Kamran Quliyev: "Tərlan Əhmədovla yola birgə davam edə bilməzdik"

Sayta qoyulub: 13:01 21.06.2018 (389 dəfə oxunub)

"Neftçi" klubunun prezidenti Kamran Quliyev "Report"a geniş müsahibəsində komandanın sabiq baş məşqçisi Tərlan Əhmədovla müqavilənin uzadılmamasının səbəblərini də açıqlayıb. K.Quliyev həmçinin "layk məsələsi"nə toxunub...

- Tərlan Əhmədovla əməkdaşlığı davam etdirməməyinizin səbəbi nə oldu?

- Bunu dəfələrlə qeyd etmişik: "Neftçi" klubunda prezident postu belə bir qərarın arxasında durması üçün kifayət deyil. Klubun təsisçiləri və Müşahidə Şurası var. Bu, yekun qərardır. Bir neçə şəxs bu məsələdə öz fikrini söyləyir. Təbii ki, mən də klub prezidenti olaraq, təklifimi irəli sürür, öz sözümü deyirəm. Mən bu kluba gələndə Tərlan müəllimlə çox gözəl münasibətimiz var idi. Özüm AFFA-da da işləmişəm. O vaxt U-19 millisinə Vəli Qasımov təyin olunmuşdu. Qasımovun köməkçi-məşqçilər məsələsi ortaya çıxanda, şəxsən mən Tərlan Əhmədovu bir yaxşı mütəxəssis olaraq rəhbərliyə təklif eləmişdim. O, həmin vaxt "Xəzər Lənkəran"dan ayrılmışdı. Bunu heç vaxt deməmişəm, bir neçə şəxs bilir. Bu insana böyük simpatiyam var idi. Həmişə belə olub və bir futbolçu olaraq, həmişə də olacaq. Kluba gələndə isə artıq uzunmüddətli tanışlığımız var idi. Klub prezidenti olandan sonra bu baş məşqçi ilə işləyəcəyimə görə sevindim. Təcrübəlidir, futbolu bilən mütəxəssisdir. Vaxt getdikcə yeni layihə və "Biz "Neftçi"ni gələcəkdə necə görürük" məsələsi ilə bağlı aramızda fikir ayrılığı oldu. Bu, həll oluna bilməyəcək fikir ayrılığı idi. Futbolda uğur qazanmaq üçün kollektiv yumruq kimi birgə çalışmalıdır. Təsəvvür edin, 3 nəfər oturub çay içir. Hərəsi də öz çayını, konfetini gətirir. Müəyyən problemlər var idi. Bu, tək bizimlə bağlı deyildi. Bəzilərini isə demək istəmirəm. Bu, düzgün olmaz, artıq keçmişdə qaldı. Amma yola birgə davam edə bilməzdik. Tək mən yox, bizim bütün kollektiv.

- Klubda hamının bu problemlərdən xəbəri var idi?

- Təsisçilər və Müşahidə Şurasındakı hər bir şəxs öz fikrini səsləndirdi. Orada müxtəlif fikirlər var idi. Amma yekun qərar bu oldu ki, onunla yolumuza davam etməyək. Bu, tək Kamran Quliyevin qərarı deyildi. Məndən soruşanda öz fikrimi söylədim. Yenə qeyd etmək istəyirəm, bu, ümumi bir fikir idi.

- Baş məqçiyə simpatiyanızın olduğunu vurğuladınız...

- İnsan olaraq simpatiyam var.

- Bəs kluba gəldikdən sonra işi ilə daha yaxından tanış oldunuz?

- Biz yaxın təmasda və ünsiyyətdə olmamışıq. Bir yerdə işləmişik. Burada kollektiv daxilində çalışmışıq. AFFA-da isə bir az fərqli idi. Müxtəlif milli komandalar olur və onlar 2 aydan bir yığışaraq, təlim-məşq toplanışına gedirlər. Bu, gözümüzün qabağında olan məsələ deyil. Sadəcə, xəbərimiz olur. Amma bir də var ki, siz gündəlik kiminləsə işləyirsiniz. Bunlar tam başqa məsələlərdir. İnanıram ki, gələcəkdə uğur qazanan baş məşqçi olacaq. Harada olacağını bilmirəm. Bu mərhələyə dair belə bir qərar qəbul olunub. Fikir ayrılığı o həddə çatmışdı ki, biz bu qərarı qəbul etməyə məcbur olduq.

- Bu fikir ayrılığını da nəzərə alsaq, üçüncü yeri tutmağınızı yaxşı nəticə hesab etmək olar?

- Tərlan Əhmədovun işi danılmazdır. Onun əməyi böyükdür, bunu qəbul edirik. Amma biz üçüncü yerlə kifayətlənmək üçün buraya yığışmamışıq. Söhbət başqa məsələdən gedir. Bu gün üçüncü yerdəyik, sabah nə olacaq? Sabaha baxmalıyıq. Daha yüksək planlar qururuqsa, yumruq kimi bir yerdə işləməliyik. Mən çox şeyi demək istəmirəm. Düzgün olmaz.

- İctimai reaksiyalarda da klubu Tərlan Əhmədovu istefaya göndərdiyi üçün çox qınayan olmadı...

