Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

“Bavariya” – “Atletiko”: Oyundan sonra (II hissə)

Sayta qoyulub: 09:42 23.12.2017 (249 dəfə oxunub)

“Bavariya” – “Atletiko”: Oyundan sonra (II hissə)

 

 

Marti Perarnaunun "Məxfi-Təkamül" seriyası

“Şampan mənim üçün olmazsa olmazdı. Zəfər qazananda onu haqq edir, məğlub olanda isə ona ehtiyac duyuram” – Vinston Çörçill.

Münhen, 03.05.2016

Halsız olduğu gözdən qaçmayan Pep, boz sviterinin altındakı ağ köynəyinin son halını həyat yoldaşı Kristinaya göstərir. Sanki nəhəng bir əl köynəkdən yapışmış və onu parçalara ayırmışdı. Qəribədi, qumaş cırıq-cırıq olsa da, düymələr hələ də yerlərindəydilər; səliqəli formada bağlanmışdılar.

Kristina: “Yaxşı ki, üstündən sviter geyinmisən”, - deyə dilləndi. Köynəyin vəziyyəti Pepin ruh halını əla ifadə edirdi. Oyunçular və “Bavariya” azarkeşləri kimi, o da çox məyus idi. Almancada, performansın yaxşı olduğunu ifadə etmək üçün “souverän“ (çox yaxşı) sözünü işlədirlər. Bu gecə “Bavariya”nın oyununu da məhz bu sözlə təsvir etmək olardı: çox yaxşı, inamlı və üstün. Nəticə isə çox can yaxırdı. “Səfərdə vurulan qol” qaydası “Bavariya”nın finala çıxmaq şanslarının üzərindən xətt çəkmişdi. Komanda bərbad haldaydı: nə edəcəklərini bilmirdilər.

Şavi Alonso tamamilə şokdaydı. Sanki baş verənləri təsvir etmək üçün söz axtarır, olanları anlamaqda çətinlik çəkirdi. O, hayqırmaqdan tükənmişdi. Oyundan sonra meydanda hönkür-hönkür ağlayırdı. Bəlkə də onu daha öncə belə görməmisiz. Alonso bugünkü oyunun onun üçün Çempionlar Liqasında final oynamaq adına sonuncu şanslarından biri olduğunu yaxşı bilirdi. “Liverpul” və “Real”la – Şavi titulu iki dəfə qazanmışdı, ancaq onun hədəfi başqaydı: üç müxtəlif klubla Çempionlar Liqasının qalibi olan Klarens Zeedorfun uğurunu təkrarlamaq istəyirdi.

Özünə gəlməsi bir xeyli zamanını aldı. Birtəhər özünü “Alyanç Arena”nın koridorlarına atsa da, həyat yoldaşını, anasını və meneceri İnyakini görər-görməz yenidən hissləri alt-üst oldu. Nə deyəcəklərini bilmirdilər, əslində, deyiləsi bir şey də yox idi. Sonra Şavi atası Perikoyla qucaqlaşdı. Periko vaxtı ikən “Real Sosyedad” və “Barça”da forma geyib. Sanki maskalanmışdı, emosiyalarını büruzə verməmək üçün özünü sıxırdı. Çempionlar Liqasıyla vidalaşmağın verdiyi ağrı hissini təsvir etmək üçün sözlərə ehtiyacları yox idi; gözlər hər şeyi büruzə verirdi. Şavinin böyük oğlu Con səssizliyi pozur: “Ata, evə getmək vaxtıdı”.

David Alaba da Şavi kimi üzgün görünürdü. Dostlarından biri ona sarılmışdı; Davidi sakitləşdirmək üçün qulağına pıçıltı ilə nəsə deyirdi, ancaq Alaba onu dinləmirdi. Şokdaydı, hər şeyin bu formada bitdiyinə inanmırdı. David, “Atletiko”nun qol vurmasına səbəb olan səhvini ağlından çıxara bilmirdi. Xatalar zəncirinin içində bir neçə oyunçu var idi: Boatenqin yanlış ötürməsi, ardından səhvini düzəltmək üçün ehtiyatsız presinqi, Alonsonun azacıq öndə mövqe alması - hansı ki nəticəsində Torresə istifadə edə biləcəyi boşluq yaranır -, Alabanın Qrizmannı ofsayda salmaq məqsədiylə əyləcə bacması və nəticədə Antuanla birə-bir mübarizədə qalib gəlmək şansını itirməsi... Və son həlqə: ayağın qeyri-ixtiyari şəkildə boşa çıxması, nəticədə fransız forvardın qapıçıyla üzbəüz qalması. Bu xırda səhvlər zənciri “Bavariya”nın finala gedən yolunu kəsdi. David Alaba bütün bunları yaxşı başa düşürdü və bu səbəbdən də hamının kədərini paylaşırdı. Təskinedici sözlər, təsəlliverici qucaqlamalar - heç nə ağrını yüngülləşdirə bilməzdi. Bütün bunların üstəsindən gəlmək üçün zamandan yaxşı dərman yox idi.

