Samir Abasov: "İnanın Allaha, bunlar məni yordu..."

Sayta qoyulub: 08:24 23.05.2018 (285 dəfə oxunub)

"Sumqayıt"ın sabiq baş məşqçisi Samir Abasovun Sport7.az saytına müsahibəsində hamını maraqlandıran bir çox sualları cavablayıb.
 
- "Sumqayıt"ın cari mövsümünü necə qiymətləndirərdiz?
 
- Qarşımıza qoyulan məqsədlərə görə fikrimcə, mövsüm bizim üçün pis keçmədi. Təəssüfləndiyimiz məqamlar o oldu ki, Avroliqaya getmək şansını dəyərləndirə bilmədik. Buna görə həddindən çox hirslənirəm. 5-ci yer keçənilkinə baxanda kimlər üçünsə uğurlu sayıla bilər. Amma bizim üçün uğursuzluqdu. Neyləmək olar? Yenə də buna görə asılası, döyüləsi adam yoxdu. Çünki mövsüm başlayanda məqsəd yox idi.
 
- Mövsüm boyu həm komanda, həm də meydandan kənarda ən çox narazı qaldığınız məqamlar nə oldu?
 
- Meydandan kənar istədiyimiz güclənmək idi. Durum bizdən bunu tələb edirdi. Oyunçu qıtlığı vardı. Bəzi mövqelərdə cəmi bir futbolçumuz vardı. Mövsüm boyu buna tab gətirəcəyimizə özümüz də inanmırdıq. Əfsuslar olsun ki, alınmadı. Müəyyən bir şey var ki, klubumuz bundan kənara çıxa bilmir. Futbolçulara gəldikdə, hər kəsin məqsədi olmalıdı. Bizim futbolda da çatışmayan cəhət budu. Bu günlə razılaşırlar. Yəni düşünürlər ki, bu gün Premyer Liqadayamsa və 1-2 manat alıramsa bəsimdi. Bundan çoxun da fikirləşmirlər. Amma "Qəbələ", "Qarabağ" kimi klublarımız var ki, futbolçulara bizdən 10 qat artıq pul verir. Bu şəraitə qaçmaq lazımdı. Sən ilboyu çalışıb nələrsə etməlisən. Etmirsənsə, deməli məqsədin yoxdu. Futbolçulardan istəyimiz o idi ki, özlərini oyuna versinlər. Kimlərsə buna çalışırdı, kimlərinsə etmək bacarığı yox idi. Dəyişə biləcək bir şey vardı - o da komandada rəqabət yaratmaq. Məhz bunu edə bilmədik. Futbolçuların günahı yoxdu. Onlar üçün bu bir səhvdi ki, zəif, pis də olsa oynayır. Biz isə rəqabət yaratmalı idik. Oyunçu baxımından əziyyət çəkdik. Klub üçün uğurlu sayıla bilər. Ancaq itirdiyimiz çox şey oldu.
 
- Bəzi oyunlardan sonra futbolçulardan özlərini "yuxarıdan" aparmaları, işə ciddi yanaşmamaları ilə bağlı narazılıq edirdiz. Bunun təsiri oldu?
 
- Hər şeyin təsiri olur. Bir komandada necə oynayırsan oyna, səni dəyişə biləcək futbolçu yoxdu. Ondan sonra məşqçi nə deyir desin. Burda məşqçinin sözü yerə düşmür. Sadəcə, çarəsizlikmi, yaxud nə deyim, bu idi. Mən heç nəyi dolayısı ilə deyə, gizlədə bilməyən adamam. Mətbuat konfranslarında konkret adlar çəkirdim ki, filan futbolçudan narazıyam. Düzünü deməyə çalışırdım. Futbolçu da bilirdi ki, mən ictimaiyyət qarşısında ona iradlarımı bildirirəm, özü də başa düşməli idi. Sadəcə, bunları deyəndən sonra nəyin dəyişə biləcəyi ilə bağlı sual ortaya çıxır. Tutalım ki, hansısa sağ və ya sol müdafiəçi oynamır və bunun da səbəbini başqa kluba getmək istəyi ilə izah edirlər. Sən nə edə bilərsən? Zatən komandanda 15-16 nəfər, hər mövqedə cəmi 1 futbolçunuz varsa nə edə bilərsən? Demirəm Azərbaycana gələn legionerlər hamısı top səviyyədədi. Ya pula gəlirlər, ya da bərpa olunmaq üçün. Məsələn, eşitdiyimə görə "Səbail"dəki Faruk Miya Belçika "Standart"ından sırf oynamaq üçün icarəyə gəlib. Amma dəqiqəbaşı bizimkilərə nəsə öyrədim? Ona görə də çox dəyişikliklər lazımdı. Özünüz də görürsüz ki, ilin sonuna yaxın müəyyən rotasiyalar edirdik. "Papağı" birinin başından götürüb o birinin başına qoyurduq. Bu da effekt vermirdi. Hələ də o ab-havadan çıxa bilməmişik. Kimlər üçün adi haldı. Amma bəzi futbolçularım var, az qala dəli olublar, indiyə qədər zəng vurub soruşurlar ki, niyə belə şansı əldən buraxdıq. Olanı qaytara bilmərik.
 
