Azərbaycanı AT, LET’s goo...

Sayta qoyulub: 15:43 11.08.2017 (322 dəfə oxunub)

Sadə dildə yazılmış başlığı başa düşmək üçün ingiliscə gənclər və idman naziri Azad Rəhimov qədər bilməyiniz yetərlidir. Bu, Azərbaycanda incidilən, biganəliklə üzləşən, sonda isə vətənindən didərgin salınan və ötən gecə Türkiyə idmanı tarixinə atletika üzrə ilk dünya çempionu kimi düşən Ramil Quliyevin uğur hekayəsinin düsturudur.

Azərbaycandan qaç və irəli get…

İndi o, idmana ayrılan pullarla gündə dəm olanların ölkəsində gündəmdir…

O, həm də mərdi qova-qova namərd elan edənlərə, yarış meydanında “asta qaçan namərddir” deyərək, susdurandı…

Bir də dabanına tüpürüb, qaçmaq var…

Məsələn, gənclər və idman naziri Azad Rəhimova, Azərbaycanın Yüngül Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadəyə və onun didərgin düşməsinə səbəb olanlara görə… Lakin, öz ayıblarına kor olmayanlar təkcə bununla kifayətlənməmişdi. Ramili qardaş ölkə Türkiyənin uğurları üçün çıxış edəcəyinə görə 3 il yarışlardan diskvalifikasiya edənlərin görəsən, indi vicdanları sızıldayırmı?

Bəs, vaxtı ilə “Ramil Türkiyəyə köçdükdən sonra əvvəlki nəticələri göstərmir” deyən, onun Azərbaycan bayrağı altında çıxış etmək istəmədiyini söyləyən, az qala Quliyevi vətən xaini çıxardan, ötən gecə isə qarşısında Azərbaycan bayrağına sarılmış dünya çempionunu görən Çingiz Hüseynzadə necə, utanırmı? Damarında azərbaycanlı qanı axanları didərgin saldığı, əvəzində isə qaradərili əcnəbiləri milliləşdirdiyi üçün xəcalət çəkirmi?

İndi adıçəkilən məmurların Azərbaycan prezidentinə verəcəkləri cavab da çox maraqlıdır. Hər halda bu məsələ burada qapanmamalıdır. Çünki vətənində üzləşdiyi problemlərə görə Ramil Quliyevlə eyni aqibəti yaşayan, ardınca Qazaxıstana getmək məcburiyyətində qalan, sonda isə qazaxlara Olimpiya çempionluğunu qazandıran Nicat Rəhimov adlı vətən övladımız da var. Hələ yaxşı ki, güləşçilər öz federasiya rəhbərlərini etirazları ilə vaxtında ifşa etdilər.

Yoxsa, biz Rəsul Çunayevin də, Toğrul Əsgərovun da, Hacı Əliyev və digərlərinin də çempion olan zaman sevinclərini iki bayraqla qeyd edəcəklərini seyr etməklə qalacaqdıq.

Düzdür, bir millət, iki dövlətik. “Fənərbaxça” prezidenti də, Arda Turan da və Ramili bu zəfər münasibəti ilə təbrik edən digər siyasilər, idman ictimaiyyətinin məşhur simaları da bunu xüsusi ilə vurğuladı. Onların öz dövlətləri ilə Azərbaycanın qardaşlığını vurğulayan təbrikləri isə Ramili Türkiyə bayrağı altında çıxış etməməsi üçün 3 illik cəzalandıranlara dəyən, səsi Londandan eşidilən silləyə bərabər idi…

Üzünüz qara olsun, Efiopiyadan gətirdiyiniz atletlər kimi…

Atalar həqiqətən də düz deyirmiş – igidlik ondur, doqquzu da qaçmaq…

 

Azərbaycanı AT, LET’s goo...

 

 

 

EMİN SƏFƏROV
Yenicag.az

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