Ən uzun qol

Sayta qoyulub: 10:17 18.06.2018 (373 dəfə oxunub)

Ən uzun qol

 

Atası Dortmund universitetində informasiya texnologiyaları üzrə professor olan Mario Qötsenin 2010-11 mövsümündə “Almaniyanın Messisi” adlandırıldığı günlər artıq geridə qalmışdı. 2011-ci ilin avqust ayında Braziliyaya qarşı oynanılan və Almaniyanın 3:2 hesablı qələbəsi ilə yekunlaşan dostluq görüşündəki performansının ardından qəzetlərin “Qötsinyo” ləqəbini verdikləri, Memminqendə doğulan oyunçunu, Quardiolanı, onun Neymardan daha yaxşı transfer olacağına inandıran Uli Höness “Bavariya”ya gətirmişdi. Təəssüf ki, Qötse dünya çempionatına damğa vura bilməmiş və sonuncu dəfə 1/4 final mərhələsi çərçivəsində Fransa ilə oynanılan matçın son 7 dəqiqəsində meydanda olmuşdu.

“Bavariya”nın bazasında görüşdüyüm Qötse gülümsəyirdi: “Dünya çempionatının finalını 90 dəqiqə boyunca əvəzedicilər skamyasından izləmək heç də asan deyildi. Ancaq bir müddət sonra hər futbolçu kimi, mən də vəziyyətimi obyektiv şəkildə dəyərləndirə bildim. 90 dəqiqənin sonunda öz-özümə bunun sadəcə bir futbol matçı olduğunu deyirdim. Olduqca gərgin və bir o qədər də qəribə oyun idi. Gözlənilənin əksinə, hər iki komandanın bir neçə qol epizodu var idi. Düzü, İquainin qaçırdığı qollara mən də inana bilmirdim. Bəzən düşünürəm, mən oyuna girəndə hesabda 0:2 geridə də ola bilərdik. Bu səbəbdən, ümumiləşdirsək, o gün baş verənlərdən məmnunam”.

“Messidən daha yaxşı olduğunu göstərməyin zamanı gəldi” – Löv oyuna girməyə hazırlaşan Qötseyə bunu demişdi. Həmin anda baş məşqçinin öz dediklərinə inanıb-inanmadığı o qədər də önəmli deyildi. Kloze isə gənc oyunçuya “Qol vur” deməklə kifayətlənmişdi. Qötsenin enerjisi və Almaniyanın klassik mərkəz hücumçusundan məhrum oyun sisteminə geri dönüşü Argentinanın çətinlik çəkməsinə səbəb olsa da, bariz qol epizodlarına girən cənubi amerikalılar idi. Dizindəki ağrılar səbəbindən yavaşlayan Hummels Roxonun asmasına özünü çatdıra bilmədi və top cərimə meydançasında İquainin əvəzinə meydana girən Rodriqo Palasionun önünə düşdü. Ancaq argentinalı hücumçu topu istədiyi kimi saxlaya bilmədi və onun, cəld qapısını tərk edib, zərbə bucağını qapayan Noyerin üzərindən vurduğu aşırtma qapıya heç yaxın da düşmədi.

Mertezakeri dinləyək: “Əvəzedicilər skamyasında həyəcandan yerimizdə qala bilmirdik. Argentina yaratdığı qol epizodlarını comərd şəkildə boşa xərcləyirdi. 5 saat da oynasaq, bizə qol vura bilməyəcəkdilər. Həmin an hamımız “Kubok bizimdi” deyə düşünürdük”.

Birhoff: “İndi deyəcəklərimə inanmaya bilərsiz, ancaq mən qələbə qazanacağımızdan əmin idim. Tez-tez kuboka baxır və onu başımızın üzərinə qaldıracağımız anın xəyalını qururdum”.

Mertezaker: “Hamımız ehtiyac yarandığı an meydana çıxmağa hazır olmalı idik. Son bir neçə həftə ərzində özümüzü tamamilə komandaya həsr eləmişdik. Mario da daxil olmaqla, hər kəs oyuna girib, komandanın müqəddəratını dəyişmək kimi önəmli bir rolu ifa edəcəklərinin yaxşı fərqində idi“.

