Azərbaycanda voleybol

Sayta qoyulub: 14:14 05.03.2012 (1172 dəfə oxunub)

 

 

 

Azərbaycanda voleybol

"Rote Fane" (indikı Nizami parkı), Kommunalniklər bağı (C.Cabbarlı bağı) meydançalarında, Sabunçuda və Bayılda voleybol torları asıldıqdan sonra oğlan və qızlar bu oyunla həvəslə məşğul olmağa başladılar.

1927-ci ildə "Dinamo" və "Kommunalnik" cəmiyyətlərində voleybol bölmələri açıldı.

Hər halda Bakı voleybolu 1932-ci ildən etibarən daha yaxşı inkişaf etməyə başlamışdır. Şəhərin ilk birinciliyi məhz o vaxt keçirilmişdir. İlk qalib adını dəmiryolçuların kişilərdən və qadınlardan ibarət komandaları qazanmışlar.

O vaxtdan Bakının yığma kollektivlərinin oyunçuları respublikada və hətta ölkədə kifayət qədər şöhrət qazanmışlar.

Bakı voleybolunun ilk nümayəndələrindən bir neçəsinin adını çəkək: M.Lyoqonki (o Bakıda voleybol üzrə ilk idman ustası olmuşdur), M.Pererva, O.Rusanov, V.Simakov, N.Yurasov, L.Vasilyev, A.Fomina, Q və M. Urbanoviçlər, M.Sluçenkova, V.Savkina, Q.Qaneker.

1928-ci ildə Moskvada SSRİ xalqlarının I spartakiadasından sonra A.Potaşkinin rəhbərliyi ilə voleybolun vahid oyun qaydaları işlənilib hazırlandı və təsdiq edildi.

1932-ci ildə Bakıda ilk dəfə olaraq təzə qaydalara əsasən şəhər birinciliyi keçirildi.

Yarışlarda "Jeldor", "Qornyak", "Kommunalnik", "Dinamo", "Moryak", "AZNİ" komandaları iştirak edirdilər. "Jeldor" komandası uğurla çıxış edərək I yeri tutmuşdur.

1934-cü ildə Tbilisidə Zaqafqaziya respublikaları birinciliyi keçirilmişdir.

Bakının qadınlardan və kişilərdən ibarət yığma komandaları bu yarışlarda qalib gələrək Ümumittifaq oyunlarda iştirak etmək hüququ qazanmışlar. Moskvada keçirilən bu yarışlarda qadınlardan ibarət yığma komanda 2-ci, kişilərdən ibarət komanda isə 4-cü yeri tutmuşdur.

Üçüncü Ümumittifaq voleybol bayramı 1935-ci ildə Azərbaycan paytaxtında keçirilmişdir. Hər iki komandamız inamlı oyun nümayiş etdirərək 3-cü yeri tutmuşdur.

1950-ci illərin ortalarında təcrübəli məşqçilər Ş.Şamxalov, O.Kiblitski və başqalarının başçılıq etdikləri komandalarda çoxlu sayda təcrübəli oyunçular yetişmişdir.

Anatoli Makaqonov, Roman Eydelman, Nəsən Ələkbərov, Yaşar Abbasov, Oqtay Ağayev, Xəyyam Zülfüqarov, Feliks Məmmədov, Telman Səfərov, Gennadi Rudnov, Ramiz Xismətov, qadınlardan Nelli Lukanina, Tamara Tixonina, Olimpiada Tişşenko Bakı voleybolunun yetişdirmələridir.

Onların çoxu olkə yığma komandasına dəvət edilmiş, Avropa və dünya çempionatlarında müvəffəqiyyətlə çıxış etmişlər. Həmin idmançılardan Anatoli Makaqonovu, Oqtay Ağayevi, İqor Dyaçkovu, Tamara Tixoninanı, Elmira Gerasimenkonu, İnna Rıskalı, Vera Lantratovanı göstərmək olar.

1955-ci ildə Azərbaycanın qadınlardan ibarət voleybol komandası uğurla çıxış edərək yüksək liqada oynamaq hüququ qazanmışdır.

Ümumiyyətlə Azərbaycan voleybolçuları üçün ən uğurlu il 1957-ci il sayılır. Həmin il Zaqafqaziyanın VIII spartakiadasında respublikamızın qadınlardan və kişilərdən ibarət yığma komandaları uğurla çıxış edərək 1-ci yeri tutmuşdur.

1957-ci ildə isə Böyük Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş kubok yarışlarında kişilərdən ibarət komandamız bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutmuşdur.

