Lilyo - görünməyən qəhrəman

Sayta qoyulub: 09:22 06.01.2018 (335 dəfə oxunub)

Lilyo - görünməyən qəhrəman

 

Huanma Lilyo - bu ad bəlkə də çoxunuza bir məna ifadə etmir, çünki tipik arxa plan qəhrəmanlarındandı. 16 yaşında məşqçiliyə başlayıb. İndiyə kimi bir çox mütəxəssisin keçmişinə nəzər salmışam, bu qədər erkən klub çalışdırmağa başlayanı xatırlamıram. Andre Villaş-Boaş belə o yaşlarda Bobbi Robsona məşhur məktubunu yazmaqla məşğul idi.

Quardiolaya görə, Lilyo, məşqçi kimi formalaşmasında böyük payı olan iki adamdan biridi. Digəri zatən bəlli, adını çəkməyə nə hacət. Pep karyerasının sonlarına yaxın Meksikaya üz tutanda, yeni iş yeri - "Dorados"un başında Huanma var idi. Az-çox oyun fəlsəfəsini təxmin etmiş olarsız, ayrıca, məşhur 4-2-3-1-i qloballaşdıran adamların başında da o gəlir. Luis Bassat "Barselona" prezidenti seçilsəydi, 2003-də komandanın başına Lilyonu, idman direktoru vəzifəsinə isə Quardiolanı gətirəcəkdi. Seçki nəticələri məlum: plan baş tutmadı. "Vikipediya"sına baxmaq vaxt itkisi olar, əllə tutulacaq bir şeyə rastlamayacaqsız, əvəzində bu müsahibədəki fikirlərinə nəzərə salmaqda fayda var. Martines, Bielsa tərzi adamdı, intellekt baxımından da onlardan geri qalan bir tərəfi yox:

- Top ətrafında qurulmuş bir oyun tərziylə qələbə qazanmağa çalışırsız…

- Əlbəttə. Top olmasa, oyun da olmaz. Futbol budu.

- Ancaq elə məşçilər var ki, topa sahib olmağa o qədər də önəm vermirlər…

- Bütün planlarımızı topa əsasən qurmalıyıq, çünki futbolda ana faktor odu. Topsuz futbol heçdi. Top futbolun həyat mənbəyi kimi bir şeydi. Qapı nə üçün var? Topun ora daxil olması üçün. Yenə də deyirəm: futbol topsuz bir anlam ifadə etmir. Hə, dediyin kimi, bəzi məşqçilər var ki, komandalarını topa sahib olmaq prinsipi əsasında qurmurlar.

- Onları “praqmatik” adlandırırlar. Ancaq sizin yanaşmanızın praqmatk olduğuna dair də müzakirə aparmaq olar. Nəticədə siz də qələbə qazanmaq istəyirsiz...

- Mən də? Hər şeydən çox... Söhbət matçda qalib gəlməkdən gedirsə, məşqçinin etdiyi qələbəyə dair ehtimal indeksini artırmaqdan ibarətdi. Məşqçi kimi etdiklərin “taleyin yazısı” deyilən şeyi inkar etməkdi. Futbolda bir neçə dəfə şahidi olmuşuq ki, meydanın rəqibə tərəf olan hissəsinə keçmədən belə, 1:0 hesabı ilə qələbə qazanmaq mümkündü. “Arsenal” – “Barselona” matçında hesab 1:1 idi, ancaq onların qapıya bircə dənə də olsun zərbəsi yox idi. Futbolda çoxlu dəyişənlər var və şans da onlardan biridi. Ölümünə müdafiə olunub, top ayağına düşən kimi birtəhər zərbə endirə bilərsən. Ancaq burada hansısa oyundan söhbət gedə bilməz.

- Demək istəyirsiz ki, qapıya zərbə vurmadan 1:0 hesabıyla qələbə qazanmaq ədalətsizlikdi?

- Mövzu nə olursa olsun, “ədalət” sözünü belə asanlıqla işlətmək mənə görə deyil. Layiq olmadan qazanılan qələbə - belə deyərdim. Ağılkəsməz situasiyadı, ancaq arada olur. Belə bir mövzuda “ədalət” sözünü işlətmək bir az ağır olar.

- Futbolda nəticə xaricində başqa bir şey varmı? Mənəvi komponentləri bura aid edə bilərik?

- Hər insan hərəkətində mənəvi komponent var. Təkcə nəticənin önəmli olduğunu deyiriksə, yalan danışmış oluruq. Elə təkcə nəticənin önəmindən danışan məşqçilərdi də, qələbə qazana bilməyəndə bəhanələr uydururlar. Onları asanlıqla seçə bilərsiz. Onlar əsil reallığı gizlədirlər; şarlatanlıq edirlər.

- Belə məşqçilərin olması sizi narahat edirmi?

- Yox. Məni narahat edən onların ətrafa yalan-dolan satmasıdı. Medianın onların müttəfiqi olması məni məyus edir. Jurnalistika hər şeyi uğurlar üzərindən analiz edir. Analizlər, raportlar uğur üzərindən hazırlanılır, çünki onlar əsil həqiqəti göstərir, hə? Heç kimin prosesin gedişatına baxmır. Bunun adı fürsətdən istifadədi və məncə, bu, yanlışdı.

