AFFA-dan "Qəbələ" və "Zirə"yə sərt cəzalar

Sayta qoyulub: 13:35 21.02.2018 (134 dəfə oxunub)

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. 

Topaz Premyer Liqasının XVI turunun “Qəbələ” – “Zirə” matçında baş verənlər İntizam Komitəsi tərəfindən geniş müzakirə olunub. İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edir:

“Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

“Qəbələ” klubunun 8 №-li futbolçusu Qismət Alıyev, 14 №-li futbolçusu Cavid Hüseynov, “Zirə” klubunun 43 №-li futbolçusu Riçard Qadze, 7 №-li futbolçusu Sadio Tounkara aqressiv hərəkətlərə yol veriblər. Bu səbəbdən futbolçular 2 oyun cəzalanır, hər iki klub 3200 manat cərimə olunur (maddə 42.1).

“Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.4). Baş məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək (maddə 33).

“Qəbələ” klubu təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat cərimə olunur (maddə 50). Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaqdır.

“Qəbələ” klubunun məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62)

Topaz Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 60-cı dəqiqəsində "Neftçi" klubunun 6 №-li futbolçusu Rəşad Sadiqov azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 42.1).

“Sumqayıt” klubunun baş məşqçisi Samir Abasovun texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62).

XƏBƏR LENTİ