Komandamızın heyətində Anatoli Makaqonov, Yaşar Abbasov, Roman Eydelman, Gennadi Rudnov, Xəyyam Zülfüqarov, Oqtay Ağayev, Həsən Ələkbərov, Tofiq Kazımov, Feliks Məmmədov, Fazil Rzayev kimi təcrübəli idmançılar çıxış etmişlər.

1960-cı ildə Azərbaycan voleybolunda İnna Rıskal parlamağa başladı. Azərbaycan voleybolçusu İnna Rıskal gözəl və yadda qalan oyunu ilə öz adını Olimpiya və idman tarixinə əbədi yazanlardan biridir. XX əsrin ən güclü üç qadın voleybolçusu sırasında İnnanın da adı vardır. Belə ki, Beynəlxalq Voleybol Federasiyasının keçirdiyi sorğuya əsasən İnna Rıskal qadınlar arasında XX əsrin ən güclü üç voleybolçusu arasında ikinci olmuşdur.

O, 1961-ci ildə əvvəlcə 16 yaşında Bakıda keçirilən məktəblilərin Ümumittifaq Spartakiadasında iştirak etmiş və oradan birbaşa SSRİ-nin yığma komandasına dəvət almışdır. "Məhsul", sonra isə "Neftçi" komandasında çıxış etmiş və təcrübə qazanmışdır.

1963-cü ildə keçirilmiş Avropa Çempionatında ilk dəfə çıxış edən həmyerlimiz qitə çempionu adını qazanmaqla çempionatda ilk dəfə iştirak edən "Gənc oyunçuların ən güclüsü" üçün təsis edilmiş mükafata yiyələnmişdir.

Bir il sonra 1964-cü il Tokio Olimpiya oyunlarında jurnalistlər İnnanı "Xəzər şimşəyi" adlandırırlar. Onda 19 yaşlı İnna vətənə gümüş medalla qayıdır.

1965-ci ildə İ.Rıskal Avropanın ən güclü voleybolçusu seçilir.

Təsadüfü deyil ki, İ.Rıskal və L.buldakova sovet voleybolçuları arasında Olimpiya oyunlarının 2 qızıl və 1 gümüş medallarına yiyələnmiş yeganə nümayəndələridir.

İnna Rıskalın qazandığı nəticələr:

  • 1959-61-ci il – Məktəblilərin Ümumittifaq Spartakiadası. I yer.
  • 1963-cü il – Avropa Çempionatı. I yer.
  • 1964-cü il – Tokio Olimpiadası. II yer.
  • 1965-ci il – SSRİ spartakiadası. I yer.
  • 1966-cı il – SSRİ çempionatı. III yer.
  • 1967-ci il – Avropa Çempionatı. I yer. SSRİ spartakiadası. III yer.
  • 1968-ci il – Mexiko Olimpiadası. I yer.
  • 1970-ci il – Dünya çempionatı. I yer.
  • 1971-ci il – Avropa çempionatı. I yer.
  • 1972-ci il – Münhen Olimpiadası. I yer.
  • 1972-ci il – SSRİ çempionatı. II yer.
  • 1976-cı il – Monreal Olimpiadası. II yer.

İnna Rıskalın məşqçisi Şamil Şamxalov olmuşdur.

Şamil Şamxalov – bu ad uzun illər təkcə onun vətəni Azərbaycanda deyil, həm də keçmiş sovetlər ittifaqının müxtəlif respublikalarında, hətta bir çox ölkələrin idman mütəxəssisləri arasında xüsusi hörmət və ehtiramla səslənir.

O, hələ Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun 2-ci kursunda oxuyarkən voleybol məşqçisi işləməyə başlayıb. Öz məşqçilik fəaliyyətinə o 1947-ci ildə "Medik" komandasında başlamışdır.

Şamxalovun voleybolçuları yeniyetmə və gənclər arasında keçirilən ittifaq miqyaslı yarışlarda da uğurla çıxış etmişlər.

Azərbaycan voleybolu tarixində ilk dəfə olaraq 1956-cı ildə Moskvada Məktəblilərin Ümumittifaq Spartakiadasında respublikanın yeniyetmə voleybolçuları qızıl medallara layiq görülmüşlər. Onların içərisində Şamil Şamxalovun yetirmələri Yaşar Abbasov, Həsən Ələkbərov, Fuad Msayev, Zaur Nağıyev də var idi.

