“Şəmkir” yaxın günlərdə geri qayıdacaq”

Sayta qoyulub: 10:36 05.03.2018 (530 dəfə oxunub)

“Şəmkir” yaxın günlərdə geri qayıdacaq”

 

 

Azərbaycanda region futbolundan bəhs edərkən ağıla ilk gələn komandalardan biri də “Şəmkir” olur. Ölkədə qazanılan titulların əyarına görə “ağ-qırmızılar”la yalnız Qərb bölgəsinin digər təmsilçisi “Kəpəz” rəqabət apara bilər. “Şəmkir” ölkədə qazanılmış titulların əyarına görə Azərbaycanda “Kəpəz”dən sonra ikincidi. Azərbaycan çempionatında qazanılan xalların sayına görə isə “ağ-qırmızılar” 5-cidi (“Kəpəz”, “Turan”, “Xəzər Lənkəran” və “Qəbələ”dən sonra).

Süleymanovun “Şəmkir”i

90-cı illərin sonu, 2000-ci illərin əvvəlləri “Şəmkir”in Azərbaycan futbolunda “at oynatdığı” dövrlər idi. Həmin vaxt Azərbaycanda futbol deyəndə, ağıla ilk olaraq “Kəpəz”, “Neftçi” ilə yanaşı, məhz bu komanda gəlirdi. 2000-2002-ci illər aralığında isə “Şəmkir” Azərbaycan futbolunda brend halına gəlmişdi. Çempionlar Liqasında mərhələ adlayan ilk təmsilçimiz də məhz “Şəmkir” olub. Komanda qitənin ən nüfuzlu klub turnirinin 2001/02 mövsümünün ilk mərhələsində, o vaxt postsovet məkanında sayılıb-seçilən klublarından olan Latviya “Skonto”sunu mübarizədən kənarlaşdırmışdı (1:2, 4:1 - əlavə vaxtda).

Komandaya həmin vaxt imkanlı iş adamı, mərhum Şahbaz Süleymanov sponsorluq edirdi. Məhz onun maddi yardımı ilə Şəmkrdə o vaxt regionlar üçün görülməmiş hadisə baş vermiş, 10 min tamaşaçı tutumuna malik stadion tikilmişdi.

“Şəmkir” yaxın günlərdə geri qayıdacaq”

Başqaları “dirildi”, “Şəmkir” “öldü”

Maraqlıdı ki, “Şəmkir”in yüksəlişi ölkə futbolunda maddi çətinliklərin tuğyan etdiyi dövrə təsadüf etmişdisə, çöküşü yerli futbola milyonların axın etdiyi vaxtda oldu. 2004/05 mövsümü “Şəmkir”in ölkə çempionatının yüksək liqasında (Premyer Liqada) son çıxışı oldu. Halbuki məhz 2004-2005-ci illərdə Azərbaycanda regionlarda yeni, maddi imkanı yaxşı olan komandalar yaradılırdı (“Karvan” (Yevlax), “MKT-Araz” (İmişli), “Xəzər Lənkəran” və s.).

“Şəmkir” yaxın günlərdə geri qayıdacaq”

Şəmkirlilər birinci diviziona da həsrət qaldılar

“Şəmkir” “canını tapşıran” dövrdə komandanın “sükanı arxasında” Qəhrəman Əliyev var idi. Uzun müddət “Viləş”in baş məşqçisi olmuş, Masallı klubuna tarixi ərzində ilk dəfə İntertoto kubokuna vəsiqə qazandıran mütəxəssis 2001-ci ildə Qərb təmsilçisinin baş məşqçisi təyin edilmişdi. Əliyev “Şəmkir”dəki elə ilk mövsümündə çempion olsa da, həmin mövsümdə (2001/02) ölkə futbolunda qalmaqalın yaşanması, çempionatın ikinci mövsümünün AFFA-nın bayrağı altında keçirilməməsi bu çempionluğun hesaba alınmasına mane oldu.