Tomas Müller düşüncələrə dalmışdı. Tamamilə sakit idi - bu, onun necə qorxunc hisslər keçirdiyini izah etmək üçün yetərlidi. Müller boşboğazdı: həmişə gülməyə, zarafatlaşmağa, aranı qatmaq üçün nəsə deməyə hazırdı – hətta ən uyğunsuz vəziyyətdə belə. Bu – sağı-solu bəlli olmayan adamın işi təkcə futbol meydançasıyla məhdudlaşmır: o, hər yerdə belədi. Artıq hamı bilir ki, bu Müllerdi, öyrəşiblər. Bu gecə hətta o da fərqlidi. Elə bil ki, özünün solğun kölgəsidi, qeybə çəkilmiş ruhu stadionda dolaşır: başıaşağı, sakit, hər şeyi bərbad etdiyini yaxşı bilir. Qaçırdığı penalti can vermək üzrə olan “Atletiko”nu yenidən həyata qaytarmışdı. Amma hər şey bu qədər sadə deyil. Onun performansı xaotik idi və tərəddüdlərlə doluydu. Yox, komanda yoldaşları onu tənqid etmək fikrində deyildilər, ancaq hamısı Müllerin səhvlərinin oyunun gedişatına mənfi mənada təsir etdiyini anlayırdılar. Sadəcə, tez-tez işıq sürətiylə doğru mövqelərə hərəkətlənən və komandanı xilas edən adam bu gün onları məyus etmişdi.

Canı yansa da, Quardiola şikayətçi deyildi: o, hisslərini gizlətməyə çalışırdı. Pep 4 il əvvəl bənzər bir situasiya ilə qarşılaşmışdı. O zaman Roberto Di Matteonun “Çelsi”si Çempionlar Liqasının yarımfinalında “Barselona”nı mübarizədən kənarlaşdırmışdı. “Barça” matç boyunca dominantlıq etmişdi, yəni bugünkü oyunla həmin görüş arasında nəzərə çarpacaq qədər oxşarlıq var idi. 180 dəqiqəlik yarımfinal seriyası ərzində “Bavariya” “Atletiko”nun qapısına 53 zərbə endirmişdi, ancaq növbəti dəfə yığcam və müdafiə futbolu oynayan tərəf Quardiolanın komandasını turnirdən uzaqlaşdırmışdı.

Məşqçi futbolçularnı nəyəsə görə qınamaq niyyətində deyildi. Onsuz da onların ən böyük səhvi birinci matçın ilk dəqiqələriylə bağlı idi. “Əgər matçın ilk 20 dəqiqəsini qol buraxmadan ötüşdürsək, finala çıxacağıq” – Pep Madriddəki ilk oyundan öncə yetirmələrinə bunu demişdi.