Şamil Şamxalov 35 yaşında ikən respublikanın ustalardan ibarət qadın komandasına baş məşqçi təyin edilmişdir.

Onun başçılıq etdiyi "Məhsul" komandası isə 1961-ci ildə yüksək liqaya vəsiqə qazanmışdır.

SSRİ çempionatının yüksək liqasında oynayan bu komanda 12 il (1961-73) bu liqada dəfələrlə yüksək yerlər tutmuşdur.

1970-ci il də Şamil Şamxalovun iki yetirməsi İnna Rıskal və Vera Lantratova SSRİ komandasının tərkibində dünya çempionu olmuşlar.

Uzun illər səmərəli işləyən Ş.Şamxalov böyük bir qrup yüksək dərəcəli voleybolçu hazırlamağa nail olmuşdur. Onların on nəfəri müxtəlif illərdə SSRİ yığma komandasının tərkibində Azərbaycan və sovet voleybolunun şöhrətini ucaldanlar sırasında olmuşdur.

Dünya çempionatının bürünc medalçısı (1956) Azərbaycanın əməkdar məşqçisi, əməkdar bədən tərbiyəsi və idman xadimi, Bədən Tərbiyəsi və İdman Akademiyasının kafedra müdiri, professor Oktay Ağayev, üçqat Avropa və dünya çempionu, dörd olimpiya medalı qazanmış İnna Rıskal, Avropa və SSRİ çempionu, Olimpiya çempionu (1968) Vera Lantratova, SSRİ və Avropa çempionu (1967) Nelli Musina, SSRİ xalqları Spartakiadasının gümüş mükafatçısı (1957), Həmkarlar İttifaqları Spartakiadasının çempionu (1965) Elmira Mixaylova, Həmkarlar İttifaqları Spartakiadasının çempionu (1965), dəfələrlə SSRİ birinciliklərinin mükafatçısı, SSRİ- nin fəxri idman ustası Raisa Sitnikova belə idmançılardan idi.

1962-ci ildə "Məhsul" və "Neftçi" komandalarının heyətlərindən vahid bir komanda "Neftçi" yaradılır.

1965-ci il qadınlardan ibarət komandamız üçün dönüş ili olmuşdur. Həmkarlar İttifaqlarının VIII Ümumittifaq Spartakiadasında komandamız Ukrayna komandasına qalib gələrək 1-ci yeri tutmuş, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutmuşdur.

1972-ci ildə təcrübəli məşqçi Feliks Məmmədov "Neftçi" komandasına baş məşqçi təyin olunur və komanda həmin il Ölkə Çempionatında 3-cü yerlə kifayətlənir.

Təəssüf hissi ilə qeyd etməliyik ki, 1972-ci ildə "Neftçi" komandasının qazandığı bürünc medallar sonuncu oldu.

Belə ki, komanda 1973-78-ci illər ərzində o qədər də yüksək oyun nümayiş etdirməmişlər və 1979-cu ildə Yüksək Liqanı tərk edərək I liqaya keçmişlər.

1986-cı ildə Faiq Qarayev komandanı qəbul edərkən çoxları bu gənc məşqçinin institutu yenicə qurtardığını nəzərə alaraq təcrübəsiz olduğunu zənn edirdi.

O, zaman elə hesab edirdilər ki, gənc kollektivimiz heç birinci dəstədə də qala bilməyəcəklər. Lakin məşqçi tez bir zamanda səmimi bir komanda yaratdı və qızların qarşısında çətin bir vəzifə, kollektivdə əsl işgüzar əhval-ruhiyyə yaratmaq vəzifəsi qoydu.

BMKZ komandası 1987-ci ildə ölkə çempionatının I liqasında uğurla çıxış edərək 1-ci yeri tutdu. Lakin keçid turnirində güclülər dəstəsinin komandalarına məğlub olaraq güclülər dəstəsinə çıxmaq hüququndan məhrum olmuşlar.

Nəhayət on illik fasilədən sonra, yəni 1988-ci ildə Faiq Qarayevin rəhbərliyi altında BMKZ ("Neftçi") voleybolçuları birinci dəstənin ən yaxşı komandaları arasında yarışların başa çatmasına bir tur qalmış qalib adını özlərinə təmin etmiş və gələn mövsümdən etibarən güclülər dəstəsində çıxış etmək hüququ qazanmışlar.

Əvvəllər məşhur olan komandamız ötən 18 il ərzində voleybolda mövqeyini itirmiş və hətta güclülər qrupunu da tərk etmişdi. Budur yenə bürünc medallar qazanılmışdır.