Birhoff: “Braziliyada yığma komandadakı hər kəsin xırda da olsa, problemləri var idi. Noyerin çiyni, Lamın biləyi, Kedira və Şvaynştayqerin tam hazır olmamaları, Hövedesin turnir boyunca tərs cinahda (sol) oynamaq məcburiyyətində qalması, Matsın (Hummels) dizi... Bəzi futbolçular isə matçlarda oynamadıqlarına və ya oynadıqları görüşlərdə istədikləri performansı göstərə bilmədiklərinə görə narahat idilər. Yəni əslində, uğursuz olmağımız üçün milyonlarla səbəb var idi. Ancaq biz komanda olaraq bir araya gəldik və birlikdə bütün problemlərin öhdəsindən gəldik”.

Almaniyanın səbirli oyunu bəhrəsini verməyə başlamışdı. Argentinalı futbolçular topun arxasınca qaçmaqdan yorulmuşdular. Arxaya yaslanan cənubi amerikalılar artıq Almaniyanın topla istədiyi kimi davranmasına izin verirdilər. Lam həmin dəqiqələri belə xatırlayır: “Əvvəlki illərdə, yəni topa sahib olmaq baxımından çox aşağı səviyyədə olduğumuz, topun arxasınca qaçdığımız illərdə nə qədər yorulduğumuzu xatırlayıram. İndi isə topu rəqibə verməyən komanda idik. 2000-ci ildəki, sadəcə əks-hücuma bel bağlayan komandadan müxtəlif oyun sistemlərini özündə birləşdirən və meydanda nümayiş etdirə bilən bir komanda halına gəlmişdik. Argentina kimi bir yığmaya qarşı matça səbirli başlayıb, daha sonra onlara minlərlə zərbə endirərək uğur qazana biləcəyimizin fərqində idik. Əlavə vaxt başlayanda da daha yaxşı vəziyyətdə olan komandanın biz olduğundan şübhə etmirdik”.

Həqiqətən də sözügedən periodda Almaniya fiziki baxımdan rəqibi ilə müqayisədə daha yaxşı vəziyyətdə idi.

Lama görə, bu güc fərqi Almaniya yığma komandasının turnir öncəsində gərgin fiziki hazırlıq məşğələlərindən imtina etməsi nəticəsində ortaya çıxıb: “Əvvəllər turnirlərdən öncəki fiziki çalışmalarımız hansısa bir klubun yeni mövsüm hazırlıqları çərçivəsindəki fiziki məşğələlərindən heç də geri qalmırdı. Nəticədə, qrup mərhələsində yaxşı formada olsaq da, növbəti – həlledici mərhələlərdə enerjimiz qalmırdı. 2014-dən öncə isə futbola fokuslanıb, fiziki hazırlıq məşğələlərinin dozasını azaltmışdıq. Hamımız fiziki baxımdan yaxşı formada olduğumuz üçün bu, bizim üçün problem yaratmırdı. Zatən, bizim kimi, Çempionlar Liqası matçları da daxil olmaqla, ildə 50-60 oyuna çıxan birinin fiziki hazırlığı yaxşı vəziyyətdə deyilsə, deməli, futbol oynamağımızın bir mənası da yoxdu”.

Mertezaker Lövün əlavə vaxtdan öncə qısa və konkret mesajlar verdiyini xatırlayır: “Löv dedi: “Yolumuza davam edirik. Hazırda onlardan daha yaxşı vəziyyətdəyik. Təlaşa ehtiyac yoxdu. Bu oyun bizimdi. Motivasiyanızı itirməyin, soyuqqanlı və qələbə qazanacağınızdan əmin bir şəkildə futbolunuzu oynayın”. Onsuz da o anda mürəkkəb göstərişləri anlayacaq halda deyildik”.

Şvaynştayqer əlavə vaxtın ilk bir neçə dəqiqəsində tez-tez qayda pozuntusu ilə üzləşirdi. Epizodların birində Aqueronun qolu “Bavariya” futbolçusunun almacıq sümüyünə dəydi. Tibbi heyət üzü qan içində olan Şvaynştayqerə tikiş atırdı. Təcrübəli orta sahə oyunçusu o anları belə xatırlayır: “Adrenalinim elə bir səviyyəyə çatmışdı ki, fiziki baxımdan heç nə hiss etmirdim. Zatən, elə anlarda təpik filan – heç nəyi dərd etmirsiz. Təkcə bir şeyi düşünürdüm: matç penaltilərə qalmasın”.