- Ola bilər. İnsanların şəxsi fikirləri idi.

- Onda belə çıxır ki, futbol ictimaiyyəti əsl səbəbi bizdən daha yaxşı bilir...

- Biz çalışırıq ki, bu cür daxili məsələləri ictimaiyyətə çıxartmayaq. Düzgün olmaz. Bir yerdə işləmişik. Bu, artıq bizim keçmişimizdir. Yenə deyirəm, fikir ayrılığımız o həddə çatmışdı ki, davam edə bilməzdik. Söhbət tam olaraq futbol məsələlərindən getmir. Həftədə 7 gün var. Bizdə cümə, şənbə və bazar futbol günləridir. Komandanın 90 dəqiqə ərzində yaxşı oyun sərgiləməsi üçün çoxlu əmək var. Kollektiv 7 gün dayanmadan çalışır, futbolçuların uğuru təkcə baş məşqçinin yox, bütün komandanın nəticələridir. Qarşıdakı dövrü də fikirləşməliyik. Onda nə olacaq? Baş məşqçi ilə fikir ayrılığımız oldu. Bu, belə davam edə bilməzdi. Vaxt keçəcək bir-birimizin üzünə baxacağıq. Kim nə vaxt hansı səhvi edib, boşluqlar veribsə, açıqlayacaq.

- Sosial şəbəkələrə münasibətiniz necədir?

- Çox yaxşı.

- "Facebook"dakı azarkeş səhifəsində təşkil olunan sorğuda "Tərlan Əhmədov getsin"ə səs vermisiniz...

- Mən Kamran Quliyev "Neftçi"nin rəhbəri olaraq, sosial şəbəkədə heç kimdən fərqlənməyən insanam. Elə burada da heç kimdən fərqlənmirəm. Bura ancaq vəzifədir. Vəzifə də insan kimi müvəqqətidir (gülür - red.). Bir insan olaraq, fikrimi bildirmişdim. Belə şey deyəndə heç kimdən utanmıram. Bu, bir insanın şəxsi fikri idi.

- Həmin an sankı bomba partladı. Tərlan Əhmədov demək olar ki, bütün mətbuat konfranslarında "Mən gələndə "Neftçi"nin cəmi bir xalı var idi" deyirdi. Rəhbərliklə bağlı da müəyyən söz-söhbətlər çıxırdı. Amma siz mətbuata heç nə danışmırdınız...

- Həmin "like" məsələsindən əvvəl hansı hadisələrin baş verdiyinə baxın. Ondan sonra hər şey aydın olacaq.

- Amma "Facebook"dan fərqli olaraq, ictimaiyyətə Tərlan Əhmədovun klubdakı gələcəyi ilə bağlı heç vaxt fikrinizi deməmişdiniz...

- Mən "Neftçi"yə gələndən sonra ilk müsahibəmi İsmət Qayıbov adına təlim-məşq bazasında vermişəm. Orada da bütün jurnalistlər yığışmışdı. Ondan sonra nə qədər jurnalist görmüşəmsə, dost kimi salamlaşmışam. Sual da veriblər, cavab da vermişəm. Sakit şəraitdə ilk müsahibəmi sizə verirəm. Demirəm ki, "Neftçi"yə gələndən sonra qapandım. Amma bura başqa klubdur. İctimaiyətin qarşısına tez-tez çıxmaq da düz deyil. Biz işimizi görür və daha sonra ictimaiyyəti məlumatlandırırıq. Gördüyümüz işlər barədə danışırıq. Komandanın mətbuat xidməti və idman direktoru da var. Onlar mətbuatla daha tez-tez əlaqədə olurlar. "Like məsələsi" subyektiv fikirdir. Burada qeyri-adi bir şey yoxdur. O, "Neftçi" azarkeşinin subyektiv səsi idi. Mən də azarkeşlərlə ünsiyyətdəyəm.

- Onu bilərəkdən, yoxsa belə reaksiyanın olacağını düşünmədən etdiniz?

- Orada səsvermə var idi. Bir insan olaraq iştirak etdim. Mənim fikrimi soruşsaydılar, təbii ki, bir icracı kimi deyə bilməzdim. Kamran Quliyev də bir insandır. Hamı kimi...

- Sosial şəbəkədə statuslar yazırsınız?

- Yazıram. Məsələn, bayramlarla bağlı təbrik edirəm. Hər idman növü ilə də maraqlanan insanam. Şahmat, güləş və Azərbaycan idmançısının kiçicik uğur qazandığı idman növləri ilə maraqlanıram. Yaxşı xatırlayıram: 2016-cı ildə taekvondoçumuz Radik İsayev olimpiya çempionu olduğu vaxt Bakıda səhər saat 5 idi. O barədə ilk status yazan insanlardan biri idim. Sevinirdim, gecəni yatmamışdım. Ölkəmizin xırda uğuru və kədəri də olsa, mən nəsə yazıram.

- "Keşlə"nin sabiq prezidenti Georgi Nikolov tez-tez köşələr yazırdı. Sizin də belə bir fikriniz varmı ki, "Neftçi" ilə bağlı nəsə yazasınız?

- Ona vaxtım yoxdur. Onsuz da sosial şəbəkələrdə kifayət qədər aktiv insanam.

XƏBƏR LENTİ