Millimizin qrupuna baxış

Sayta qoyulub: 10:49 28.01.2018 (508 dəfə oxunub)

Bir neçə gün əvvəl UEFA Millətlər Liqasının püşkatması keçirildi və Azərbaycan millisinin qrup mərhələsindəki rəqibləri məlum oldu. Təbii ki, hər şeyi oyunlar göstərəcək. Amma bəzi təhlillər aparıb proqnoz da verə bilərik. Müəyyən analizdən sonra tam qətiyyətlə belə nəticəyə gəlmək olar ki, yığmamız qrupun favoritidir. 


Rəqiblərimizin gücünü müəyyənləşdirərkən, ilk növbədə, komandaların heyətinə baxmalıyıq. Heyətlərə baxdıqda isə istər Malta, istərsə də Kosovo yığmalarının oyunçularının əsasən öz daxili çempionatlarında çıxış etdiklərini görürük. Farer adaları komandasının futbolçuları da əsasən öz çempionatlarında oynayanlardır. Amma müəyyən qismi əsasən İslandiya, bir neçə futbolçusu isə Skandinaviya ölkələrinin çempionatında top qovur. 


Elə bizim yığmanın da əksər oyunçuları öz çempionatımızda çıxış edir. Ona görə də gəlin, çempionatlarımızı müqayisə edək. UEFA-nın klub əmsalları cədvəlinə baxsaq, Kosovo sonuncu - 55-ci, Farer adaları 51-ci, Malta isə 47-ci yerdədir. Azərbaycan bu ölkələrdən çox irəlidə, 24-cü mövqedə qərarlaşıb. Düzdür, ölkəmizin klub reytinqində 24-cü yeri tutmaqda təkcə yerli futbolçular yox, legionerlərin də rolu olub, amma yerlilər də legionerlərlə meydanda yan-yana oynayıb, hansı ki, həmin futbolçular yığmaya çağırılırlar.


Farer adalarının bir neçə futbolçusunun oynadığı İslandiya 35-ci, Norveç isə 29-cu yerdədir ki, onlar da Azərbaycandan sonra gəlirlər. Farerlilərin yalnız iki oyunçusunun çıxış etdiyi Danimarka 17-cidir. Amma yığmanın oyununu iki futbolçuya əsasən müəyyənləşdirmək olmaz. Həm də bu futbolçuların klubunda əsas, yoxsa ehtiyat heyət oyunçusu olmaları da sual altındadır.

 

Millimizin qrupuna baxış 


İkinci nəzərdən keçirməli olduğumuz məqam rəqiblərimizin son seçmə mərhələdəki çıxışlarının nəticələridir. Builki dünya çempionatına vəsiqə uğrunda görüşlərdə Malta və Kosovo öz qruplarında hərəyə 1 xal toplayaraq, sonuncu yeri tutub. Yalnız Farer adaları 9 xal yığa bilib və 4-cü olub. Amma burada onun rəqibləri o qədər də güclü olmayıb. Müqayisə etsək, görərik ki, Farer adalarının qrupunda 3-cü yeri tutan Macarıstan, Azərbaycanın qrupunda eyni yeri tutan Çexiyadan zəifdir, eləcə də 4-cü yeri tutan Farer adaları Norveçdən, 5-ci yeri tutan Latviya Azərbaycandan. Buna baxmayaraq, rəqibin gücünü kiçiltmirik. Amma eyni zamanda qeyd edirik ki, bizim yığma Farer adalarından güclüdür.


Bir amili də nəzərə almaq lazımdır ki, yığmanın baş məşqçisi Qurban Qurbanovdur. Əvvəla özümüzünküdür, yəni futbolçuların mentalitetini, psixologiyasını əla bilir, onları tanıyır. Üstəgəl, özünü sübut etmiş baş məşqçidir. Təkcə legionerlərlə yox, yerli futbolçularla da öz sözünü demiş mütəxəssisdir. "Qarabağ”ın Norveç "Rusenborq”u ilə oyununu xatırlayırsınız? 10 yerli futbolçu və Admir Teli ilə Norveç klubunu keçdi. O "Rusenborq” isə indiki deyildi. O zamanlar Çempionlar Liqasında at oynadardı.


Bütün bu analizlərdən sonra fikrimcə, belə nəticəyə gəlmək olar ki, yığmamız bu qrupdan rahat 16 xal götürə bilər. Malta və Kosovaya hər iki oyunda qalib gəlmək sensasiya sayılmayacaq. Elə Farer adalarını Bakıda, azarkeşlər önündə yenmək də çətin olmayacaq. Yalnız adalılar öz evində yığmamızdan bəlkə bir xal qopara bilər. Amma o da çətin. Şəxsən mən o qədər də inanmıram.


Belə... Bu bir azarkeş yanaşması yox, təhlildən sonra gəlinən nəticədir. Yığmamız bu komandalarla da bacara bilməyəcəksə, onda futbol oynamasa yaxşıdır.

 

 

Millimizin qrupuna baxış

 

 

 

 

sportnet.az

 

Vüqar Məmmədov

XƏBƏR LENTİ