Şvaynştayqer 2012-ci ildə, Çempionlar Liqasının finalında “Çelsi”yə qarşı penalti zərbəsini dəqiq yerinə yetirə bilməmişdi. O, yenidən eyni vəziyyətə düşmək istəmirdi. Şvaynştayqer tikişli halı ilə - qladiator ədasında meydana dönmüşdü. Elə həmin anlarda Palasio meydanın Almaniyaya tərəf olan hissəsində Lamın qarşısını qayda pozuntusu ilə aldı.

Sərbəst zərbəni yerinə yetirən Lam Şvaynştayqeri, o isə Boatenqi tapdı. “Bavariya”lı müdafiəçi topu digər cinahdakı Hummelsə ötürdü. Geriyə gələn Kroos Hummelsdən qəbul etdiyi topu meydanın Argentinaya tərəf olan hissəsinin təxminən on metr içərisində olan, aut xəttinin yanında gözləyən Şürrleyə doğru göndərdi. Qaqo və Sabaletanın üzərinə gəldiklərini görən qanad oyunçusu topu Kroosa qaytardı. Bu əsnada Bilya bütün enerjisini Kroosun arxasınca qaçmaq üçün sərf edirdi. Boş qalan Şürrle cinahda gah içəri, gah kənara doğru yönəldikdən sonra Kroosun pasını qəbul etdi, önündə heç kimin olmadığını gördü və topla irəliləməyə başladı.

Şürrle turnirdən sonra FAZ-a verdiyi reportajda həmin epizodu belə şərh edirdi: “Əlavə vaxt başlamamışdan öncə Tomas Müllerlə danışırdıq. İkimiz də Argentinaya qarşı qol epizodu yaratmağın tək yolunun fərdi və driblinq bacarıqlarımızın istifadə etmək olduğunu düşünürdük. Matçın sonuna az qalmışdı və mən şansımı yoxlamaq qərarına gəldim. Topu aut xəttinin yanında qəbul etdikdən sonra sürətli şəkildə rəqib qapısına doğru qaçmağa başladım. O anda ümid edirdim ki, komanda yoldaşlarımdan biri cərimə meydançasına istiqamətlənəcək”.

Qaqonun sürətdə Şürrleyə çatdırmadığını görən Maskerano cinah oyunçusunu qarşılamaq üçün kənara keçdi. Şürrle içəriyə yönələcəyini göstərib, “fake” elədi və əksinə, künc bayrağına tərəf qaçdı. “Cinahda ilişib qalmışdım və inanın, artıq komanda yoldaşlarımdan kimsə var, ya yox deyə, cərimə meydançasına tərəf baxa da bilmirdim. Tək istədiyim topu birtəhər cərimə meydançasına yollamaq idi” – deyir Şürrle. Qötse isə epizodu belə xatırlayır: “Cərimə meydançasına doğru qaçırdım. Gördüm ki, “Şü“ mənim olduğum cinahda aut xəttinə tərəf hərəkətlənir. Nə edəcəyi barədə heç bir fikrim yox idi; geriyə dönə bilər, həmçinin topu saxlayıb, bir az gözləyə də bilərdi. İşin qəribə tərəfi cərimə meydançasına daxil olanda yanımda bir dənə də olsun argentinalı yox idi”.

Sabaleta Şürrleyə tərəf gedəndə sağ cinah müdafiəçisi Martin Demiçelis Mülleri tuturdu və “Bavariya”nın forvardı qapıdan uzaqlaşanda argentinalı müdafiəçi də onunla birlikdə cərimə meydançasının xaricinə çıxdı. Nəticədə, Sabaletanın arxasına çarpaz formada qaçan Qötse boş qaldı.

Şürrleni dinləyək: “Topu içəri doğru göndərdiyim ilk anda o, baxış bucağımdan çıxdı: görə bilmirdim. Az sonra ətrafında heç kim olmayan Marionun topu sinəsi ilə saxladığını görə bildim”.

