Samir Abbasovdan qələbə şərhi

Sayta qoyulub: 20:23 25.02.2018 (101 dəfə oxunub)

Samir Abbasovdan qələbə şərhi
 
Topaz Premyer Liqasının 17-ci turunda səfərdə "Keşlə"ni 2:1 hesabı ilə üstələyən "Sumqayıt"ın baş məşqçisi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Cəza səbəbindən texniki zonadan kənarda qalan mütəxəssis öncə oyun haqda danışıb: 
 
- Qarşılaşma heç də ürəkaçan deyildi. "Keşlə” klubunun adından danışa bilmərəm. Uşaqlara da dedim. Oyun ərzində çox çalışdıq. Əziyyət çəkdik. Son 15-20 dəqiqə ərzində oynamağa başladıq. Allah bu 3 xalı bizə pay verdi. Evə sevincli gedirik. İki komandanın da oyununa baxandan yaxşı oyundan söz gedə bilməzdi. Darıxdırıcı idi. Birinci hissənin tez bitməsini istəyirdik ki, tapşırıqlarımızı verək. İkinci hissədə də fikirləşirdim ki, bu oyun necə olacaq? Çempionatın adına yaraşmayan oyun oldu. Bu isə mənim xoşuma gəlmədi.
 
- Qol vəziyyəti yaratmaqdan çətinlik çəkirdiniz. Bu nə ilə bağlı idi?
 - Bu əsasən rəqibin sıx oynamağı ilə bağlıdır. Biz fikirləşirdik ki, rəqib doğma meydanda oynayır. Bu oyun həm də kuboköncəsi bir sınaqdır. Fikirləşdiyimiz kimi olmadı. Oyunun əvvəllərindən qol buraxmaqlarına baxmayaraq müdafiə futbolu oynadılar. Əks hücumlara önəm verirdilər. Ona görə biraz problemlər yarandı. Bu gün oynamayan futbolçuları da meydana buraxdıq. Ülvi İsgəndərli və Cavid Tağıyevi misal göstərmək olar. Qol vəziyyətlərinin yaradılmasında həyacanlı olduqları hiss olunurdu. Həm də səfərdə oynayırdıq. Rəqibin qapanmağı bizə çox mane oldu.
 
- Qolu rəqibə hədiyyə elədiniz. "Sumqayıt”da qapıçı problemi olduğunu düşünürsünüz?
- O problemdən danışmaq istəmirəm. Oyunçularım haqda da danışmayacam. İlin sonuna az qalıb. Səhvlər həmişə olur. Cavan da edir, yaşlı da. Bizim üçün sevincli haldır ki, səhvə baxmayaraq, bu gün meydanı qələbə ilə tərk edirik.
 
- Həyəcanlı oynamağın "Neftçi”nin xal itirməsi ilə əlaqəsi var?
- "Neftçi” ilə 7 xallıq fərq var. İnanmıram ki, bu "Neftçi”nin həyəcanı olsun. Futbolçular öz üzərində təziq yaradıb. Ancaq qələbəyə köklənmişdilər. Çempionatda bir yer tutmaq istəyirik. Rəqibin oyunu və heyətdəki yeni futbolçuların həyəcanına görə pis, baxımsız oyun sərgilədik.
 
- Amil Yunanovun ehtiyatda qalma səbəbi nədir?
- Onun da səbəbi var. İki oyundan sonra biləcəksiniz. Ülviyə də şans verməliydim. Hər şey ola bilər. İki oyundan sonra səfərdə "Qəbələ” ilə oynayacağıq. "Qəbələ”dən icarəyə gələnlər oynamayacaq. Ülvini ona görə bu gün meydana buraxdıq. Amilə isə biraz istirahət verdik. İkisini də fiziki güc olaraq balansda saxlamaq istədik.
 
- Oyunu texniki zonadan izləmək çətin idi?
- Çox çətindir. Özümü sıxıb saxlamışdım. Orda olsaydım, çox danışacaqdım. Tribunadan səsim çatmır. Bura ilə oranın fərqi tam başqadır. Mənim üçün çox çətin idi.
 
- Qələbə qolundan sonra başınızı tutdunuz...
- Başımın arxasında ağrılar hiss etdim. Ona görə başımı tutdum.

XƏBƏR LENTİ