Joze Mourinyu-55

Sayta qoyulub: 10:25 28.01.2018 (435 dəfə oxunub)

Joze Mourinyu-55


Bobbi Robsonun "Barselona"dakı dönəmi bitmək üzrədi. Van Xal, Robson, Mourinyu və klub rəhbərliyinin iştirakıyla iclas keçirilir. Toplantıda hollandiyalının "Barselona"nın yeni baş məşqçisi olacağı, Robson-Mourinyu ikilisinin klubdakı fəaliyyətinin artıq bitdiyi qeyd olunur. Joze qərara əsəbi şəkildə reaksiya verir. Səbəb nə van Xaldı, nə Robson, sadəcə, klubun akademiyasında məşqçi kimi çalışacağına dair ona söz verilibmiş və vədlərinin üzərində durmadıqlarına görə etiraz edirmiş. Van Xal: "Artıq o gün Joze mənim üçün "xüsusi biri" idi". Mourinyunun məşqçiliyə qarşı böyük həvəsini görən van Xal onunla görüşür, fəaliyyətiylə tanış olur, bəyənir və komandasında yer verir.


Karyerasının ən pis dönəmi "Real"la bağlıdı - belə düşünür. Mövzu meydandakı nəticələrdən çox, meydandan kənarda baş verənlərdi. Haqqında oxuduğum bioqrafiyaların toplamını bir araya gətirəcəm; uzun-uzadı söhbətləri mümkün qədər qısaca özətləməyə çalışacam.


Komanda daxilindəki gərginlik ilk mövsümdəcə başlayır. Qruplaşmaların cizgiləri zaman keçdikcə daha da aydın seçilir. Var məşqçiyə nisbətən yaxın tayfa: Pepe, Xedira, Ronaldu, Özil, Marselu, Di Mariya, var rəhbərliklə sıx əlaqələri olanlar - əks cəbhə: Kasilyas, Ramos, İquain, Pedro Leon, Benzema, Kanales, Diarra, bir də üçüncülər - bitərəflər, Mourinyuya görə isə "ikiüzlü siyasətçilər": Arbeloa, Alonso və Qranero. Çempionlar Liqasının yarımfinalında "Bernabeu"da "Barselona"ya qarşı oynanılan və Madrid klubunun 0:2 hesablı məğlubiyyətiylə yekunlaşan matçdan sonra qrup fərq etmədən, komandanın əksəriyyəti ona qarşı üsyan edir. Üsyanın başında Kasilyas və Ramos durur. Özil, İquain, Ronaldu, Kaka, Arbeloa, Alonso, Benzema və Marselu isə kapitanların fikrini dəstəkləyir. Səbəb: Mounun əzəli rəqiblə matçda müdafiəyə meyilli taktika seçməsi. "Barça"ya qarşı oynanılan oyunu "biabırçılıq" adlandıran futbolçular dəfələrlə təkrarlayırlar: "Biz Madridik. Belə oynamaq bizim potensialımıza inanmamaqdan başqa bir şey deyil".


Növbəti mövsümlərdə komanda Jozenin rəhbərliyi altında müəyyən uğurlar qazansa da, Mouya görə, kulisdə ona qarşı münasibət əksinə, getdikcə pisə doğru gedir: Kasilyas və Ramosun başını çəkdiyi qruplaşmanın sıraları güclənir. 2012-13 mövsümünün gedişində, Çempionlar Liqasını qazanmaq ehtimalını göz önünə alan Florentino Peres, növbəti mövsümdən etibarən klubdaxili bütün ipləri Mourinyuya verəcəyinə dair qərar alır. Jozenin yeni mövsüm üçün "qara siyahı"sı da hazır imiş: Kasilyas, Ramos, Benzema, Özil, İquain. Ancaq medalyonun bir də digər tərəfi var - Peresin şərti: ÇL-i al, komandada qal. Yəni Çempionlar Liqası qazanılacağı təqdirdə Mourinyu postunda qalacaq və adlarını qeyd etdiyim beş oyunçuya qapı göstəriləcəkdi.


Sözügedən mövsümün sonlarına doğru Kasilyas vasitəsilə klubdaxili bəzi söhbətlər mediaya sızdırılır və Mourinyuya qarşı kampaniya başladılır. Jozeyə görə, hətta bəzi oyunlarda Ramos məşqçinin tapşırıqlarını gözardı edərək, komandaya "high line" oynamaq göstərişi verir. Bütün bunlar Mounun iddialarıdı. Nəticədə, mövsümün sonu gəlmədən Mourinyu "Real" dəftərini bağlayır. Son matçlarda məşqlərə ciddi yanaşmır, hətta yanılmıramsa, "Atletiko"yla kubok finalına komandadan ayrı yollanır. O ərəfələrdə Aleks Ferqyusonun "Mançester"dən ayrılacağı dəqiqləşir və Mourinyu növbəti iş yeri kimi "Yunayted"i görür. Serlə münasibətləri yaxşı olduğundan, ondan təklif barədə zəng də gözləyir, lakin proses gözlədiyi kimi getmir. Həmin ayları həyatının ən bərbad dönəmi adlandırır. Təxminən bir ay depressiyada olduğu deyilir.


Nəhayət, klubla əlaqələrini kəsdikdən sonra doğma "Çelsi"sinə qayıdır. Mounun sabiq və yeni komandaları elə həmin yay Beynəlxalq Çempionlar kubokunun finalında üz-üzə gəlirlər. "Real"ın 3:1 hesablı qələbəsiylə yekunlaşan matçdan sonra, Madrid klubunun paltardəyişmə otağının yanından keçərkən Mourinyu futbolçuların dediklərini eşidir: "Mourinyu olmasa, 10-cu Çempionlar Liqası titulunu artıq qazanmışdıq". Elə həmin gün Florentino Pereslə görüşən portuqaliyalı prezidentə sadəcə bir söz deyir: "Klubdan, məşqçini "artıq parça" kimi görən adamları uzaqlaşdırmadıqca uğur qazanmaq mümkün deyil". Nə qədər real olduğunu demək çətindi, ancaq İquain və Özilin göndərilməsi, Kasilyasın ehtiyat komandada olduğu dövr məhz bu məsələylə əlaqələndirilir. Çünki xüsusilə də Özilin transferinin əleyhinə olan adamların başında Karlo Ançelotti gəlirmiş.


Planlarına görə, xoca artıq karyerasının son 10 ilinə qədəm qoyur. 65 yaşına kimi çalışmağı hədəfləyir: son nöqtəni hansısa yığma komandayla qoymaq istəyir - böyük ehtimal Portuqaliya. "Məşqçilikdə milli komandaların başına keçmək artıq qocaldığın anlamına gəlir. Arada mənasız yoldaşlıq görüşləri, ayda iki-üç məşq, böyük turnirlər üçün iki il gözləmələr və bolca istirahət..." - Mourinyu. Ancaq qorxuram ki, sonluq, hekayəsini hər danışanda güldüyü Aleks Ferqyuson kimi olsun. Ser elə hey deyirmiş ki, futbolla artıq işim bitdi, nöqtə, ancaq haçan baxırsan stadiondadı 

 

 

 

Rüfət Məcid

XƏBƏR LENTİ