Kamran Ağayev: "Mənim nə intizamsız hərəkətim olub?"

Sayta qoyulub: 16:24 19.01.2018 (178 dəfə oxunub)

Kamran Ağayev: "Mənim nə intizamsız hərəkətim olub?"
 

"Keşlə"nin və millimizin qapıçısı Kamran Ağayev "Zirə" ilə yoxlama görüşündən (2:1) sonra jurnalistlərə müsahibə verib.

- Oyunda çox aqressiv görünürdünüz...

- Məşqçi nə tapşırıq verirsə, o cür addım atırıq. Bundan öncəki yoxlama matçında fərqli tapşıqır vermişdi. Bu görüşdə başqa taktika ilə oynadıq. Əlbəttə, hər bir idmançı qələbəni arzu edir. İnsanda istər-istəməz bu hiss var. Üzr istəyirəm ifadəm görə, adi öz aramızda futbol oynayanda da qələbəni arzu edirsən, aqressiv olursan. Təbii haldır.

- “Keşlə”də daha öncə “İnter” adlanan dönəmdə çıxış etmisən. Həmin komanda ilə indikini müqayisə etsən, nə deyə bilərsən?

- Fərq hər zaman olur. Qalxmaq və düşmək olar. Hələ ki, nəsə danışmaq tezdir.

- Bu komanda ilə nəyə ümid etmək olar?

- Ümumiyyətlə, adam Azərbaycan çempionatına baxanda üzülür. Nə qədər üzüləsi olsaq da, bizim doğma vətənimizdir və əlimizdən gələni edirik. İnşallah, bütün futbolçular hazır olarlar.

- Milli komandamızın toplanışı olacaq. Dəvət alacağını gözləyirsənmi?

- Milli komanda ilə bağlı heç nə danışmaq istəmirəm. Çünki yığma komanda hamımızındır və qapısı üzümüzə açıqdır. Futbolu bilənlərə qapı açıq olur. Dəvət alsaq, gedəcəyik. Almasaq, getməyəcəyik.

- Qurban Qurbanov bildirib ki, futbol biliklərindən daha vacib olan futbolçuların xarakterləridir...

- İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz? Bunun mənə nə aidiyyatı var axı?

- Kamran, ölkənin əsas qolkiperi olsan da, haqqında çox söz-söhbətlər dolaşıb...

- Konkret nədirsə, onu da deyin. Mən də oxumuşam. Qurban Qurbanovun müsahibəsini Çexiyada oxumuşdum. Sualı ona belə ünvanlamışdılar ki, siz bunu Kamran Ağayevə aid edirsiniz? İçki içmirəm, siqaret çəkmirəm. Başqa nə istəyə bilərsiniz?

- Söhbət içki və siqaretdən getmir. İntizamsız futbolçular çoxdur...

- Mənim nə intizamsız hərəkətim olub?

- Söhbət ancaq Kamran Ağayevdən getmir...

- Qurban Qurbanovun müsahibəsində konkret olaraq mənim adımı çəkiblər. Siz də həmin sualı mənə gətirirsiniz. Konkret danışaq. Bilirsiniz, bu hamımızın millisidir. Çağırsalar, oynayacağıq. Dəvət gəlməsə də, kənarda duracağıq. Üzüləsi nə var? Azarkeş yenə dəstək göstərəcək. Necə ki, futbolda bizi alqışlayırlar, biz də güləşdə və digər idman növlərində idmançılara dəstək göstəririk. İndi də qıraqdan biz futbolçularımıza dəstək göstərəcəyik. Üzüləsi heç nə yoxdur. Milli hamınındır, tək bir mənim və başqasının deyil. Əsas heyət anlayışı yoxdur. Çalışmaq lazımdır. Peşəkarlıq lazımdır. Bir də qaydalara əməl etməlidir. İndi mən bilmirəm ki, siz hansı intizamsızlıqdan danışırsınız. Həyatda olduğu kimi, meydanda da hadisələr olur. Zədələrdən qorunmaq lazımdır. Bir futbolçunun zədələnməsi intizamsızlıq deyil. Qırmızı vərəqə alanda kiməsə yumruq atıb qovulmaq başqa şeydir. Biri də var vaxt uzadırsan, komandanın qələbəsi üçün çalışırsan və cəzalanırsan. Bunlar fərqli anlayışlardır.

- “Mlada”ya gedişini səhv addım kimi qiymətləndirmirsən?

- Səhv addım deyil. Artıq çəki ilə getmişdim. Formaya sonradan düşə bildim. Baş məşqçi də açıqlamışdı. Yenidən zədələndim. Azərbaycan futbolu deyil ki, üstündən keçsinlər. Ora Avropadır. Yolumuza davam edəcəyik. 6 aylıq müqaviləm var.

XƏBƏR LENTİ