Ancaq işlər düşünülən kimi getmədi və Saulun o qorxunc 15 dəqiqə ərzində fərqlənməsi, həmçinin Qrizmannın bugünkü səyləri nəticəsində Quardialının final ümidləri öldü. “Bavariya”nın daimi hücumlarının qarşısını almaqda çətinlik çəkməsinə baxmayaraq, “Atletiko”, görkəmli müdafiəsi və partlayıcı əks-hücumları ilə fərq yaradırdı. Düzdü, Errera liberodan istifadə edirdi, acnaq etiraf edək, “Atletiko”nun strukturu Elenionun “İnter”ini (1963-1964, 1964-1965 – Avropa kubokunun qalibləri) xatırladırdı. Cinah müdafiəçiləri qanadlar boyunca irəli-geri işləyirdilər, stoperlər cərimə meydançasının ağasıydılar, sanki komanda, boşluqların yaranma yerini hiss edib, onları qapamaq üçün altıncı hissə sahib idi. Matç boyunca boşluq, zaman və şans verməsinlər deyə, rəqib yarımmüdafiəçilər ikiqat enerji sərf etdilər. Əvəzində, Madrid klubu boşluq yaratmaq üçün Torresin ani sürətlənmələrdən əla istifadə etdi. Hə, bir də Qrizmanın heyranedici top kontrolunu qeyd etməliyəm. Fərqi yox idi, kim presinq edirsə etsin, Antuan topa hakim ola bilirdi – eynən 60-ların “İnter”ində oynayan Luis Suares kimi. “El Cholo” – Simeone “Atletiko”nu üstün istedadlı komandaya çevirmişdi. Onun ən görkəmli zəfəri isə yaratdığı müdafiə strukturu idi. Errera kimi, Simeone də müdafiəni strateji planlarının mərkəzinə yerləşdirmişdi, yenə Erreranın “İnter”i kimi, məhz müdafiə onları elit səviyyə komandalarından biri halına gətirmişdi.


Oyunun ilk saniyələrindən etibarən “Bavariya” “qırmızı-bəyazlar”ın “divar”ını dağıtmaqda qərarlıydı. Yağış yağırdı, ancaq “Bavariya”nın enerji fışıldayan oyunçuları nə edəcəklərini yaxşı bilirdilər. Məşqçinin rəhbərliyiylə üç iclas və iki məşq sessiyası sırf bu oyuna həsr olunmuşdu. Artıq Pepin oyunla bağlı taktiki planlarına aid hər şeyi bilirdilər. Quardiola “Atletiko” ilə səfər oyunundan sonrakı mülahizələrini tətbiq etmək qərarına gəlmişdi.

Toplu “Bavariya” 3-4-3 romb düzülüşündən istifadə edirdi. Martines, Boatenq və Alonso müdafiədə oynayırdılar. Rombun arxa və irəli uclarında müvafiq olaraq Vidal və Müller, kənarlarında isə Alaba ilə Dieqo Kosta var idi. İrəli üçlü beləydi: sağ vinqer – Lam, sol vinqer – Riberi və mərkəzdə, Dieqo Qodinlə birə-birdən qalib ayrılmağa çalışacaq olan Levandovski. Vinqerlərin öhdəlikləri bir-birindən fərqlənirdi. Sağ tərəfdə oynayan Lam maksimum geniş oynamağa çalışırdı ki, Kosta “Atletiko”nun sol cinah müdafiəçisi və stoperi arasındakı boşluqdan içəri keçsin. Pep bu ikilidən sürətli və cəsarətli hücum futbolu oynamalarını istəmişdi.

Bu, Pepin aşkarladığı boşluq idi və komanda planı üzrə, hücum ardınca hücum məhz o kanala daxil olmağa çalışırdı. Sol cinah üçün isə adi günlərdən biriydi: onlar həmişəki funksiyalarını yerinə yetirirdilər. Riberi geniş oynayırdı, daha çox içəriyə meyillənən Alaba isə pas oyunu axtarışındaydı. David “Atletiko” müdafiəçilərini yerlərindən oynatmağa çalışıb, lazım olan boşluğu tapınca ötürməyə cəhd edirdi. Ümumiləşdirsək, içəriyə doğru qaçıb, ötürməni verib, özü sola yönəlirdi.

İsinmə məşğələləri zamanı Filipp Lam cərimə meydançasına krosslar göndərirdi, Müller isə həmin krossları başıyla tamamlamağa çalışırdı. Tomas 11 cəhdin cəmi birini qolla tamamlaya bildi. Bəlkə də bu, sonradan olacaqlara işarəydi.

Pep epik döyüşə əvvəlcədən hazır idi. “Atletiko” hava atışından qalib ayrılır: Madrid təmsilçisi oyuna mərkəzdən başlayacaq. Ancaq “Bavariya”nın topu oğurlaması üçün saniyələr kifayət edir. Münhen səfərində olan “Atletiko” futbolçuları həyatlarının futbolunu oynayırlar.