- Maraqlıdı ki, "Sumqayıt" birdən-birə yaxşı forma yığdı, məğlubiyyətsiz davam etdi, qəfil də eniş oldu. Bunun özəl səbəbləri var?
 
- Səbəbləri çox məqamlarda axtarmaq olar. Elə bilirsiz biz gecə-gündüz fikirləşmirik? Sadəcə, keyfiyyət yoxdu. İnanın, hər uduzduğumuz oyunu analiz edirdik. Elə də ciddi nəsə yoxdu, anlamaq üçün yarım saat baxmaq lazımdı. Həmin məqamda qol vurmamağımızın səbəbi konkret keyfiyyətlə bağlıdı. Elə bil ki, bəzi futbolçular vurmaq xətrinə topu vururlar. Hardasa qırılma nöqtəsi olmalıdı. Oyunlarda qələbə qazanmaq üçün nə etməliyik? Qol vurmalıyıq. Sən oyuna qələbə üçün çıxmısan, bunun da bir yolu var - qol vurmalısan. İki oyun heç-heçə etsəydik yenə gəlib bu vəziyyətə çıxacaqdıq. Statistikaya baxsaq, ən çox qol vəziyyətləri yaradan "Sumqayıt"dı, amma realizasiya baxımından 0-ın altındayıq. Hücumçumuz çıxır vura bilmir. Onu əvəzləməyə də başqa hücumçu yoxdusa neyləyə bilərik? Burda medianın da haqqını vermək lazımdı. Yazırlar ki, filan oyunçu ora gedir, Samir Abasov bura. Bunların da təsiri ola bilər. Amma mən hardasa "Mən gedirəm" dediyim müsahibəm olubmu? Dəfələrlə üzr istəyirəm, mən belə söz deməmişəm. Əksinə, "Sumqayıt"da qalacam və 2 illik müqavilə bağlayacam" demişdim ki, futbolçularım da rahat olsun. Bu da nəyə görə olmuşdu? Rəhbərliklə danışmışdıq, demişdilər ki, Avroliqaya çıxacağımız təqdirdə istədiyimiz futbolçuları alacaqlar. Necə ki, normal klublarda 22-23 futbolçu olur, bizdə də o cür rəqabət olacaqdı. Avroliqaya gedə bilmədiyimizə görə buna inanmadım, vəssalam. Mətbuatın yazdıqlarının da təsiri ola bilər. Bəlkə də hansısa klub futbolçumuza zəng vurub, "Sən artıq bizdəsən" filan kimi sözlər deyə bilər. Artıq onun fikri yayınacaq, çünki Azərbaycan futbolçusudu, zatən hamımız peşəkarlıqdan bir qədər uzağıq. İstər-istəməz bu da təsir edəcək. Bunları qoyaq kənara. Siz elə bilirsiz biz bunları görmürük? Hamısını görürük. Amma istər bu və ya başqa səbəblərdən futbolçunun oyunu alınmır. Dəyişə biləcəyimiz bir şey varmı? Necə dəyişək, kimi əvəzləyək? İnanın Allaha, bunlar məni yordu. Heyif olsun.
 
- Əziyyətinizə heyifiniz gəldi?
 
- İlin əvvəlindən futblçulara deyirsən ki, "filan şey, filan olacaq". Onlara güvənirsən. Bu vəziyyətə düşməyə heç kimin ixtiyarı yox idi. Çünki ili başa vurmalısan, sonra öz işlərini görməlisən. "Məndə burda alınmır, gedib başqa komandada oynayacam" deyən futbolçu varsa, danışmağın artıq mənası qalmırdı. Bu, insanlıqdan uzaq bir hərəkətdi.
 
- Artıq "Sumqayıt"dan ayrılmağınızla bağlı konkret qərar vermisiz?
 
- Fikrimi tez-tez dəyişən insan deyiləm. Qərarı artıq oyundan öncə vermişdim. Bu olmadığı halda, özümdə nələrisə dəyişməyə, gələn il nəsə etməyə güc tapa bilmirəm. Amma yerimdə saymaq istəmirəm, öz karyeramı düşünməliyəm. Hə, qalım, gələn il də eyni problemlər olsun. İnanırsız, artıq öhdəsindən gələ bilmədiyimi düşünürəm. Gələn il toparlanıb ilk "3-lüy"ə düşəcəyimə inanmaq üçün özümdə güc tapa bilmirəm. 
 
