Tərlan Əhmədovun "Neftçi"dəki maaşı məlum oldu

Sayta qoyulub: 14:30 20.09.2017 (340 dəfə oxunub)

"Neftçi"nin yeni baş məşqçisi Tərlan Əhmədovun maaşı müəyyənləşib. Bugünlərdə paytaxt təmsilçisi ilə mövsümün sonunadək qüvvədə qalacaq müqavilə bağlayan təcrübəli mütəxəssis ayda 5000 manat əməkhaqqı alacaq.

Əgər komanda onun rəhbərliyi altında avrokuboklara vəsiqə qazansa, onunla anlaşmanın müddəti uzadılacaq və məvacibi artırılacaq. İndiki halda isə 5000 manat rekord deyil.

Əksinə, Əhmədov son illərdə ən az maaşla "Neftçi"də işləməyə razılıq vermiş mütəxəssisdi. Müqayisə üçün deyək ki, Böyükağa Hacıyevin aylıq gəliri 10000 manatı keçirdi. Vəli Qasımov da elə onun qədər qazanırdı. Elxan Abdullayevdə bu rəqəm 6000-6500 manat civarında idi. 

Əhmədov 1989-1991, 1998-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 117 oyunda 6 qol vurub. 1999-cu ildə ölkə kubokunun qalibi olub və Azərbaycanın ən yaxşı futbolçusu seçilib. 1992-2005-ci illər ərzində milli komandada 75 oyun keçirib.

45 yaşlı mütəxəssis 2011-2013-cü illərdə "Neftçi”də məşqçi vəzifəsində çalışıb. Həmin müddətdə komanda Azərbaycan çempionatının (2012, 2013) və kubokunun (2013) qalibi olub, futbol tariximizdə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2012).

 

XƏBƏR LENTİ