Qötse topu sinəsi ilə saxladı və dönərək vurduğu vole Romeronun qoruduğu qapıya daxil oldu. Yenidən Şürrledəyik: “Həyatımda heç olmadığım qədər xoşbəxt idim. Hamımız eyni vəziyyətdə idik. Mario mənə doğru qaçırdı. İmkan versək, yəqin bütün meydan boyu qaçardı, ancaq biz o qədər yorulmuşduq ki, məcburiyyətdən onu dayandırmalı olduq”.

Qoldan sonra Kristian Qüttlerə (məşhur “Footbonaut” aparatını ixtira edən) gələn təbrik mesajlarının ardı-arası kəsilmirdi. Çünki Qötsenin qolu birbaşa onun futbol aparatının əsəri idi. Topu saxlamaq, dönüş və zərbə - sürətli “Footbonaut” kombinasiyası. Bir-iki saniyə içərisində elədiyi hərəkətlə dünya kubokunu qazanan və önündə uzun karyerası olan 20 yaşlı Qötse də bu mövzuda bizimlə həmfikir idi: “Hə, tamamilə bənzər qollardan idi. Ancaq mən qolu necə vurduğumu ancaq televizorda izlədikdən sonra anlaya bildim. Hətta sol ayaqla zərbə vurduğumu görəndə çox təəccüblənmişdim. O anda hər şey mükəmməl idi və uzun müddət bu qolu unutmayacağımdan əmin idim”.

Argentinada çıxan futbol dərgisi – “El Grafico”nun yazarı Martin Masur matç analizində hazırlıq prosesi, bəlkə də, 10 il çəkən o yuxu kimi zərbədən “Texnika bax budu” deyə bəhs edirdi. Ətrafında heç bir Bundesliqa klubu olmayan və Almaniyanın cənub-qərbində yerləşən Lüdviqsxafendə doğulan Şürrle gənc futbolçu kimi federasiyanın regional mərkəzlərində 4 il elit futbol təhsili almış, 16 yaşına çatanda Yürqen Kloppun rəhbərlik etdiyi “Maynts”a transfer olmuşdu. Qötse isə 9 yaşında ikən Dortmund “Borussiya”sının aşağı yaş qrupuna qoşulmuş və həyatı boyunca (Almaniyadakı köhnə nəsillərin heyran olduqları ) “küçə futbolçuları”nın instinkt və yaradıcılıqlarını meydanda nümayiş etdirə bilməsi üçün olan gərgin və sistematik çalışma proqramına əməl etmək məcburiyyətində qalmışdı.

Matç hələ başa çatmamışdı. Mertezaker: “Löv, “Hazırlaş, oyuna girirsən” - deyə dilləndi. Əvəzedicilər skamyasındakı hamı özündən çıxmışdı, hər kəs bağırırdı: “Bütün hava topları sənlikdi”.

Əlavə vaxtın sonunda meydana çıxan müdafiəçi sadəcə bir dəfə topa toxuna bildi. Argentina müdafiəsi matçın sonuna yaxın ümidsiz şəkildə uzun topdan istifadə etmişdi, Mertezaker də onu uzaqlaşdırmışdı. “Həyatım boyunca qazandığım heç bir hava topunda bu qədər alqışlanmamışdım” – deyir Per. Kedira isə oyundan öncə verdiyi qərarın (meydana çıxıb-çıxmaması özündən asılı olduğu halda, tam hazır olmadığını düşünüb, komandaya zərər vermək istəməmişdi) doğru olduğunun bir daha fərqinə varmışdı və bu səbəbdən qürurunu gizlətmirdi: “Per Mertezakerin oyuna girməsi nəticəsində onların son dəqiqələrdə qol epizodu yaratmasına mane olduq. Əgər meydana çıxsaydım, oyunçu dəyişikliyi haqqımızı bitirəcəkdik və o, oyuna girə bilməyəcəkdi”.

Özil aut cizgisinin kənarında Ritsolinin son fiti çalması üçün dua edirdi. Elə o anlarda italiyalı hakimin düdüyü səsləndi. Ancaq bu, matçın bitdiyi anlamına gəlmirdi; Argentina qapıya 25 m. uzaqlıqdan cərimə zərbəsi vurmaq haqqı qazanmışdı. Əlavə vaxta artırılmış üçüncü dəqiqədə yorğunluqdan tükənən Şvaynştayqer Messini yerə yıxmış və dünyanın ən yaxşı futbolçusunun dünya çempionatının ən yaxşı komandasını yerlə bir etməsi üçün şans yaranmışdı. “Marakana” səssizliyə bürünmüşdü.