Şübhəsiz ki, bu gecə “Bavariya” Quardiola erasındakı ən yaxşı oyununu ortaya qoydu. Bəlkə də estetik cəhətdən ən gözoxşayan “Bavariya” matçı deyildi, üzərinə gəl viranedici yekun nəticəni, ancaq düzə düz, bu, onların son üç il ərzindəki ən yaxşı performansıydı. Bu, mövqe oyunu və birbaşa/vertikal futbolun - Şavi Alonso transfer olunduğu gündən etibarən Pep bunun xəyalını qururdu - qarışığıydı. Vinqerlər insayd forvardların mərkəzi kanallara sızması üçün irəlidəydilər – bu, məşqçinin etiketiydi. Matçın 41 dəqiqəsi (topun oyunda olmadığı dəqiqələri çıxanda rəqəmin önəmi daha aydın başa düşülür) ərzində top “Bavariya”da olmuşdu və Münhen təmsilçisi 650 ötürmə - rəqibindən üç dəfə çox – vermişdi. “Atletiko” oyunun böyük bir bölümündə öz meydançasına məhkum olunmuşdu. “Bavariya” qarşı alınmaz maşına bənzəyirdi: rəqibinin müqavimətini amansız effektivlilik və nəfəskəsən sürətlə yerlə bir edirdilər. Bu, kor-koranə tələskənlik deyildi, hər şey hesablanmışdı. Təbii, yağış və yaş ot da işlərini qismən asanlaşdırırdı. Sanki top uçurdu və hər ötürmə yerinə, səfərdəki matçla müqayisədə daha tez çatırdı. Madrid müdafiəçiləri onları dayandırmaqda çətinlik çəkirdilər.


Başlanğıcdan etibarən Alonso, Lam və Boatenq “Atletiko”nun zəif nöqtəsinin fərqinə varmışdılar. Xüsusilə də Şavi və Jerom müxtəlif cür – uzun, alçaq, sürətli – ötürmələr yoxlayırdılar və görürdülər ki, rəqib, demək olar ki, onların hamısına gecikir. Lam, Pepin dediyi boşluğun getdikcə açıldığını görürdü və o, ev sahibi olmanın verdiyi üstünlükdən istifadə etmək niyyətindəydi. Filipp Kostanın daxil olacağı boşluğu böyütmək üçün, hiyləgərcəsinə içəri dalır, sonra yenidən kənara doğru manevr edirdi, ani hərəkət dəyişmələri onu markajda saxlayan rəqib futbolçunu çaş-baş salırdı.

“Bavariya”nın rəqib meydançasına ardı-arası kəsilməyən hücumları Simeonenin yetirmələrini öz qapılarına doğru çəkilməyə məcbur edirdi. “Atletiko” futbolçuları sıx şəkildə qapanmışdılar. "Ölü" toplarda, xüsuilə də qapıdan zərbələr zamanı vaxtı aparmağa çalışırdılar. Sağ qalmaq üçün belə fürsətlər axtarsalar da, "Bavariya” qısa zaman kəsiyində onları yenidən qapılarına doğru çəkilməyə məcbur edirdi.

Meydanın “qırmızı-bəyazlar”a tərəf hissəsinə girməyən tək “Bavariya” oyunçusu qolkiper Noyer idi. Münhen təmsilçisinin hesabı erkən açması qaçınılmaz görünürdü. Elə də oldu: Şavi Alonsonun cərimə zərbəsindən sonra rəqib müdafiəçi Ximenesə dəyən top qapıya daxil oldu. “Atletiko”, ev sahiblərinin qəzəbli hücumu qarşısında sudan çıxmış balıqa bənzəyirdi. Çox keçmədən “Bavariya” penalti qazandı. Topun başına Tomas Müller keçdi. Bu, “Atletiko”nun tabutuna vurulan son mismar ola bilərdi. Ancaq Oblak – “Atletiko” adına seriyanın ulduzu – zərbəni qaytardı və çapalayan komandasına can verdi. Qeyd: Oblak “Atletiko”dakı ilk üç mövsümü ərzində 21 penaltidən cəmi üçünü dəf edə bilmişdi.

Şavi Alonsonun atası – Periko fasilədə: “Belə də davam etməliyik”.

“Bavariya” əla hücum edirdi, ancaq müdafiə heç də ondan geri qalmırdı: ilk 45 dəqiqə ərzində “Atletiko” qapıya cəmi iki uzaq məsəfə zərbəsi endirə bilmişdi. Madrid təmsilçisi Noyer üçün təhdid yarada bilmirdi.

