Münasibət əsasdır

Sayta qoyulub: 09:53 25.01.2018 (392 dəfə oxunub)

Münasibət əsasdır

 

Kimi "komanda>fərd" prinsipinə inanır, kimi isə bəzi fərdlərə xüsusi imtiyazlar verilməsinə diqqət çəkir. "Man-management"in məşqçilkdə önəmi isə hamılıqla qəbul olunandı. Bu mənada ən çox diqqət çəkən mövzu xüsusi istedadı olan idmançıların idarə edilməsidi. Quardiola İbrahimoviçə başqa cür yanaşsa, nəticə necə olardı? Və ya Qrem Suness Endi Koulun dominant xarakterini qəbul etməməkdə haqlı idimi?

 

"Barselona" məktəbi hamının bərabər olduğunu müdafiə edir, reqbidə rəqib tanımayan Yeni Zelandiya yığmasında da 20 ilə yaxındı ki, eyni prinsip hakimdi. Aleks Ferqyuson, Joze Mourinyu, Fabio Kapello, Fil Cekson kimi önəmli simalar isə fərdi dəyərləndirməyə daha çox önəm verir.

 

Aleks Ferqyuson təcrübəsindən bir nümunə - Erik Kantona, şübhəsiz ki, idarə edilməsi ən çətin olan istedadlardan idi. Bəs Ser onunla necə rəftar edirdi? Məşqə gecikməsini o qədər də böyük problemə çevirmirdi, fransız, komanda daxilində hakim olan geyim qaydalarını pozmaqda sərbəst idi, sonra - saqqalını istədiyi vaxt qırxa bilərdi. Bunlara icazə ver, ardından komandadakı digər oyunçuların ipini əlində saxla - çətinliyini anlamaq güc deyil. Bu sərbəstliyin qarşılığını isə Kantona meydanda verirdi. Ferqyuson deyir ki, belə individual yanaşma sayəsində Kantona oyununu inkişaf etdirməklə qalmır, həm də komandadakı gənclərə çempion ruhunu aşılayırdı.

 

Növbəti misal - "Yunayted" görmüş, sonradan "Bləkbörn"ün yolunu tutan Endi Koul birgə çalışdığı Qrem Suness və Aleks Ferqyusonu müqayisə edir:

 

"Suness mənim üzərimdə hökmranlıq etməyə çalışırdı. Bunu edə bilməzsən, çünki mən beləyəm. Sevmədiyim biri mənə ağalıq edə bilməz. Sonda ikimiz üçün də ən yaxşı yolun ayrılıq olduğu qərarına gəldik.

 

Hamımız fərqli xarakterlərə sahibik: kimi sakitdi, kimi səs-küy sevir, biri güclüdü, biri zəif. Ser Aleks hamının fərqli olduğunu dərk edirdi. İnsanlarla başa çıxa bilmək, onlara layiq olduqları münasibəti göstərmək - bunlar önəmli keyfiyyətlərdi. Elə buna görə də Ferqyuson fenomenal məşqçiydi. Bunu necə bacardığını bilmirəm".

 

Reqbi dünyasını dəfələrlə fəth edən Yeni Zelandiya millisində isə individual imtiyazlara, fərqli münasibətə yer yoxdu. Hətta oyunçulara eqolarını idarə etmək üçün xüsusi dərslər keçirilir. Deyilənə görə, baş məşqçi Stiv Hansen bir dəfə məşqə gecikib, oyunçulardan biri komandanın önündə çalışdırıcıdan xahiş edib ki, eyni hal bir də təkrarlanmasın. Hansen isə söz sahibi olduğunu göstərmək əvəzinə, susaraq səhvini qəbul edib.

 

Kim səhvdi, kim düz? - mövzu bu deyil, önəmli olan, şərtləri düzgün analiz edib, uyğun addım atmaq və yanaşma nə olursa olsun, əndazəni aşmamaqdı. Bunun üçün isə münasibətlərdə püxtələşmək gərəkdir.

 

 


Rüfət Məcid

XƏBƏR LENTİ