Qötse öz-özünə, “Tanrım, lütfən qaçırsın. Nə olar...” deyirdi. Mertezaker: “Zərbə vur. İçəri doğru qaldırma, zərbə vur və topu tirin üzərindən auta at” – deyə öz-özümə danışırdım”.

Zərbə elə Mertezakerin istədiyi kimi vuruldu və top zərərsiz bir şəkildə auta çıxdı. Nəhayət, matçın son fiti səsləndi. Yığma komanda həm alman xalqına verdiyi vədə əməl etmiş, həm də Argentinanın Braziliyada keçirilən dünya çempionatını qazanmasına əngəl olaraq yerli azarkeşlərə də heç vaxt unutmayacaqları bir yaxşılıq eləmişdi.

Birhoff: “Fit səsləndikdən sonra bir-birimizi qucaqladıq. O anda bu zəfəri qazanmaq üçün nə qədər uzun bir yol qət etdiyimizi anladım”.

Alp dağlarının ətəyində yerləşən Oberaudorf kəndində idman malları satan bir mağaza sahibi atanın oğlu olan Şvaynştayqer xizəksürmədə o qədər yaxşı idi ki, 2013-cü ildə keçirilən dünya çempionatında, slalomda gümüş medal qazanan dostu Feliks Noyroyter ilə uşaq yaşlarında çıxdığı yarışların əksəriyyətində qalib gələn tərəf o olurdu. “Şvayni” hətta bir ara professional xizəkçi olmağı da düşünürmüş, ancaq futbolun cazibəsi sonda üstün gəlib. “Bavariya”da, həm də çox erkən bir yaşda Ştefan Effenberq və Oliver Kanın (paltardəyişmə otağında yanında oturduğu Kan komandaya gəldikdən iki il sonra ilk dəfə Şvaynştayqerlə danışıb) da yer aldığı komandaya girə bilmişdi. 2009-10 mövsümündə Lui van Xalın “toxunuş”u ilə o, çox yönlü və hücuma meyilli orta sahə oyunçusundan oyuna nəzarət edən və komandanın pas trafikini nizamlayan bir oyun qurucusuna çevrildi. Nəticədə, Şvaynştayqer CAR-da bayrağı Mixael Ballakdan aldı.

Şvaynştayqer dünya kuboku ilə yanaşı, bir fərdi mükafatın da sahibi olmuşdu: Lövün komandaya motivasiya vermək adına hər oyundan öncə paltardəyişmə otağının divarına asdığı, dünya kubokunu qazanan son üç Almaniya yığma komandasının heyətində oynayan bütün futbolçuların imzaladığı bir forma. Matçda 15 km. qaçan (meydanda ondan daha çox məsafə qət edən yox idi) və komandasını zəfərə aparan Şvaynştayqer matçdan sonra, “Yoxam. Ayaqlarımı hiss etmirəm” deyərkən, Tomas Müller fikrini belə ifadə edirdi: “İndi necə önəmli bir zəfərə imza atdığımızı tam olaraq anlaya bildiyimizi zənn etmirəm. Mən də sanki yuxudayam, həm də çox gözəl yuxuda. Çox çalışmışdıq. Qazandığımız hər şeyi haqq edirik”. Onun arxasında dayanan Mertezaker və Noyer isə sanki bazar günü dostları ilə oynadıqları matçı qazanan uşaqlar kimi, “Dünyanın ən yaxşısı bizik” deyə şüarlar səsləndirirdilər.