Pepin həyat yoldaşı - Kristina, qızı - Valentina ilə birlikdə korridor boyunca gedib-gəlirdi. O, gərginliyi hiss edirdi: “Az qalıb, zəfərə çox yaxınıq. Ah, o penalti... Necə qaçırdıq axı?! 2:0-dan sonra, demək olar ki, işi bitirmişdik, amma indi isə bir az daha əziyyət çəkməliyik. Ehh, az qalıb...”

İkinci hissə üçün meydana çıxan “Bavariya”lılar sanki həyəcanı üzərlərindən atmışdılar. Onlar matçın ən çətin periodunun artıq geridə qaldıqlarını düşünürdülər. Eyni zamanda, açıq-aşkar dominantlıq etdiklərinin fərqindəydilər.

İlk beş dəqiqə ərzində “Bavariya” futbolçuları ənənəvi şəkildə top çevirirdilər. Bu arada, Simeone önəmli dəyişikliyə əl atmışdı: vinqer Yannik Karraskko artıq oyundaydı. Belçikalı yenicə zədədən qayıtmışdı və “El Cholo” ondan əks-hücum axtarışlarında istifadə etmək niyyətindəydi. “Atletiko”nun tənəffüsə ehtiyacı var idi.

“Bavariya”nın “fasilə”si cəmi 4 dəqiqə çəkdi. Onlar yenidən əvvəlki tempi və intensivliyi bərpa etdilər. Şavi topu bir cinahdan digərinə göndərirdi, Vidal, demək olar ki, hər yerdəydi, Lam hücumların təşkilində iştirak edir, forvardlar isə irəlidə təzyiq edirdilər.


Futbolda bir neçə dəfə belə şeylərin şahidi olmuşuq, bu səfər də eynisi təkrarlandı: “Atletiko” şanslı olan tərəf idi. “Bavariya” müdafiəçiləriylə çıxdığı hücumun geridönüşündə əks-hücumla üzləşdi. Nəticədə “Atletiko” cəkpotu vurdu: Qrizmann topu qapıya göndərdi və komandasının finala vəsiqəsini təmin etdi.

“Bavariya” qol sonrasında çətinlik yaşayırdı. Oyunu çevirmək imkansız görünürdü. Artıq onların iki qola ehtiyacı var idi. Nəzərə alsaq ki, rəqib turnirin gedişində o ana qədər qapısında cəmi 5 qol görmüşdü, missiyanın çətinliyini anlamaq üçün ekstra təxmin bacarağına ehtiyac yox idi. Bir başqa önəmli məqam: Simeonenin yetirmələri mövsüm ərzində cəmi bir görüşdə 3 qol buraxmışdılar. Bundan əlavə, bərabərlik qolundan sonra “Atletiko” yenidən canlanmışdı. Komandanın ehtiyacı olan tək şey sanki Qrizmannın qolu imiş. Karrasko və Torresin açılmaları meydançanın “Atletiko”ya aid olan hissəsindəki təzyiqdən yaxa qurtarmaq adına effektiv idi.

Pepin yetirmələri plana sadiqiydilər: onlar futbollarını oynamağa davam edirdilər, ancaq qarşılarında keçilməz müdafiə səddi var idi. Bu anda Tyaqonun etiketi - müdafiə yarıcı ötürmələr imdada çata bilərdi, bir digər ehtimal - Koman idi. Fransızın cinahdan anarxiv sprintləri işə yarıya bilərdi, ancaq Pep həyatının oyunun oynayan Şavi Alonsonu qurban verə bilməzdi, eynisi Vidala da aiddi. Hə, bir də Lam: Filipp son üç ilin ən yaxşı futbolunu oynayırdı. Quardiola son anda, heç vaxt avqust-dekabr ayları arasındakı həyəcanverici formasını bərpa edə bilməyən Kostanın yerinə Komanı döyüşə atmaq qərarına gəldi. Fransızın driblinqi möhtəşəm olmasa da, matçın son dəqiqələrində “Bavariya”nın üçüncü qolunu vurmaq üçün iki gözəl şans əldə etdi. Noyer isə öz növbəsində, Torresin penaltisini dəf edərək, heç də Oblakdan geri qalmadığını sübuta yetirdi.