- Düşünürsüz ki, bu komanda ilə gələn il heç nə edə bilməzsiz?
 
- Xeyr, mən özüm nəsə edə biləcəyimi düşünmürəm. Kimsə bu komandanı götürüb irəli gedə bilər. O zaman haqsız olaram. Nə etmək olar? Ya Premyer Liqanı tərk edən "Kəpəz"in futbolçularını götürməliyəm, ya da kimlərsə hansısa futbolçunu göndərəcəyini gözləməliyəm. Klubu günahlandırmıram, deyir ki, "edirsən et, etmirsən etmə". Haqlıdılar da. Futbolçular budu, məşq keçirsən keç, keçmirsən keçmə. Nə dəyişə bilər? Klub rəhbərliyi çağırsın, desin ki, istədiyiniz futbolçuları alacağıq. Mən də açım interneti, büdcəmizdən çıxmamaq şərtilə seçimimi edim. "Sumqayıt"da işləmək üçün bundan yaxşı nə ola bilər ki? Sadəcə, inanmıram ki, nələrsə edə bilərəm.
 
- Bunu təslim olmaq kimi düşünə bilərik?
 
- Təslim olmaq deyəndə, baxın neçə illərdi klubda eyni startegiya davam edir? Yaxşı, kənardan izləyən insan kimi siz mənə deyə bilərsizmi Samir Abasov filan işi görsən "3-lüy"ə düşəcəksən?
 
- Məsələn taktikanı, oyun üslubunu dəyişmək. Yaxud transfer dönəmində yaxşı azərbaycanlı futbolçular tapmaq və sair?
 
- Yaxşı Azərbaycanlı futbolçu kimdi? Sonuncu pillədə olan komandanın futbolçusu sənə nə dərəcədə kömək edəcək ki, məqsəd uğrunda oynayasan?
 
- Ola bilər ki, hansısa klub legionerə üstünlük verə, sizin yaxşı bildiyiniz futbolçu ordan ayrıla və dərhal onu götürəsiz?
 
- Bununla da razıyam. Siz yəqin ki, 100 faiz "Qəbələ" və "Qarabağ"dan danışırsız. Həmin oyunçular, əvvəlcə "Zirə", daha sonra "Neftçi"yə, Bakının içindəki klublara da lazım olmayandan sonra bura gələcəklər. İndi siz düşünün o nə futbolçudu ki? Təslim olmaqdan söhbət getmir. Taktikanı dəyişək? Üçlü müdafiədən çıxaq? Mətbuat konfransında məni didmirdiz ki, "Komanda 4-lü müdafiə ilə oynamaq gücündə deyil"? Bunu deyən insanlarsız axı. Yəni, sizi də başa düşürəm. Çünki mənim mərkəz və cinah müdafiəçilərimi görürsüz. Ən azı arqumentiniz var. Taktikanı dəyişmək? Zatən beşli müdafiədə də oynadırdım komandanı. Mövsüm ərzində bir dəfə sistem dəyişdi, 4-lü müdafiə ilə "Keşlə"ni məğlub etdik. O da məcburiyyətdən oldu. Vurğun zədəli idi, digər müdafiəçim də sarı vərəqə limitini doldurmuşdu. Burda nə olursa klubun xeyrinədi. Məşqçi özünə əmin deyilsə və bunu da boynuna alırsa daha yaxşı nəsə varmı?
 
- Son olaraq rəhbərliklə görüşmüsüz, yoxsa bitdi?
 
- Rəhbərlik çağırıb, dəyişikliklər olacağını deyib. Biz də gözləyirik. Oyundan sonra prezidentimiz də dedi ki, bu artıq "yuxarılar"dan qoyulmuş strategiyadı və nə olsa da dəyişilməyəcək. Legioner olmayacaq. Mən də gedib heç nə danışmamışam. Bu da artıq "Sumqayıt"dan ayrılmağım anlamına gəlir.
 
- Gələcək planlarınız necədi?
 
- Düşünüləsi heç nə yoxdu. Klublarımız da çox deyil. Sadəcə, dincəlirəm. Daha doğrusu, o stressdən çıxa bilməmişəm. Ayın sonuna, daha doğrusa iyunun 13-nə qədər uşaqların dərs mövsümü bitir, onlarla məşğuluq. Nə var-nə yox deyə bilmərəm. Amma inanıram ki, yaxşı olacaq. Bundan sonra öz adıma ən düzgün qərarı verməyə çalışacam. "Sumqayıt" mənim üçün təcrübə oldu. Bundan sonra istədiyimiz klubda işləmək xoş olardı ki, bunu da gözləyəcəyəm. Hazırda dəvət yoxdu. Dəvətin də dəvət yeri var. Hələ ki, evdəyəm, sizinlə telefonla danışıram.
 
Sport7.az

XƏBƏR LENTİ