1990-cı il. Azərbaycan voleybol həvəskarları on səkkiz il bu günü gözləyirdilər. Bir neçə il ərzində yüksək sürətlə I liqadan fəfri kürsüyədək yol keçən qadın komandamız yenidən ölkənin ən güclü kollektivləri sırasına daxil olmuşlar.

Bu müvəffəqiyyətin əhəmiyyəti bir də ona görə böyükdür ki, o respublika və komanda üçün çətin dövrdə qazanılmışdır.

Saysız-hesabsız azarkeşlərdən "Qızlar, çox sağ olun ki, respublikamız üçün çətin ildə öz qələbənizlə bizlərə bu qədər sevinc bəxş etdiniz və təsəlli gətirdiniz. Çox sag olun ki, oyuna qollarınızda matəm sarğıları ilə çıxdınız!. Belə fədakar oyuna görə sizə minnətdarıq" sözləri eşidilirdi.

Artıq SSRİ imperiyasının getdikcə dagılması ilə əlaqədar ölkə çempionatı və kubok yarışları dayanmaq məcburiyyətində idi.

Belə ki, 1991-ci ildə keçirilmiş ölkə kuboku yarışları SSRİ məkanında sonuncu idi. Xoş bir təsadüfdür ki, məhz BMKZ voleybolçuları həmin kubokun sonuncu sahibi oldular və Azərbaycan voleybolu tarixində ilk dəfə olaraq belə bir fəxri kürsüyə yüksəldilər.

Azərbaycan Respublikası 1992-ci ildə müstəqillik əldə etdikdən sonra beynəlxalq miqyaslı yarışlarda öz milli komandası ilə çıxış etməyə başlayır.

1992-ci ildə yaranan Azərbaycan Voleybol Federasiyası elə həmin ildən etibarən Beynəlxalq Voleybol Federasiyasına (FIVB) və Avropa Voleybol Federasiyasına (CEV) 2005-ci ildə isə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasına (EEVZA) daxil olmuşdur.

1997-2000-ci illər ərzində komandalarımız Avropa Voleybol Konfederasiyasının qərarına əsasən rəsmi beynəlxalq yarışlarda iştirak etməkdən məhrum edilmişlər.

Yalnız 4 illik fasilədən sonra 2001-ci ildən etibarən komandalarımız yenidən beynəlxalq yarışlara buraxılmışlar.

Nəhayət 2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev Türkiyədə işləyən tanınmış məşqçi Faiq Qarayevi vətənə dəvət edərək onu ölkədə voleybolun inkişaf etdirilməsi işinə qoşulmağa çağırdı.

Vətənə dönən Faiq Qarayev dərhal qadınlardan ibarət milli yığma komandaya və "Azərreyl" voleybol klubuna baş məşqçi təyin olunur. 2002-ci ildə "Azərreyl" Voleybol Klubu Avropa "Top Komandalar" kubokunu qazanmaqla müstəqil Azərbaycanın idman tarixində komanda idman növləri üzrə kuboka yiyələnən ilk komanda oldu.

2004-cü ildə isə "Azərreyl" Voleybol Klubu Avropa Çempionlar Liqasının "Dördlər Finalı"nda iştirak etmişdir.

Bununla yanaşı qadınlardan ibarət Milli yığma komandamız da qitə və dünya birinciliklərində ölkəmizi layiqincə təmsil edmişdir.

Milli komandamız 2005-ci ildə Avropa "Qran-Pri" turnirin qalibi olmuş və Xorvatiyada keçirilən Avropa Çempionatında 4-cü yeri tutmuşdur.

Beynəlxalq yarışlarla yanaşı olaraq, Federasiya Ölkə Çempionatının keçirilməsi istiqamətində də müvafiq işlər aparmışdır.

Belə ki, 2001-ci ildən etibarən kişilər və qadınlar arasında Liqalar üzrə Azərbaycan Çempionatı keçirilir.

Bu müddət ərzində ölkədə uşaq voleybolunun inkişafına qayğı göstərilmiş və Liqalarda iştrak edən klub və komandaların nəzdində uşaq bölmələri yaradılmışdır.

Həmçinin ölkəmizi avropa kubok yarışlarında təmsil edən klubların sayı da getdikcə artmaqdadır.

Hazırda Azərbaycanda Avropa Voleybol Konfederasiyasının qərarı ilə Voleybol Akademiyasının yaradılması istiqamətində müvafiq işlər aparılır.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