Kroyffu “öldürən” Azərbaycan futbolu... və ya kötüyə çevrilən gələcəyimiz

Sayta qoyulub: 14:18 25.12.2017 (399 dəfə oxunub)

Kroyffu “öldürən” Azərbaycan futbolu... və ya kötüyə çevrilən gələcəyimiz

 

Dünya futbolunun parlaq simalarından olan mərhum Yohan Kroyff ötən əsrin 90-cı illərində qələmə aldığı “Futbol mənim xoşuma gəlir” adlı kitabında yazır: “Hollandiyada bütün həvəskar komandaların məşqçilərinə istisnasız, yalnız diplomu olan halda işləyə biləcəyi icazəsini veriblər. Məndən “Yohan, bu cür tədbir səncə necədi” soruşduqda, onu “fatal” (məhvedici) adlandırmaqdan özümü saxlaya bilmədim. Niyə? Ona görə ki, belə vəziyyətdə məşqçiyə biliyini praktikaya çevirməkdən başqa bir iş qalmır. Nə üçün futbolu sevən və oynamaqda davam edən ən gənc yaşdakı insanlara işləməyə icazə vermək olmaz? Bu halda onlar uşaqlara nəinki “canlı” texnikanı, həm də futbola sevgini öyrədə bilərlər. Bəs peşəkar, diplomlu məşqçi nə edir? O, tamamilə məntiqli olaraq nəticə haqqında - nəyin bahasına olur olsun, qələbə qazanmaq və irəli getmək barəsində düşünür. Mən komandanın rəhbərliyinin peşəkar məşqçinin əlinə verilməsinin əleyhdarı deyiləm, amma 14 yaşdan tez olmaz! Bu yaşadək isə imkan verin uşaqlar, sadəcə oynasınlar! Qoy onlar bundan zövq alsınlar!”

Oyna və həzz al!

Daha aydın olması üçün Kroyffun fikirlərini xırdalayaq. “Uçan holland” qeyd edir ki, uşaqlar 14 yaşadək futbol oynamalıdılar, vəssalam! Hər hansı fizika, taktika, daha nə bilim nə öyrətmək lazım deyil! Uşaqlar yalnız futbol oynamalı və oynamaqdan ləzzət almalıdırlar. Bunun üçün onlarla peşəkar məşqçilər yox, hələ də futbol oynayan və bu oyunu ürəkdən sevən gənclər məşğul olmalıdı. Niyə? Kroyff izah edir ki, diplomlu məşqçi gəlib oxuduqlarını, biliklərini, müxtəlif fiziki təmrinləri, taktiki gedişləri öyrətməyə başlayacaq. Mərhum holland mütəxəssis hesab edir ki, bu, uşaq üçün zərərlidi. Bunlar uşaq yaşlarından təbii şəkildə, futbol oynamaqla formalaşmalıdı. Uşaq böyüyəndə güclü futbolçu olması üçün kiçik yaşlarında sadəcə futbol oynamalıdı. Oynamağı isə hələ də oynayan gənc futbolçu-məşqçisinin texniki hərəkətlərinə baxaraq öyrənməlidi. Diplomlu məşqçi xal qazanmaq, irəli getmək haqqında düşünür. Kroyffun fikrincə, uşaq xal qazanmaq, yer tutmaq üçün yox, sadəcə, ləzzət almaq üçün oynamalıdı.

Bu fikirləri sıradan bir futbolçu və ya məşqçi desə idi, o qədər də ciddiyə almazdıq. Amma Kroyff belə biri deyil. Şəxsən mənim fikrimcə, o, dünyanın ən güclü futbolçusu, eyni zamanda da ən güclü məşqçisi olub. Buraxın mənim fikirlərimi, futbol ictimaiyyətinın əksəriyyəti hesab edir ki, Yohan Kroyff gəlmiş-getmiş ən güclü futbolçu və ən güclü məşqçilərdən biridi. O, idmanın şahının zirvəsi sayılan, Hollandiyada yaranmış total futbolun yaradıcılarından və onu meydanda həyata keçirənlərdən olub. Fikrimcə, bütün dövrlərin ən güclü komandası olan Pep Qvardiolanın “Barselona”sının formalaşmasında böyük ölçüdə Kroyffun xidmətləri var. Bunu Qvardiola da, həmin heyətin futbolçuları da təsdiq edir. Lionel Messi uşaq vaxtı Argentinadan “Barselona”ya gələndə onu Kroyffun məsləhəti ilə bu klubun uşaq komandasına götürmüşdülər. Argentinalı superulduzun yetişməsində Kroyffun müstəsna xidməti var. Yəni deməyim odu ki, belə bir adam “gələcəyin futbolçusu uşaq yaşlarında yalnız futbol oynamalıdı” fikrini səsləndirirsə, mübahisə etməyə dəyməz. Çünki onun bu fikrinin arxasında çox güclü arqumentlərinin olması dəqiqdi.

Kroyffu “öldürən” Azərbaycan futbolu... və ya kötüyə çevrilən gələcəyimiz

Kötüyə çevrilən gələcək

Bu arqumentlərdən biri çox güman özünün futbolçu kimi formalaşması ilə bağlıdı. Yəni Kroyff öz uşaqlıq dövrünü, bu dövrdə futbolçu kimi özünün necə formalaşmasını da nəzərdən keçirmiş və belə fikirlər yazmışdır. Kroyffun dahi futbolçu olduğunu nəzərə alsaq, onun futbolçu kimi necə formalaşması uşaq futbolu üçün etalon ola bilər.

Baxaq, görək Kroyff niyə hesab edir ki, uşaq yalnız futbol oynamalıdı? Hollandın fikrincə, uşaq oyundan zövq almalıdı, məşqçi isə nəticə haqqında düşünməməlidi. İndi baxaq: Tutaq ki, uşaq komandası cədvəl baxımından əhəmiyyətli bir oyuna çıxıb və qapıçı psixoloji gərginliyə dözməyib, oyunun sonunda səhv edir, qol buraxır, yaxud hücumçu sonuncu dəqiqədə penaltini vura bilmir. Belə vəziyyətdə komandada həmin qapıçının və ya hücumçunun vəziyyətini təsəvvür edin. Burda nəticə, turnir cədvəlində yer tutmaq üçün uşaqları oynadan mütəxəssis bütün hirsini, qəzəbini uşağın üstünə tökməyəcəkmi? Burda nəticə önəmlidisə, həmin uşaqlar oyundan hansı zövqü ala bilərlər? Zövq almağı bir yana qoyaq, onların nə boyda psixoloji zərbə aldığını təsəvvür edirsizmi? Belə psixoloji zərbəyə bəzən peşəkar futbolçu dözmür, o ki qaldı psixikası formalaşmamış uşaq ola... Ağlı, düşüncəsi hələ tam formalaşmamış uşaqdan bu cür psixoloji zərbələr alandan sonra yaxşı futbolçu çıxarmı?

Uşaq topu səhv atanda, zərbəni dəqiq vurmayanda, aldatma edib topu itirəndə nəticə haqqında düşünən məşqçi ona qışqıracaq. Uşaq da səhv etmək qorxusu ilə bunları etməkdən çəkinəcək və daha da çox səhv edəcək. Beləcə, bar verməli ağaca çevrilməli olduğu halda budana-budana kötüyə çevriləcək.

Başqa bir misal göstərək: uşaqları məşq zamanı kross qaçırmağın hansı faydası ola bilər? Yalnız fiziki cəhətdən inkişaf etdirə bilər. Amma biz atlet yetişdirmirik, futbolçu yetişdiririk. Təbii ki, qaçmaq da lazımdı. Lakin uşaq bunu oynaya-oynaya etməlidi. Topun arxasınca qaça-qaça.

Kroyffun fikirlərinə əsasən yuxarıda göstərdiyimiz bir neçə misal hollandın haqlı olduğunu göstərir. Təbii ki, daha detallı izah etmək olardı, xırdalıqlar çoxdu. Amma bu yazı elmi araşdırma deyil, oxucuları da nəzərə alaraq düşündük ki, məğzi çatdırmaq üçün bir neçə misal yetər.

Almanlar... və biz

Bu gün artıq demək olar, bütün dünyada uşaqları Kroyffun qeyd etdiyi kimi yetişdirirlər. Amma 20 il əvvəl belə deyildi. İlk öncə almanlar holland mütəxəssisin fikirlərini (çox güman ki) əsas götürüb, uşaq futbolunda ciddi dəyişikliklər etdilər. Onlar 1998-ci il dünya çempionatındakı fiaskodan sonra futbola yanaşmanı tamamilə dəyişdilər. Belə ki, almanlar əvvəllər uşaq futbolunda fiziki hazırlığa və atletik futbola xüsusi önəm verirdilər. Lakin həmin futbolçular böyüyəndə ortaya bir şey çıxmırdı. Bu səbəbdən də uşaq futbolunda yanaşmanı dəyişdilər. Yəni uşaqlara zövq almaq üçün futbol oynatdılar, uşaq futbolunda hesab, turnir cədvəli baxımından nəticəni önəmli saymadılar. Və bu gün Almaniya yığması dünya çempionudu. Çempion olan uşaqlar isə həmin 15-20 il əvvəl uşaq futbolunda olan inqilabi dəyişikliyin nəticələridi.

İndi bu gün təkcə almanlar yox, qeyd etdiyimiz kimi, dünyadakı əksər uşaqlar Kroyffun dediyi qaydada futbolu öyrənir. O cümlədən də biz.
Bir çoxunun bütün məğlubiyyətlərimizin baiskarı hesab etdiyi Bernhard Lippert Azərbaycana gəldikdən sonra bizdə də bu layihəni tətbiq etdi. Uşaq futbolu ilə bağlı yeni yanaşmalar tələb edən kitablar nəşr olundu, məşqçilər üçün kurslar təşkil edildi, bu kurslarda nəticənin uşaq futbolunda hesab baxımından, turnir cədvəlindəki yer baxımından önəmli olmadığı, əsasən texnikanın inkişafı istiqamətində çalışmanın vacibliyi irəli çəkildi. 2009-cu ildən də başlayaraq aşağı yaş qrupları arasında ölkə çempionatı keçirildi. O zaman, bütün bu layihələrdən sonra proqnozlaşdırıldı ki, 7-8 ildən sonra Azərbaycanda xeyli futbolçu yetişəcək və biz onları Avropanın aparıcı klublarına ixrac edəcəyik. Həmin 7-8 il artıq başa çatıb. Bu gün qeyd etdiyimiz layihə üzrə hazırlanan uşaqlar artıq 19-21 yaşlarındadı. Amma U-21-in oyununa baxanda görürük ki, əsas heyətin yarısı gəlmə olan bu komandada oynamağa normal futbolçu yoxdu. Yaxşı, axı biz də hər şeyi onlardakı kimi tətbiq etmişdik, bəs problem nədədi, harda səhv etmişik?

 

Kroyffu “öldürən” Azərbaycan futbolu... və ya kötüyə çevrilən gələcəyimiz

 

Bizdə niyə belə alındı?

Problem layihədə yox, onu həyata keçirən insanlardadı. Yəni təşkilatçılar, hakimlər, məşqçilər və s.

Uşaq futbolunda yarışları 2009-cu ildən bu yana AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsi (UGYTŞ) keçirir. Obyektivlik naminə qeyd edək ki, o vaxtdan indiyədək keçən dövr ərzində UGYTŞ yarışların daha yaxşı, daha əhəmiyyətli keçməsi üçün çox iş görüb. Məsələn, xatırlayıram ki, yarışların ilk illərində komandaların demək olar ki, hamısı “lipa” ilə oynayırdı. Həmin bu zərərli, futbolumuzu geri aparan işin, “lipalaşma”nın qarşısını bu gün UGYTŞ demək olar ki, alıb. İndi tam əminliklə söyləmək olar ki, uşaq liqalarında yarışan komandalarda “lipa” demək olar ki, yoxdu. Bunu etmək elə asan başa gəlməyib. Sənədləşmədə dəqiqlik, “lipa” buraxan məşqçiyə sərt cəzalar, bundan başqa, məşqçilər arasında düzgün təbliğatın aparılması, futbolçuların dəqiq yoxlanılıb oyuna buraxılması və bir çox işlər nəticəsində bu gün yarışlar təmiz keçir. Və bu təmizliyin arxasında zəhmət durur. Əlbəttə, biz bunu qiymətləndiririk. Amma bəzi problemlər qalır...

Hər şey nəticə üçün!

Biz yuxarıda Kroyffun fikirlərinə, bir çox ölkərdə futbolçunun yetişməsində rol oynayan səbəblərə baxaraq, futbolda nəticənin hesab və turnir cədvəli baxımından vacib olmadığını qeyd etmişdik. Eşitdiyim, bildiyim qədəriylə İngiltərədə, Almaniyada, Fransada və bir çox aparıcı futbol ölkələrində nəticələr hesablanmır, turnir cədvəli də yoxdu. Amma bizim uşaq futbolunda cədvəl də var, hesab da var, ələnmə də...

UGYTŞ-nin keçirdiyi yarışlara fikir versək, görərik ki, uşaq liqalarında hər şey nəticəyə hesablanıb. AFFA-nın rəsmi saytının “Yarışlar” bölməsinə daxil olub istənilən uşaq liqasının əsasnaməsinə baxsaz, buna şahid olarsız.

Məsələn, bu il Şimal regionu, Quba zonasının U-13 liqasında 8 komanda yarışır. Reqlamentə əsasən, birinci dövrədən sonra son iki komanda yarışı tərk edib və 6 komanda qalıb. İkinci dövrədən sonra 4, üçüncü dövrədən sonra 3 komanda qalacaq. Daha sonra bu üç komanda Şimal regionunun digər zonası Sumqayıtın eyni qaydada keçirilən yarışında ilk üç yeri tutan komandası ilə yeganə vəsiqə uğrunda mübarizə aparacaq. Ondan sonra bu tək vəsiqənin sahibi digər regionlardan çıxan qaliblərlə yeganə qalib-çempion qalanadək olimpiya sistemi ilə (uduzan çıxdı) mübarizə aparacaq.

Burda biz nə görürük? Görürük ki, hər şey sırf nəticəyə hesablanıb. Belə olan halda məşqçi də, futbol oynayan uşaq da yalnız hesabdakı lazımi nəticəyə köklənir. Başqa cür mümkün deyil! Burda həmin məşqçiləri də qınamaq olmur. Onlar sərfəli hesab üçün oynamağa məcburdurlar. O zaman “uşaq komandası üçün nəticə vacib deyil” fikrini əsas götürürüksə, deməli, yarışların təşkilində bu baxımdan problemlərin olduğunu da etiraf etməliyik.

 

Bir uşaq var idi...

Bu məsələdə hardasa UGYTŞ-ni də tam günahlandırmaq olmur. İlk illər AFFA-nın bu şöbəsi zonalardakı yarışları indiki kimi, yəni komandaların sayını hər dövrədə azaltmaqla keçirmirdi, iki dövrəli sistemlə keçirirdi. Burda lider də, autsayder də eyni sayda oyun keçirirdi. Amma elə komandalar var idi ki, hazırlaşmadan gəlib 0:10, 0:15 hesabı ilə uduzub gedirdilər. Həmin oyunlara federasiya xərc çəkirdi. Komandalara yolpulu, yemək verirdi. Belə bir vəziyyət, yəni komandaların hazırlıqsız gəlməsi UGYTŞ-ni yəqin ki, qane etmədiyindən, bu cür halların qarşısını almaq məqsədi ilə hər dövrədən sonra müəyyən sayda autsayderin uzaqlaşmasını təmin edən reqlament tərtib etdi. Bu reqlamentin bir növ işinə məsuliyyətsiz yanaşan məşqçi-müəllimləri çalışmağa sövq etmək məqsədi ilə edildiyi aydın idi.

Amma burda da bir nüans var. Bir neçə il öncə yarışları izləyərkən hər oyunu böyük hesabla uduzan komandanı xatırlayıram. Bu komandada oynayan texnikalı bir uşaq var idi ki, hamıdan fərqlənirdi. Tezliklə həmin uşaq digər məşqçilərin diqqətini çəkdi, indi o, artıq 16 yaşındadı və Premyer Liqa klublarının birində, U-16 liqasında məhsuldar oyunu ilə seçilir. Sözümün canı odu ki, həmin o böyük hesabla uduzan komandaya şərait yaradılmasaydı, o uşaq da itib-batacaqdı. Belə çıxır ki, uşaq futbolunda komandanın hazırlıqlı gəlib-gəlməməsi də əsas deyil. Əsas uşaqların müəyyən bir məkanda görüşüb, sadəcə, futbol oynamasıdı. Bəzən bir neçə qram qızılı əldə etmək üçün mədəndə tonlarla torpaq ələnir.

İmkan verin, əylənsinlər, həzz alsınlar!

Hər dövrədən sonra müəyyən sayda autsayderi yarışdan uzaqlaşdıran reqlament komandaların nəticəyə oynamasını ön plana çıxarır. Nəticənin ön plana çıxması isə uşağı məsuliyyət altına salır. Bu isə uşaq üçün psixoloji yükdü və uşaq bu yükü darta bilmir. Uşaqda oyunu uduzmaq qorxusu olmamalıdı. Bu qorxu olduqda o özü ilə çoxlu neqativlər dalğası gətiririr. Məsələn, həyəcandan ötürməni səhv edir, bu isə məşqçinin qəzəblənməsinə gətirir, məşqçinin qəzəblənməsi uşağa psixoloji cəhətdən mənfi təsir edir və bundan sonra uşaq daha çox səhv edir. Beləcə, neqativlər zəncirvari şəkildə komandanı əhatə edir. Sonuc isə həmin uşaqlardan böyüyəndə, böyük ehtimalla, futbolçu çıxmamasıdı. Uduzmaq qorxusunun olmaması üçün isə uşaq futbolunda hesabın əhəmiyyəti onuncu, on beşinci yerdə olmalıdı. Bəlkə də, ümumiyyətlə, əhəmiyyəti olmamalıdı.

Uşaq yalnız əylənməlidi. Futbolu da kiçik yaşlarından əyləncə kimi qəbul etməlidi, futbol oynamaqdan ləzzət almalıdı. Futbol uşağa xoşbəxtlik və sevinc gətirməlidi, iztirab, əzab, göz yaşı yox... Yalnız yeniyetməlik yaşına çatdıqdan sonra onları məsuliyyət altına salıb, qismən nəticə tələb etmək olar.

Vüqar Məmmədov

 

komanda.az

XƏBƏR LENTİ