Əliyev 2016/17 mövsümündə də “Şəmkir”in “sükanı arxasına” keçdi. Ancaq bu dəfə “qırmızı-ağlar” Premyer Liqada yox, birinci divizionda çıxış edirdi. Uzun fasilədən sonra şəmkirli azarkeşlərdə doğma komandalarının yenidən yüksək liqada çıxış edəcəyinə inam yaranmışdı. Komanda aşağı liqada liderlər qrupunda qərarlaşmışdı. Lakin mövsümün ikinci yarısında Qəhrəman Əliyev klub rəhbərliyi ilə fikir ayrılığına görə komandadan ayrıldı. Daha sonra isə sponsorlar komandadan imtina etdi, şəmkirlilərin isə Premyer Liqa arzularının üzərindən xətt çəkildi.

“Şəmkir” yaxın günlərdə geri qayıdacaq”

“O vaxt da demişdim, indi də deyirəm, o insan futbol adamı deyil”

İki fərqli vaxtda komandanı çalışdırmış Qəhrəman Əliyev həmin dövrləri belə müqayisə edir:

- Yerlə göy qədər fərq var. O vaxt “Şəmkir” yüksək liqada oynayırdı və Azərbaycanın ən güclü komandalarından biri idi. Daha doğrusu, elə birincisi idi. O vaxt komanda yenicə “Skonto”nu keçmişdi. Bir bölgə klubu kimi ölkə futbolunda əsas söz sahibi idi. Yerli əhali də futbolla nəfəs alırdı. Adi məşqlərə belə, 2-3 min adam gəlirdi. Maliyyə problemimiz də yox idi. Geyim, şərait, hamısı qaydasında idi. Heyətimiz də çox güclü idi. Komandada 26 futbolçu var idi. Azərbaycanın ən seçmə oyunçuları bizim komandamızdaydı. Bizdə olan futbolçulardan iki güclü heyət yığmaq olardı. Hər iki heyət də çempionatda yüksək yerlər uğrunda oynamağa qadir olardı. Komandanın ev oyunlarını keçirdiyi stadion da o vaxtlar ölkədə seçilən arenalardan idi. Biz həmin stadionda avrokubok oyunu da keçirmişdik (UEFA kuboku, 2004/05 mövsümü, “Tbilisi”). Həmin vaxt komandaya icra hakimi Aslan Aslanovla rəhmətlik Saşa (Şahbaz Süleymanov) baxırdı. Sonra təkcə Aslan müəllim kömək etməyə başladı. Daha sonra isə o, iş yerini dəyişdi və komanda dağıldı.

“Şəmkir” yaxın günlərdə geri qayıdacaq”

Budəfəki “Şəmkir”də isə vəziyyət tam fərqli idi. İlk növbədə, komandanın stadion problemi var idi. Olimpiya kompleksinin stadionu görünüş olaraq yaxşı görünsə də, meydançası çox pis idi. Çox çalışdılar ki, meydançanı yaxşı vəziyyətə gətirsinlər, lakin istədiyimiz səviyyəyə gəlmədi. Azarkeşlər əvvəlki kimi olmasa da, qələbələr qazandıqca gəlir, komandanı dəstəkləyirdilər. Hətta icra hakimi Alimpaşa Məmmədov da oyunlara gələrək bizi dəstək olurdu.

Komanda qış fasiləsində Antalyaya təlim-məşq toplanışına getmişdi. Orda 4 yoxlama oyunu da keçirmişdik. İkinci dövrəyə yüksək səviyyədə hazırlaşmışdıq. Sadəcə, ikinci dövrənin ilk oyununda evdə “Şahdağ”ı məğlub etdikdən sonra hər şey dəyişdi. Qarşımıza birinci divizionda 1-ci yeri tutaraq Premyer Liqaya vəsiqə qazanmağı məqsəd qoymuşduq. Lakin daha sonra rəhbərlik bizə mane olmağa başladı. O vaxt da demişdim, indi də deyirəm, o insan futbol adamı deyil. Təsadüfi olaraq gəlmişdi futbola. Baxmayaraq ki, özü əvvəl futbolçu olub, lakin idarəçiliyi çox zəif idi. Elə buna görə də komandadan uzaqlaşdırıldı. Bakıda “Rəvan”a uduzduqdan sonra gördüm ki, bu, mənim komandam deyil. Həmin vaxt rəhbərlik cəhətdən çox korluq çəkdik. Daha dəqiqi, sponsorlar yox, komandaya rəhbərlik edən şəxslər futbolçuları aldadırdı. İlk dövrədən sonra 2-ci yerdə qərarlaşmışdıq. Lakin bayaq qeyd etdiyim məsələlərə görə, öz xoşumla tutduğum postdan istefa verdim. Elə yaxşı ki, belə elədim. Mən təmiz çörək yeməyi sevirəm.