Lam isə həmişəki kimi ciddi idi: “Oyunun asan keçməyəcəyini bilirdik”. 1.70 hündürlüyündəki oyunçu yeni Almaniyaya yeni komanda və daha öncə bənzərinə rastlamadığımız kapitanlıq tərzi ilə kubok qazandırmışdı. “Bavariya”nın prezidenti Karl-Haynts Rummeniqqe finaldan bir neçə gün sonra “Welt”ə açıqlamasında demişdi: “Futbolun fəlsəfəsi dəyişir. Əvvəllər bütün komandanı arxasınca aparan Bekkenbauer, Frits Valter və Lotar Matteus kimi lider oyunçular var idi. İndiki generasiya daha bilgili və gözüaçıqdı. Məsələn, fasilədə qışqır-bağır salmaq onlara təsir etmir. Onlar meydanda edəcəkləri şeylərin əvvəlcədən qərarlaşdırılması prosesinin bir parçası olmaq istəyirlər. Bu da kapitanın komandadakı rolunun fərqliləşməsinə gətirib çıxarır. Filipp bu mənada ideal kapitandı”.

Matçı qazanmaq üçün bu qədər çox çalışan futbolçular qazandıqları zəfəri necə qeyd edəcəklərini sanki bilmirdilər. Hələ də nəyə nail olduqlarını tam anlamı ilə dərk etmirdilər. Ancaq onların hamısı bu nöqtəyə necə gəldiklərini yaxşı bilirdi. Şvaynşayqer hamıya bu komandanın təməlinin Yurqen Klinsman tərəfindən qoyulduğunu xatırladır, 2006-cı ildə üçüncü olan təcrübəsiz və natamam komandanın Brandenburq qapısında azarkeşlər tərəfindən necə coşğu ilə qarşılandıqlarını yada salırdı: “Zənnimcə, bizə o gün göstərdikləri sevginin qarşılığını bu gün ödəyə bildik. Zatən, bu zəfərin ən gözəl tərəfi Almaniyadakı milyonlarla insanı xoşbəxt etməyimizdi”.

Müxbirlərdən biri Şvaynştayqerdən soruşdu: “2006, 2008, 2010 və 2012-ci illərdə çempion ola bilməyən Almaniya sözügedən illərdən fərqli olaraq, bu səfər nə etdi ki, sonda zəfər qazana bildi?” Cavab vermədən öncə 1-2 saniyə düşünən “Şvayni” əvəzedici oyunçuların qazanılan uğurdakı rollarının çox böyük olduğunu vurğuladıqdan sonra dedi: “Komandadakı hər oyunçunu məmnun etmək, demək olar ki, imkansız bir şeydi. Ancaq bizim məşqçimiz bunu birtəhər bacardı və hamımız özümüzü bir bütünün ayrılmaz parçaları olaraq görməyə başladıq. O, bu gün deyilən bütün təriflərə layiqdi. Hələ bu qədər tənqid edildikdən sonra daha da artığını haqq edir”.

Lövün dünya çempionluğu haqqındakı fikirləri isə belədi: “Bu layihəyə on il öncə Yurqen Klinsmanla birlkdə başlamışdıq və bu nöqtəyə gələ bilmək üçün çox çalışdıq. Bu müddət ərzində həmişə irəliyə doğru addımlar atırdıq və heç vaxt ümidimizi itirmirdik. İllah ki, kimlərsə haqqında tərif deyiləcəksə, onlar bu komandanın oyunçuları olmalıdılar”. Hisslərinə hakim ola bilməyən Mertezaker isə “Marakana”da 10 il davam edən bir səyahətin sonuna gəldiklərini düşünürdü. Bu, planlanması/həyata keçməsi baxımından tamamilə alman layihəsi idi və yekunda xoşbəxt sonluqla tamamlanmışdı. “Der Spiegel” yazırdı: “Onların zəfəri bizə öz şansımızı özümüzün yarada biləcəyimizi göstərdi”.

Çempionatın başa çatmasından 6 həftə keçməsinə baxmayaraq, sevinci hələ də üzündən hiss olunan Klinsmann isə baş verənlərə belə şərh verirdi: “Bu zəfər oyunçuların son on ildə daim çalışdıqlarını və layihəni mənimsədiklərini göstərir. Biz onlara ən başından bəri əsas mövzunun karyeraları olduğunu və gələcəkdə zəfər qazanmalarının sadəcə özlərindən asılı olduğunu anlatmağa çalışırdıq. Matçdan sonra verdikləri açıqlamaları eşidəndə onların nə anlatmağa çalışdığımızı tamamilə dərk etdiklərini gördüm. Dünya çempionu olmağın onların əlində olan bir şey olduğunu həqiqətən də anlayıblarmış. Almaniyanın futbolda bu qədər güclü olması bir təsadüfün nəticəsi deyil. Oyunçular uğurlu olmağa təşviq edilən bir mühitdə yetişirlər və bu, onların karyeralarının gedişində məsuliyyətlərini dərk etmələrinə gətirib çıxarır. Amerikada dedikləri kimi, bu, “məsuliyyət mədəniyyəti”di və Almaniya illərdi futbola belə yanaşır”.

