PFL-dən açıqlama: "Sumqayıt"-"Qarabağ" görüşü canlı yayımlanmayacaq

Sayta qoyulub: 12:19 20.04.2018 (220 dəfə oxunub)

Peşəkar Futbol Liqası Topaz Premyer Liqanın 24-cü turu çərçivəsində aprelin 22-i  keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçının canlı yayımlanmamasının səbəbini açıqlayıb.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məsələnin təqvim dəyişikliyi ilə bağlı olduğunu bildirib:

 

“Bu, nə “CBC Sport”, nə də PFL-dən asılı olan problemdir. Əslində oyun sabah keçirilsəydi, canlı yayımlanacaqdı. Ancaq həm “Sumqayıt”, həm də “Qarabağ” öz aralarında razılığa gələrək, rəsmi şəkildə bizə müraciət ediblər ki, matçın vaxtı dəyişdirilsin. Əsas səbəb də məhz bu dəyişikliklə bağlıdır. Təqvim əvvəlcədən hazırlanır və hansı oyunların canlı yayımlanıb-yayımlanmayacağı təsdiqlənir. Sabah keçiriləcək “Neftçi” – “Qəbələ” matçı da kifayət qədər gərgin və maraqlı olacaq. Bilirsiniz ki, “Neftçi” kubokda mübarizəni dayandırdığı üçün avrokuboklardan kənarda qalmaq təhlükəsi ilə üz-üzədir. Yəni, sabah əsl ölüm-dirim oyunu olacaq. Biz onlara deyə bilmərik ki, sizin oyununuzu yayımlamırıq, “Sumqayıt” – “Qarabağ” oyununun vaxtı dəyişilib, onu verəcəyik. Heç kimin haqqına girə bilmərik”.

Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” oyunu aprelin 22-i saat 19:00-da başlayacaq. Ağdam klubu rəqibini məğlub edəcəyi təqdirdə, digər görüşlərin nəticəsindən asılı olmayaraq, çempionluğunu rəsmiləşdirəcək. “CBC Sport” isə aprelin 22-i eyni saatda start götürəcək “Neftçi”- “Qəbələ” matçını canlı yayımlayacaq.

XƏBƏR LENTİ