- Bu, normal deyil ki? Nəticəni əsas götürüb, izah etməyə çalışırsan da...

- Bu, ancaq xəstə cəmiyyətlərdə normal ola bilər. Məsələn, sən - indi etdiyin şeyi daha çox önəmsəyirsən, nəinki satacağın nüsxə sayını. Yekun nəticə yox, ona gedən yolda etdiklərin sənin motivindi. Mənə qulaq asmalı, danışdıqlarımla bağlı qeydlər aparmalı, onları yazıya köçürməli və redaktə etməlisən, yəni bu müsahibənin hazır məhsul halını alması üçün bir neçə mərhələdən keçəcəksən. Bax, bu yolda başına gələnlər əsasdı - məqsəd onlardı. Mənim oyunçularıma aşılamaq istədiyim də budu.

- Ancaq bir az əvvəl dediniz ki, qələbə qazanmaq istəyirsiz...

- Məram o yolda başına gələnlərdi, prosesdi; görülən iş önəm kəsb edir. Yarışda hamıdan öndəsən, digərləriylə aranda böyük fərq var, ancaq finişə bir neçə m. qala yıxılırsan. Nəticə? Bu yarışı “minus”una yazacaqsan? Fakt - bugünkü performansın möhtəşəm idi. Qalib gəlmək yaxşıdı, əksi pis – hər şey bu qədər sadə deyil. 18-ci əsrdə elm xadimlərinə məlum oldu ki, onlar bəzi detalları çox sadələşdirirmişlər, əslində isə həmin mövzular daha kompleks imişlər. Bəziləri intihara belə cəhd elədi. Ən xırda variasiya belə hər şeyi kökündən dəyişə bilər – bu, xaos nəzəriyyəsidi. Hər detaldan baş çıxarda bilməzsən və ya hər mövzuda qəti bir cavabın ola bilməz. “Gözəçarpan” deyə bir şey yoxdu. Heç nə real deyil – bax, əsl reallıq elə budu.

- Bəs əgər ali məqsəd qələbə qazanmaq olarsa...

- Sənə bir şeylər qatan/zənginləşdirən oyundu, nəticə yox. Nəticə məlumat yığınıdı. Doğum əmsalı artır. Bu, özlüyündə nəsə önəm kəsb edir? Yox. Ona aparan yol? Bax, indi artıq içi boş deyil. Səni həqiqətən də məmnun edən prosesin gedişatıdı. Oyunu müzakirə edirsən, nəticəni yox. Nəticə müzakirəyə açıq deyil. Bazar ertəsi səhəri oxumaq üçün içərisində siyahı siyahı dalınca, sadəcə nəticələr olan bir qəzet alırsan? Matçın sonuncu dəqiqəsində stadiona gedib, nəticəyi göstərən tabloya baxıb, stadionu tərk etdiyin olub? Yox, sən matçı 90 dəqiqə boyunca izləyirsən, ki proses də elə budu.

- Prosesin nəticə qazanmağı hədəfləməsinə baxmayaraq, yekun nəticəyə görə gedişatı mühakimə edərək səhvə yol veririk?

- Prosesi nəticələr üzərindən ratifikasiya edə bilməzsən. İnsan oğlu nəticəsi yaxşı olan bir şeyə həmişə daha çox ehtiram göstərir, nəinki gedişatı yaxşı olana. Nəticəsi pis olan bir şeyə görə kimisə/nəyisə məzəmmət edirik, ancaq gedişatın pis olmasını gözdən qaçırırq. Media da hadisələrə bu cür qiymət verir. Metodoloji prosesin doğru olduğunu anlamaq üçün heç bir yetərli kvalifikasiyaya malik olmaya bilərsən – bu şərtlər daxilində mühakimə etmək düzgün deyil. Eyni prosesin çox müxtəlif nəticələri ola bilər. Bəzi hallarda isə, bənzər nəticələrin bir-birindən tamamilə fərqli motivləri ola bilir. 1999-cu ildə Çempionlar Liqasının finalında 90-cı dəqiqəyə kimi “Bavariya” əla komandaydı, 92-ci dəqiqədə isə bərbad? Bu, necə ola bilər? Bu vurğuladığım spesifik nümunə dediyimi, hətta ondan da artığını effektiv şəkildə izah edir. Yadımdadı, dördüncü hakim çempionluğu bayram etmək üçün meydana qaçmağa can atan “Bavariya” futbolçularını saxlamağa çalışırdı. Cəmi bir-iki dəqiqə sonra? Bu səfər eynisini “Mançester Yunayted” futbolçuları meydana final fitindən öncə cummasınlar deyə edirdi. Bütün bunlar bir neçə dəqiqənin içində baş verirdi. Hadisələr olub-bitdikdən sonra hamı özünü dahi hesab edir. Mən onları olub-keçmişlər barədə xəbər verən peyğəmbər adlandırıram. Bütün bir prosesi sondakı nəticəyə görə mühakimə etmək bir kənara, hamısından betəri – cəmiyyətdə bu yöndə tələb formalaşdırır, zorla belə bir fikri mənimsətməyə çalışırlar.

 

 

 

Rüfət Məcid

XƏBƏR LENTİ