Quardiola

Sayta qoyulub: 07:51 19.01.2018 (358 dəfə oxunub)

Quardiola günlərin birində, dostunun vasitəsilə tanış olduğu Qarri Kasparov və ailəsiylə yeməkdə bir araya gəlir. İkinci dəfədi görüşürlər - bu səfər dostu yanında deyil, əvəzində xanımı Kristina Serra ona yoldaşlıq edir. İlk yeməkdə iqtisadiyyat, siyasət, texnologiyanın həyata təsirini müzakirə etmişdilərsə, bu dəfə şahmat və futbol da siyahıya əlavə olunur. Birdən Quardiola Kasparovdan soruşur: "Necə düşünürsən, səncə, Maqnus Karlseni məğlub etmək gücündəsən?" "Onu məğlub edəcək bacarığa sahibəm, ancaq bu bacarığı praktikada lehimə çevirməyim qeyri-mümkündü", - deyə Kasparov cavab verir.

 

İlk başda, bu cavab Quardiolaya tipik siyasi cavablardan biri kimi gəlir. İnadcıl olduğundan, istədiyini alana kimi israr edir: "Dediyin kimi, bacarığın varsa, niyə Karlseni məğlub edə bilməyəsən axı?" Kasparov hər dəfəsində eyni sözü təkrarlayır: "Qeyri-mümkündü".

 

Xanımlar sakitliyi pozurlar. Kristina Serra səbəb kimi konsentrasiya məsələlərini göstərir. Darya Kasparova razılaşır: "Əgər cəmi iki saatlıq bir oyundan söhbət gedirsə, Qarri Karlseni məğlub edə bilər, amma belə olmur axı; oyun 5-6 saat davam edir. Qarri saatlarla mümkün ehtimalları hesablayaraq beynini yükləməkdən qaçır. Karlsen gəncdi, Qarridən fərqli olaraq, beynini davamlı bu formada yükləməyin ağır nəticələrinin hələ fərqində deyil".

 

Söhbət başqa mövzulara tərəf cayır, qısa bir müddət Quardiolanın sualı unudulur. Kasparov yeməkdən sonra Pepə yaxınlaşır və deyir: "1986-cı ildə ikinci dəfə dünya çempionu olandan sonra sonda məni kimin məğlub edəcəyini anladım". "Kimdi o?" - Quardiolanın sualı gecikmir. Kasparov: "Zaman, Pep, zaman. Zaman ən böyük düşmənindi".

 

Pep Quardiola 47 yaşına qədəm qoyur. Deyir, məşqçilər iki həyat yaşayırlar: öz normal həyatları və bir başqa dünya - komandayla birlikdə yaşadıqları həyat. Elə bu səbəbdən də tez qocalırlar. Hər nə qədər Pep inad etsə də, zaman xüsusilə də onlar üçün ən önəmli kateqoriyadı. Ümid edirəm ki, geridə qalan zamanı ərzində, arxadan son sürət gələn Karlsenlərlə - gənc məşqçi nəsliylə ən azından başa-baş qoymağa cəhd edəcək. Məşqçiliklə bağlı iki böyük arzusu var. 1) "Barça"da oynatdığı o fövqəladə futbolu başqa bir yerdə, başqa bir klubla da ortaya qoyub uğur qazanmaq. Bacaracağına çox inanır, ancaq bu mövzuda ətrafındakıların münasibəti eynidi: Kasparov tonuyla "qeyri-mümkün" deyirlər. 2) Bir gün rəqibi bütünlüklə - 10 nəfərlə öz qapılarına tərəf sıxacaq, 90 dəqiqə ərzində meydanın digər tərəfinə keçməyə izin verməyəcək qeyri-adi bir komanda formalaşdırmaq. Utopiya sərhədlərini zorlayan bu arzuların bir gün real olması diləyiylə... Fonda ən sevdiklərindən: Coldplay - Viva La Vida.

 

Quardiola

 

 

 

Rüfət Məcid

XƏBƏR LENTİ