“Şəmkir” yaxın günlərdə geri qayıdacaq”

“İndi maşallah, rayonlarda çox gözəl otellər tikilib”

- Əvvəllər uzun müddət Masallıda, “Viləş”də də çalışmısız. Yəni bölgə klublarında təcrübəniz çoxdu. Bu komandaların hamısının fəaliyyətini dayandırmasının demək olar, canlı şahidi olmusuz. Sizcə, regionlarda klublar niyə çox yaşaya bilmir?
- “Viləş” 10 il yaşadı. Yüksək liqada 3-cü olmağı bacardı. Hətta yerli uşaqlarla iki dəfə İntertoto kubokuna da qatıldı. Əlbəttə, komandanın dağılması maliyyə ilə bağlıdı. 2000 və 2001-ci illərdə “Viləş”lə İntertotoda iştirak etdikdən sonra 2001-ci ildə “Şəmkir”lə anlaşdım. “Şəmkir”ə getdikdən cəmi 1-2 ay sonra “Viləş” fəaliyyətini dayandırdı. O vaxt da bu komandanın rəhbərliyi ilə müəyyən problemim olmuşdu. Elə məhz buna görə də ayrıldım. Komandaların dağılmasına əsas səbəb maliyyədi. Maliyyə deyəndə ki, bu məsələyə səthi yanaşılmamalıdı. Klubun bünövrəsi olmalıdı.

“Şəmkir” yaxın günlərdə geri qayıdacaq”

- Bu gün də Azərbaycanda az da olsa, yeni klublar yaradılır. Ancaq maraqlıdı ki, futbola pul yatıran insanlar regionlarda fəaliyyət göstərmiş köklü klubları bərpa etməkdənsə, Bakıda sıfırdan, yeni komanda qurmağa daha çox üstünlük verirlər. Sizcə, bunun səbəbi nədi?
- Şəxsən mənim fikrimcə, kütləviliyi təmin etmək, yaxşı klub yaratmaq istəyirsənsə, ən yaxşı variant rayondu. İndi əvvəlki dövrdəki kimi də deyil axı. Hazırda rayonlarda yaxşı otellər, restoranlar var. Sadəcə, ola bilsin, rayonlarda stadionlar pis vəziyyətdə olsun. Amma əvvəlki dövrlərdə regionda bu cəhətdən müəyyən problemlər var idi. Məsələn, mən birinci dəfə “Şəmkir”də çalışanda rayonda düz-əməlli mehmanxana yox idi. Futbolçular elə yerdə qalırdı ki, orda adam qalmaz. Lakin indi maşallah, rayonlarda çox gözəl otellər tikilib. Məncə, indiki halda sahibkarlara rayonda futbola yatırım etmək daha çox sərf edər, nəinki Bakıda. Paytaxtda nə azarkeş kütləsi yığa bilər, nə də kütləvilik təmin edilə bilər. Futbol azarkeşlər üçündü. Ola bilsin, sahibkarlar, imkanlı şəxslər Bakıda yaşayır deyə, komandanın da özlərinə yaxın olmasını istəyirlər. Ancaq rayonlarda komanda yaradılsa, daha maraqlı olar. Məsələn, “Viləş” ölkə çempionatında oynayanda bu rayonda futbola maraq görülməyə dəyərdi. Komandanın əksəriyyəti yerli uşaqlar idi. Hər oyuna 9-10 min azarkeş gəlirdi. Bu cür futbol hamıya ləzzət edirdi.

