AFFA rəsmisi: "Bunu "Xəzər" klubundan soruşsanız, daha yaxşı olar"

Sayta qoyulub: 11:33 19.05.2018 (184 dəfə oxunub)

 

AFFA rəsmisi: "Bunu "Xəzər" klubundan soruşsanız, daha yaxşı olar"

AFFA Lisenziyalaşdırma qrupunun müvəqqəti rəhbəri Sərxan Hacıyev müsahibə verib. 


- AFFA-nın  Lisenziya Komissiyasının qərarları açıqlananda bildirilmişdi ki, qərardan narazı qalan klublar Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə 10 gün müddətində apellyasiya şikayəti verə bilərlər. Sözügedən komitəyə bununla bağlı müraciət edən olubmu?

- Sabah artıq 7-ci gün tamam olacaq. Heç bir klub apellyasiya şikayəti verməyib.
 

 

- Birinci divizionda çempion olan "Xəzər"in Premyer Liqaya buraxılmaması geniş müzakirə mövzusu oldu. Konkret olaraq, hansı səbəblərə görə bu komandaya lisenziya verilmədi?

- Bunlar məxfi məsələlər olduğuna görə biz öz tərəfimizdən lisenziyanın hansı səbəblərdən verilmədiyini açıqlaya bilmirik. Amma bu səbəblər kluba rəsmi şəkildə göndərilib. Bilirsiniz ki, mayın 12-də bizim iclasımız olmuşdu və hər bir klub haqqında qərar qəbul edilmişdi. Bu qərarlar həm şifahi, həm də yazılı şəkildə onlara bildirilmişdi. Siz bunu "Xəzər" klubundan soruşsanız, daha yaxşı olar. Onlar istəsələr, özləri açıqlaya bilərlər.

 

- Sizcə, hansısa klubun apellyasiya şikayəti verməsi bundan sonra nəyisə dəyişə bilərmi?

- Lisenziyalaşdırma Komissiyası sənədlərə əsasən qərar verir. Deyək ki, 2 klubun sənədlərini komissiyaya təqdim etmişik. Birində hər şey qaydasındadır, digərində çatışmazlıqlar var. Lisenziyalaşdırma Komissiyası da qərar çıxarır ki, bu kluba lisenziya verilir, digərinə verilmir. Bu, şəxsi mövqeyimdir ki, mən nəyinsə dəyişəcəyinə inanmıram. Çünki sənəd ya var, ya da yoxdur. Komissiya da qərarları buna əsasən qəbul edir. Amma bunu da xüsusilə qeyd etmək istəyirəm ki, Apellyasiya Komitəsi müstəqil qurumdur, istənilən qərarı qəbul edə bilər.

- "Xəzər"in əvəzinə birinci divizionu 5-ci sırada bitirən "Sabah"a lisenziya verilməsi də müəyyən narazılıqlara səbəb oldu. Halbuki həmin qərardan təxminən 4 gün öncə siz mətbuata açıqlamanızda bildirmişdiniz ki, çatışmayan sənədlər bütün divizion təmsilçilərini Premyer Liqadan məhrum edəcək səviyyədədir. Necə oldu ki, "Sabah" klubu sizin ciddi hesab etdiyiniz problemləri qısa vaxt ərzində aradan qaldırdı?

- Bilirsiniz, hansısa çatışmayan sənəd olanda bu barədə kluba məlumat verilir. Misal üçün, deyirik ki, sizdə filan sənəd çatışmır. O klubun vaxtı var ki, Lisenziyalaşdırma Komissiyasının iclasına qədər problemi həll edib, lazımı sənədi bizə təqdim etsin. Bu halda komissiya həmin sənədə baxır. Əgər hər şey qaydasındadırsa, müvafiq qərar verilir. Onlar komissiyanın qarşısına tələb olunan sənədləri qoyduqları üçün kluba lisenziya verildi. Lisenziyalaşdırma qrupunun işi sənədləri toplayıb, çatışmayan cəhətlər barədə klublara məlumat vermək, kömək etməkdən ibarətdir. Sonda isə bu sənədləri Lisenziyalaşdırma Komissiyasına təqdim edirik.

- Onda belə çıxır ki, "Sabah"ın lisenziyalaşdırma ilə bağlı sənədlərində sizin dediyiniz qədər də ciddi nöqsan yox imiş...

 

- Bütün klublarla ilk dəfə ötən ilin oktyabr ayında görüş olmuşdu. Orda onlara lisenziyalaşdırma prosesi başa salınıb. Bundan sonra artıq hər bir klubla üzbəüz görüşlər olur. Klublar gətirib sənədləri təqdim edirlər. Hansı sənəddə nöqsan olduğunu görürüksə, bunu onlara qaytarırıq. Əgər bizim iradımızı nəzərə alıb, həmin sənədləri düzəldirlərsə, biz bunu Lisenziyalaşdırma Komissiyasına göstəririk. Onlarda müvafiq olaraq, kluba lisenziya verirlər.


Qol.az

XƏBƏR LENTİ