Azərbaycanın iki taekvondoçusu Universiadada bürünc medal qazanıb

Sayta qoyulub: 14:31 24.08.2017 (228 dəfə oxunub)

Azərbaycan taekvondoçuları Səid Quliyev və Radik İsayev Taypeydə təşkil olunan XXIX Yay Universiadasında bürünc medal qazanıblar.

74 kq çəki dərəcəsində çıxış edən Quliyev mübarizəyə 1/16 finalda başlayıb. O, ardıcıllıqla çilili Munoz Qarridonu (29:11), meksikalı Hektor Alvarez (5:5, hakimlərin qərarı ilə qalib elan olunub) və portuqaliyalı Julio Ferreyranı (8:6) məğlub edib. Yeniyetmələr arasında olimpiya çempionu olan 24 yaşlı idmançı yarımfinalda iranlı Ramin Hüseynquluzadəyə uduzaraq (0:13) "bürünc" əldə edib.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olan İsayev isə mübarizəyə 1/8 finaldan başlayıb. O, ardıcıl olaraq iranlı Farşad Qais Şandini (12:11) və türkiyəli Sabit Buqrahan Karakası (17:1) yenib. Lakin yarımfinalda rusiyalı Rafael Ayukayevə 8:36 hesabı ilə uduzan İsayev "bürünc"lə kifayətlənib.

Qeyd edək ki, bunadək Azərbaycan Universiadada 2 qızıl, ümumilikdə isə 4 medal qazanıb. Taekvondoçulardan Milad Beigi Harçeqani (80 kq) qızıl, Ayxan Tağızadə (68 kq) “gümüş” əldə edib. Eyni zamanda, cüdoçulardan Zelim Kotsoyev (100 kq) fəxri kürsünün birinci pilləsinə yüksəldiyi halda, Firudin Dadaşov (90 kq) bürünc medala yeyələnib.

XƏBƏR LENTİ