“Bavariya” 74-cü dəqiqədə ikinci qolu rəqib qapısından keçirə bildi. İçəri doğru asmadan sonra Vidal topu başla Levandovskinin önünə atdı və polşalı fərqləndi. Qoldan sonra da “Bavariya” “Atletiko”nu kötəkləməyə davam edirdi: şanslar bir-birini əvəzləyirdi. Ancaq onların arasında ən inanılmazı - Alonsonun künc zərbəsindən ötürdüyü topa Alabanın endirdiyi zərbə idi. Oblak, rəqib müdafiəçilərdən birinə dəyərək istiqamətini dəyişən topa inanılmaz şəkildə reaksiya vermişdi.

Rəqib qolkiper bu gecə qüsursuz idi və “Atletiko”nun müdafiəsinin üzərinə onun oyununu da əlavə etsək, komandanın son üç il ərzində iki dəfə Çempionlar Liqasında final oynadığını anlamaq o qədər də çətin olmur. Yekunda “Bavariya”nın “gözlənilən qollar” – zərbələrin vurulma zonası və hesaba görə matçda neçə qol vurulmalı olduğunu hesablayan alqoritm - əmsalı 4.24-ə, “Atletiko”nunku isə 1.40-a bərabər idi, yəni normal şərtlər altında “Bavariya” vurduğu zərbələr müqabilində rəqib qapısına 4 dəfə yol tapmalı idi. Anladığınız kimi, hücumların tamamlanmasında yaranan problem nəticənin əksinə olmasına gətirib çıxardı.

Beləliklə, Quardiolanın komandası üç il ərzində üçüncü dəfə Çempionlar Liqasında yarımfinaldan o tərəfə keçə bilmədi. Zamanında Pep öz instinktlərinə inanmayıb, yanlış taktikanı seçdiyinə görə, komanda “Real”la bacarmamışdı. Ardından, Messinin dahiliyi və “Bavariya”nın zədələr epidemiyası yekunda “Barselona”nın finala çıxması ilə yekunlaşmışdı. Ancaq bu gün baş verənlər digərlərindən tamamilə fərqlənirdi. Komanda bu səfər çox yaxşı oynasa da, finala vəsiqə qazana bilməmişdi. Bu səbəbdən də bu gecə Münheni bürüyən sarsıcıdıcı inamsızlıq hissinə təəccüblənməmək lazımdı.


Heç kim yemək hayında deyildi. Restorandakı yeməklərə, demək olar ki, əl dəyilməmişdi. İspan ofisiant – Lukas onlara şampan, pivə və şərab təklif etsə də, hamılıqla “yox” cavabı vermişdilər. Start 11-liyindən sadəcə Noyerlə Martines oyunçular üçün ayrılan istirahət otağında qaldılar. Pep bir-iki ağız makaron yeməyə cəhd etdikdən sonra, ailəsi ilə birlikdə oradan ayrıldı: “Mənə “Barça”-“Çelsi” oyununu xatırladır. Ancaq inan mənə, bu, ondan da betərdi”.

Köməkçilər - Domenek Torrent və Karles Plançart özlərini daha da pis hiss edirdilər. Onlar bir neçə dəfə matçın üzərindən keçəcəkdilər: “Bavariya”lı oyunçuların 90 dəqiqə boyunca gördükləri doğru işlər və əvəzində mükafatsız qalmalarını, qapıya zərbələrdəki dominantlığı, qaçırılan penaltini və Oblakın möhtəşəm performansını yenidən izləməli olacaqdılar.

Onlar baş verənləri tam olaraq anlamaq üçün gecə saat 3-ə qədər orada qaldılar. Bu gecə “Bavariya” bir neçə dəfə “Atletiko”nun blokadasına öldürücü zərbələr endirdi. Amma bütün bunlar bir heç uğruna imiş... Pepin komandası artıq Çempionlar Liqasında mübarizəni dayandırmışdı.

Əlavə sonluq: Həmişə qələbə qazanmaq mümkünsüzdü, heç Pele də bunu bacarmadı

“Zəfər sevdiyin şeydən aldığın həzzdi, bunun arada-sırada qələbə qazanmaqla heç bir əlaqəsi yoxdu. Zəfər o şey uğruna daim çalışmağı sevmək, ondan hər gün zövq almaqdı” - Rafael Nadal.