“Şəmkir” yaxın günlərdə geri qayıdacaq”

“Qəzetdə, televiziyada onu göstərəndə hamıda maraq yaranır”

- Razılaşırsız ki, rayonlarda fəaliyyət göstərən bir komandada nə qədər çox yerli futbolçu varsa, o komandanın oyununa daha çox azarkeş gəlir?
- Əlbəttə, ancaq yerli futbolçuların oynamağı birdən-birə yaranmır. Elə rayonlar var ki, orda futbol çoxdan dayanıb, təzədən futbolun inkişafı üçün bir neçə il lazım olur. Belə olduğu halda, ən azı 6 il lazımdı ki, yerli uşaqlar yetişsin. O vaxt -1990-cı ildə mən “Viləş”i qəbul edəndə orda dərhal ikinci komanda yaratdım. Həmin uşaqlar 5-6 il sonra əsas komandaya qədər yüksəldilər. Daha sonra həmin futbolçularla da biz İntertoto kubokuna vəsiqə qazandıq. O vaxt “Viləş”in 80 faizi yerli uşaqlar idi. Təbii ki, komandada yerli futbolçular top qovanda, onun dostları, qohumları, ailəsi də komandanın oyununa maraq göstərir. Qəzetdə, televiziyada onu göstərəndə hamıda maraq yaranır. Rayona çıxırsan, hamı sənə hörmət edir. Bütün rayon komandanın ətrafında sıx birləşir. Mən “Viləş”də olanda belə idi, elə “Şəmkir”də çalışdığım zaman da eyni hal müşahidə olunurdu. Düzdü, “Şəmkir”də yerli uşaqlar az idi. Lakin mən kluba gəldikdən sonra ikinci komanda yaratdım, bu komanda həvəskarlar liqasında oynamağa başladı. Bundan sonra yerli uşaqlar da çıxdı. Sonradan bu komandadan Rövşən Əmiraslanov, Samir Zərgərov, İzzətəli Süleymanov, Samir Hacıyev kimi oyunçuları əsas komandaya cəlb etmişdim. Ancaq daha sonra komandaya baxan olmadı, beləliklə, uşaq futbolu da dağılıb getdi.

“Şəmkir” yaxın günlərdə geri qayıdacaq”

“Bu məsələ həll olunsa, heç bir problemimiz qalmaz”

Hazırda da “Şəmkir” yaşayır. Komanda son mövsümdə birinci divizionda çıxış etsə də, bu mövsümdə daha aşağı səviyyəli yarışda, AFFA-nın təşkil etdiyi Region Liqasında yarışır. Bəs “Şəmkir”in geri qayıtmaq, ən azı birinci divizionda görünmək şansı nə qədərdi?

Bu məsələylə bağlı komandanın mətbuat xidmətinin rəhbəri Elgün Seyid suallarımızı cavablandırdı:

- Komandanın maliyyə vəziyyəti nə yerdədi?
- Komandamız hazırda AFFA-nın və yerli icra hakimiyyətlərinin dəstəyi ilə keçirilən Region Liqasında mübarizə aparır. Heyətimiz əsasən yerli gənc futbolçulardan təşkil olunub. Rayon İcra Hakimiyyətinin dəstəyi ilə daxili rayon birinciliyi keçirildi. Birinciliyin ümumi mükafat fondu 9 min 500 manat idi. Çempionatda 16 komanda mübarizə aparırdı. Zəyəm qəsəbəsinin komandası birincilikdə qalib oldu və beş min manat mükafata sahib çıxdı. İkinci yerə Şəmkir şəhərinin “Qaryağdı” klubu, 3-cü yerə isə şəhərin “Şəmkir” komandası yiyələndi. İcra Hakimiyyəti tərəfindən ikinci yerə 3 min, 3-cü yerə 1500 manat mükafat verildi. Birinciliyin qalibi “Zəyəm” komandası hazırda “Şəmkir” FK-nı Region Liqasında təmsil edir. Komandaya bütün dəstək rayon rəhbərliyi tərəfindən göstərilir.

“Şəmkir” yaxın günlərdə geri qayıdacaq”

- Komandanın stadion, meydançayla bağlı problemi yoxdu k? 
- Şəmkirin bütün kəndlərində hazırda meydança var. Komandamız üçün Şəmkir şəhərində də məşq üçün yeni meydança istifadəyə verildi. Daxili oyunlarımızı isə Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda oynayırıq. AFFA-dan verilən məlumata görə, gələcəkdə olimpiya komplekslərinin stadionları klubların balansına veriləcək. Bu məsələ həll olunsa, heç bir problemimiz qalmaz.

- Hazırda komandada hansı yaş qrupları var? 
- Demək olar ki, bütün yaş qruplarımız var. Aşağı yaş qruplarında bir neçə komandamız da AFFA-nın bayrağı altında keçirilən çempionatlarda mübarizə aparır.