Birhoff Lövün yetimələrinin uğurlu olmasının səbəbini onların bir tərəfdən fərdiliyi və komanda ruhunu, digər tərəfdən isə müasir texniki bacarıqlar və klassik alman fəzilətini özlərində birləşdirməsində görür. Unutmamaq lazımdı, inanılmaz dəyişikliklərə gedən bu generasiya öz keçmişini “qucaqlayır”, geri addım atmır, əksinə, yoluna davam edir və təkamülünü tamamlayırdı.

Bir fransız jurnalist turnirin gedişində Şürrledən, “Bu Almaniyanın ən yaxşı tərəfi nədi?” deyə soruşmuşdu. Cinah oyunçusunun cavabı konkret idi: “Daim qələbə qazanması”.

Birhoff Almaniyanın Braziliyada çempionluqdan daha böyük bir şey qazandığına inanır: “Çox xüsusi bir şey yaşadığımızı düşünürəm. Bu komanda bütün almanları məmnun edən və qürurlandıran futbol oynadı. Bu gün belə, insanlar qazanılan kubokdan çox bu oyunçuların onların üzərindəki təsir gücündən bəhs edirlər. Hər kəs onların necə təvazökar olduqlarını və qazandıqları matçları həddindən artıq bayram etmək əvəzinə, rəqiblərinə necə təsəlli verdiklərini xatırlayır. İnsanlar bu səbəbdən bu komandanı belə çox sevirlər. Mən futbolun topluma ayna tutduğuna inanıram. 2006-cı ildən əvvəl bayraq dalğalandıran, himni oxuyan insanlarla yan-yana gəlmək istəməzdik. Həmin il bütün bunların əslində normal şeylər olduğunu anladıq. 2010-cu il inteqrasiya ili idi. 2014-cü ildə isə müasir dünyada uğur qazanmağın tək yolunun komanda halında çalışmaq olduğunu göstərdik. Dinamizmin və əlaqələr qurmağın önəmini isbatladıq. Bəlkə də, ən önəmli olan, eyni zamanda, bizi təəccübləndirən bir şeyin fərqinə vardıq: zəfərə çatanda belə, alicənab və kübar olmaq mümkün imiş. 2006-cı ildə yaxşı bir ev sahibi olaraq qonaqlarımızın uğur qazanmasına izin verdik. 2014-cü ildə isə hökmranlıq edərək çempion olduq. Buna rəğmən, hər kəsin sevgisini və simpatiyasını qazana bildik”.

Yenidən Klinsmanı dinləyək: “Onlar sonsuzadək kültürümüzün və toplumumuzun bir parçası olacaqlar. Bu uğur heç vaxt unudulmayacaq. Bir az düşünün, bunun necə möhtəşəm bir şey olduğunu anlayacaqsız. Bütün bir ölkə son fit səsi ilə birlikdə meydandakı oyunçularla birlikdə eyni şeyləri hiss edir... Mən futbol oynadığım illərdə bunu dərk etməz, bu mövzular barədə düşündükcə də ağlımı itirəcəyimdən qorxardım. Bu oyunçuların da qazandıqları zəfərin nə anlama gəldiyini tam olaraq qavraya bilmələri üçün aradan bir neçə il keçməlidi. Bu zəfərin onların başına gələn ən gözəl şey olduğunu rahatlıqla deyə bilərəm”.

Klinsman sözünü bitirir və ayağa qalxıb mənimlə vidalaşır. Onun arxasından baxanda günəşin parıldadığını və dalğaların ritmi ilə ayaqlaşmağa çalışan küləyin palma ağacının yarpaqlarını yellədiyini görürəm.

Qeyd: Bu parça Rafael Honiqştaynın "Das Reboot: How German Football Reinvented Itself and Conquered the World" kitabından götürülüb.

 

 

 

Rüfət Məcid

XƏBƏR LENTİ