Münhen, 04.05.2016

Bəlkə də Quardiola öz ideyalarını sınaqdan keçirməyə çox can atırdı, hətta bunun üçün ehtiyatsız davranıb, risk almaqdan belə çəkinmədi. Hər şeyin titullarla/kuboklarla ölçüldüyü günümüz futbolu üçün o, qeyri-adi biridi. Buna baxmayaraq, Quardiola inkişaf axtarışı və öz oyun modelini/ideyalarını mükəmməlləşdirmək adına risk almağa davam etməkdə qərarlıdı. Pepdən "Siti"də daha radikal yanaşma gözləyə bilərsiz. Hərçənd bunun üçün bir xeyli zamana ehtiyacı olacaq, ancaq əmin olun, onun Mançesterdə oynadacağı futbol da həmişəki kimi, cəsarətli və yaradıcı olacaq.

Quardiola: “Bu oyun/oyun modeli adına hər şeyini ortaya qoyan adamlar üçün belə oynamağa borcluyuq. Boş verin insanların haqqımızda dediklərini, boş verin qəzetlərdəki köşə yazılarını. Bu, belə - keyfiyyətli futbol ortaya qoymaq üçün əzmlə çalışan hər kəsə ithaf olunur. Bir neçə məşqçi tanıyıram ki, ideyaların yaşaması üçün hər şeylərini riskə atıblar...”


“Bavariya”nın Çempionlar Liqasında mübarizəni dayandırmasından cəmi bir gün keçmişdi. Pep bütün məğlubiyyətlərlə belə başa çıxır: onları olduğu kimi qəbul edir, səhvlərini, rəqiblərinin etdiklərini analiz edir və yoluna davam edir. O, oyunu hər nöqteyi-nəzərdən diqqətlə gözdən keçirir; ondan nəticə çıxarmaqda, səhvlərini düzəldərək yeni şeylər öyrənməkdə və oyun anlayışını daha bir addım inkişaf etdirməkdə qərarlıdı.

Quardiola: “Münhendə keçirdiyim günlər mənə necə uduzmağı öyrətdi. Həmişə qələbə qazanmaq istəmişəm, ancaq aydın məsələdi ki, daim bunu bacarmaq mümkünsüzdü. Mən də əvəzində uduzmağın yollarını öyrənməyi seçdim. Uduzmağa məhkum olduğunu bilirsənsə, ən azından bunu necə edəcəyini seçməlisən. Bəzən məğlub olanda daha çox şey öyrənirsən, nəinki qalib gələndə. Bax, burada bunu dərk etdim. "Atletiko"ya qarşı oyunlar (2016, ÇL yarımfinal - 0:1/2:1) tamamilə fərqlidi. Yox, "Real"a uduzmağa (2014, ÇL yarımfinal - 0:4) bənzəmir. "Atletiko" seriyası ilə bağlı ən önəmli şeyin nə olduğunu bilirsiz? "Atletiko" kimi məğlub edilməsi imkansız görünən bir komandaya qarşı iki möhtəşəm matç oynadıq və oyunçularımın cəsarəti və cömərdliyi sayəsində onları bir dəfə də olsa, məğlub edə bildik. Bəlkə finala çıxa bilmədik, ancaq bütün dünyanın marağını cəlb edəcək şəkildə gözəl futbol oynadıq. Bunu görməzdən gəlmək olmaz. Bütün bunlar oyunçularım sayəsində mümkün oldu.

Reaktiv futbol oynadan yüzlərlə məşqçi saya bilərsiz. Heç birinə hörmətsizlik etmək istəmirəm, ancaq biz fərqliyik. Biz Krayfın, Xuanma Lilyonun, Pederneranın, 70-lərin Braziliyasının, Menottinin, Kappanın, "Ayaks"ın və "möhtəşəm macarlar"ın yolundan gedirik: biz onların əsil davamçılarıyıq. Bildiklərimi gələcək nəsillərə ötürmək kimi bir öhdəliyim var. Gec, ya tez, Şavi və Buskets bir gün "Barça"da söz sahibi olacaqlar və necə Krayf mənə, mən isə onlara yola göstərmişdimsə, onlar da eyni formada biliklərini başqalarıyla bölüşəcəklər. Siyahı uzundu: Maskerano, Alonso, Havi Martines, Manu Noyer - onların hər biri çox yaxşı məşqçi olacaq. Şübhəsiz ki, bu yolda məğlubiyyətlər qaçılmazdı. Ancaq sabah günəş yenidən çıxacaq və biz yenidən xəyallarımızın ardınca gedəcəyik. Futbolda həmişə qələbə qazanmaq mümkünsüzdü. Maradona və Pele? Heç onlar da bunu bacarmadılar".

 
 
 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat