"Kəpəz"də maliyyə böhranı

Sayta qoyulub: 09:57 19.03.2018 (180 dəfə oxunub)

Premyer Liqanın son 2 turunu məğlubiyyətlə bitirən «Kəpəz»də ciddi problemlər baş qaldırıb. Komanda maliyyə çətinlikləri ilə üzləşib.

Yeni ilin gəlişindən 3 aya yaxın vaxt keçsə də, Gəncə təmsilçisi yalnız 1 dəfə, onda da yanvarın maaşını alıb.

Ödəmələrin AFFA-dan, yoxsa SOCAR-dan qaynaqlanması hələlik bilinmir. Bilinən bircə odu ki, yaranmış vəziyyət Yunis Hüseynovu futbolçularla üz-üzə qoyub. Xüsusən legionerlər düşdükləri durumdan bərk narahatdı.

«Kəpəz» Bakıda ev tutduğu oyunçuların kirayə pulunu belə, verə bilmir. Mənzil sahibləri ən qısa müddətdə ödəmə edilməyəcəyi təqdirdə, onları evdən çıxaracaqları ilə hədələyib.

Komandaya yanvarın axırında qoşulan əcnəbilərdən İqor Korotetski və Şandon Vinçesterin isə ümumiyyətlə əlinə pul dəyməyib. Hər ikisi Bakıda öz hesabına yaşayır və cibinin pulunu xərcləyir.

Yerlilər səsini çıxarmağa cəsarət etməsə də, legionerlər artıq narazılığını bildirib. Rəhbərliyin diqqətinə çatdırılıb ki, maaşları bugünlərdə ödənilməsə, əvvəlcə məşqləri, sonra çempionat oyunlarını boykot edəcəklər.

XƏBƏR LENTİ