- Aşağı yaş qruplarının əsas problemləri nələrdi? 
- Futbolun problemi hər zaman maliyyə olub. Düzdü, bizə kifayət qədər dəstək göstərilir. Amma bu hər şeyi həll etmir. Bu istiqamətdə rayonda bir sıra layihələr həyata keçirilir. Demək olar ki, yekunlaşmaq üzrədi. Yaxın günlərdə hər şey istədiyimiz kimi olacaq. “Şəmkir” yenidən öz uğurlarını geri qaytaracaq. 

- Komandanın Region Liqasında və bundan sonrakı hədəfləri nələrdi? 
- Komandamız gələn mövsüm 1-ci divizionda oynamağı qarşısına məqsəd qoyub. Bu istiqamətdə də bütün işləri sürətləndirmişik. Hər şey istədiyimiz kimi getsə, gələn mövsüm ”Şəmkir” 1-ci divizionda mübarizə aparacaq.

- Hazırda yerli əhali tərəfindən “Şəmkir”ə maraq varmı?
- Şəmkir Azərbaycanın futbol sevgisi olan ən böyük bölgəsidi desək, yanılmarıq. Region Liqasında belə komandanı minlərlə adam dəstəkləyir. Bunu ev oyunlarımızda görə bilərsiz. Ötən həftə Gəncədə yerli “Xəmsə” komandasının qonağı idik. Stadionda yerli azarkeşlərdən çox şəmkirli var idi. Elə bu sevgidi ki, bizi “Şəmkir” üçün dayanmadan çalışmağa vadar edir. Əlimizdən gələni əsirgəmirik ki, Şəmkir futbolsuz qalmasın. “Şəmkir” yaxın günlərdə geri qayıdacaq. Buna hər birimiz əminik. Gələn mövsüm yeni idarə sistemi, yeni infrastruktur və nəhayət, güclü heyətlə “Şəmkir” görəcəksiz. “Şəmkir” yenə Azərbaycan futbolunun diqqət mərkəzində olacaq.

“Şəmkir” yaxın günlərdə geri qayıdacaq”

Dolu taxta oturacaqlar, yoxsa boş plastik oturacaqlar?

Elə şəmkirli azarkeşlər də həmin günün gəlməsini gözləyir. Bu gün ölkə futbolunun ən böyük çatışmazlığı kütləviliyin olmamasıdı. 15-20 il öncəylə müqayisədə yüksək liqa oyunlarının keçirildiyi stadionlar bərbad vəziyyətdə deyil. Əvvəllər çürümüş, taxta oturacaqlar qarşısında oynanılan çempionat oyunları bu gün müasir plastik oturacaqların bəzədiyi səliqəli stadionlarda keçirilir. Lakin fərq var. Həmin yarıçürümüş taxta oturacaqlar adətən dolu olurdusa, plastik oturacaqlar boş qalır. Bu gün Premyer Liqada çıxış edən klublardan 2-3-nü çıxsaq, digərlərinin azarkeş kütləsindən ümumiyyətlə, danışmaq mümkün deyil. Futbolu sevən, futbolla nəfəs alan Masallı, Şəmkir kimi rayonların futbol pərəstişkarları isə hər il yenisi yaradılan, yaxşı maliyyə imkanlarına malik Bakı klublarına baxıb, təəssüf edirlər.

“Şəmkir” yaxın günlərdə geri qayıdacaq”

Bu gün Şəmkir rayonunda təxminən 210 min əhali yaşayır. Şəhərin özündə isə 42 min əhali məskunlaşıb. İstər tamaşaçı potensialına görə, istərsə də yeni istedadların üzə çıxarılması istiqamətində Şəmkir futbola sərmayə qoyulması üçün ideal rayondu. Ən azı, bu bölgədə futbola pul yatırılsa, top oyununun təbliği üçün əlavə əziyyət çəkməyə ehtiyac qalmayacaq. Şəmkirdə futbol üçün hər şey - azarkeş, futbol keçmişi, uğurlar, yeni istedadların yetişməsi üçün potensial var. Qalır, bu amilləri canlandıracaq maliyyə...

 

 

komanda.az

XƏBƏR LENTİ