasını geymək başqa bir şeydi. Minlərlə km. uzaqda olsam da, hər oyunda yanlarında olmaq və insanlara xoşbəxtlik bəxş etmək istəyirəm. Utandırıcı haldı ki, Cənubi Afrikada bunu bacarmadıq.

- Şan-şöhrət içində yaşamaq necədi?

- Bu haqda düşünmürəm. Sadəcə futbol oynamaq barədə fikirləşirəm. Əvvəl necə yaşayırdımsa, indi də elə. Dəyişən bir şey var: ailəmlə birlikdə Rosarioda gəzməyə çıxmaq istəyirəm, ancaq Barselonadayam deyə bunu edə bilmirəm.

- Düzdü ki, şan-şöhrət sənin ağlını başından almayıb?

- Hə, ayağım hələ də yerdədi. Haradan gəldiyimi unutmamışam.

- Elə çıxır ki, pul həyatını dəyişdirməyib?

- Əvvəl necəydimsə, indi də elə. Dəbdəbəli şeylərə pul xərcləyən insanlardan deyilik.

- Karyeranı bir kənara qoyaq. Anan istəyir ki, tezliklə ailə həyatı qurasan...

- Bu barədə həmişə danışır. Onun üçün önəmli olan mənim xoşbəxtliyimdi. Ancaq məncə, ailə barədə düşünmək üçün hələ çox gəncəm.

- Ancaq sevgilin var, elədi?

- Hə (üzü qıpqırmızı rəng alır).

- Utancaqsan...

- İndi hələ bir az düzəlmişəm.

- Bu utancaqlıq sənə kimdən keçib?

- Matias mənim kimidi, atam da beləydi, anamla Rodriqo isə tamamilə fərqlidilər.

- Özünü 15-20 il sonra harada görürsən?

- Ailəmlə birlikdə Rosarioda yaşayarkən. Həmişə ailəmə yaxın olmaq istəmişəm.

- Ailə sənin üçün hər şeydi, hə?

- Valideynlərimə və bacı-qardaşlarıma çox şey borcluyam. Onlar yaxşıdılarsa, deməli, mən də yaxşıyam.

- Ən sevdiyin CD?

- Kumbiya tərzindəki musiqilər, ancaq konkret qrup seçə bilmərəm.

- Favorit filmin?

- "Son of the Bride" və "Nine Queens". Rikardo Darin sevimli aktyorumdu. Nənəm "Son of the Bride" filmindəki baş qəhrəmana bənzəyirdi: onun etdiklərini təkrarlayardı, hə, o da Altsheymer xəstəliyindən əziyyət çəkirdi.

- Hədəfin?

- Daha çox titul qazanmaq.

- Qalib gəlməyi çox xoşlayırsan...

- Qələbə qazananda xoşbəxt olursan, uduzanda isə həmişə özünü bərbad hiss edirsən. Harada, hansı formada səhv etdiyini düşünmək üçün zamanını sərf edirsən. Hələ lap balacalıqdan bəri uduzmağı sevmirəm.

- Son olaraq, xəyalın?

- Argentina millisiylə dünya çempionatının qalibi olmaq.

P.S. Bu parça Luka Kayolinin Messi haqqındakı kitabından götürülüb. Müsahibə zamanı Leonun 24 yaşı var idi.

 

 

 

 

 

Rüfət Məcid

XƏBƏR LENTİ