“İdman Azərbaycan” heç kimə heç nə sırımır, sadəcə bu kanala baxırlar

Sayta qoyulub: 19:25 20.06.2014 (5272 dəfə oxunub)

“İdman Azərbaycan” heç kimə heç nə sırımır, sadəcə bu kanala baxırlar

Düz 7-8 il əvvəl Azərbaycanda nə vaxtsa İdman kanalının yaradılacağını bəlkə də heç kim təsəvvür edə bilməzdi. Amma həyat elə arzularla gözəldir deyiblər. Müasir dövrdə tələb elə sürətlə artır ki, istər-istəməz bunun müqabilində artan təklifin necə yarandığını heç hiss etmirsən. Azərbaycanın sürətli iqtisadi və sosial inkişafı təbii ki, ilk növbədə cəmiyyətin tələbatını artırır. Cəmiyyət isə müxtəlif sahələrdə daim yeniliklər tələb edir. Bu yeniliklər həmin sahədə gedən dinamikanı, inkişafı təcəssüm etdirməlidir.

İdman sahəsi Azərbaycanda prioritet hesab olunur. Əvvəla bu həm nəslin fiziki sağlamlığı deməkdir. Digər tərəfdən həm də ölkənin beynəlxalq inteqrasiyası baxımından önəmlidir. Çünki hər bir idmançımızın beynəlxalq yarışdakı uğuru sonda Azərbaycan bayrağının dalğalanması və himnimizin səslənməsi ilə başa çatır. Deməli idman birbaşa olaraq Azərbaycanın beynəlxalq inteqrasiyasına təsir edir. Deyəsən mövzudan bir az uzaqlaşdıq. Ancaq narahat olmayın. İndi əsas mətləbi biləcəksiz. Çünki idman kanalının yaradılması məhz cəmiyyətin tələbi idi. Və təbii ki, ölkədə idmanın inkişafında əsas əməyi olan prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2009-cu ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində İdman Azərbaycan kanalı yaradıldı. Əslində həmin vaxt idman kanalının təşkili üçün tender də elan olunmuşdu. Ancaq belə bir ağır yükün altına ancaq ancaq Azərbaycan Televiziyası girə bilərdi. Çünki ölkəmizdə bütün kanalların formalaşmasında vacib rol oynayan AZTV mövcud texniki və yaradıcı potensialı ilə buna tam layiq idi. Və bütün bu amilləri nəzərə alan Televiziya və Radio Şurası demək olar ki, alternativsiz olan dövlət televiziyasına tenderdə üstünlük verdi. Digər kanalların isə bu cür çətin və məsuliyyətli işə başalamaları demək olar ki, sıfıra bərabər idi. Digər tərəfdən idman sahəsi demək olar ki, müasir dövrdə həm də biznes sahəsidir. İstənilən beynəlxalq yarışın hüququnun alınması və çəkilişlərin texniki cəhətdən həyata keçirilməsi üçün külli miqdarda vəsait tələb olunur. Bunu isə Azərbaycanda dövlət dəstəyi olmadan etmək mümkünsüz idi. Ona görə də İdman Azərbaycan kanalının məhz dövlət tərəfindən maliyyələşməsi tam normaldır. Artıq həmin vaxtdan düz 5 il ötüb. Bu illər ərzində isə çox iş görülüb. Kanal böyük həcmdə işlərin görülməsi üçün əslində o qədər də çox olmayan gənc və enerjili bir kollektiv formalaşdırıb. Ölkənin televiziya sahəsində bacarıqlı jurnalistləri ilə bərabər buraya yenicə jurnalistika fəaliyyətinə başlayan istedadlı gənclər də cəlb olunub. Bu 5 il ərzində İdman Azərbaycan kanalı həm ölkəmizdə, həm ölkədən kənarda keçirilən ən mühüm beynəlxalq yarışları tamaşaçıya çatdırdırmaqla kifayətlənməyib, bir olimpiada, futbol üzrə Avropa çempionatını yayımlayıb, mövcud verilişlərin keyfiyyətini artırıb, yenilərini təqdim edib. Bundan başqa futbol üzrə Avropanın aparıcı çempionatlarının oyunlarını, Çempionlar Liqası və Avroliqa matçlarını, Formula-1, peşəkar boks və bir sıra digər idman növləri üzrə mötəbər və reytinqli yarışların yayımını da buna əlavə etmək olar. Əlbəttə bütün bunlar elə-belə başa gəlmir. Bunun üçün həm maliyyə vəsaiti xərclənir, həm də gərgin peşəkar və yaradıcı kollektivin əməyindən istifadə olunur. Hətta son bir neçə ildə məhz İspaniya, İtaliya, İngiltərə çempionatlarının oyunlarını, adlarını çəkmədiyimiz bir sıra digər yarışları da Azərbaycandan kənar ölkələrdə yaşayanlar məhz İdman Azərbaycan kanalı vasitəsilə izləyirlər. Bunun isə yalnız bir səbəbi var. İdman Azərbaycan bu yayımları pulsuz və şifrəsiz tamaşaçıya təqdim edir. Halbuki beynəlxalq təcrübədə bunun üçün potensial abonent hesab olunan tamaşaçıdan müəyyən miqdarda pul alınır. <o:p></o:p>

Təəssüf ki, bütün bu işlərə rəğmən bu gün ölkədə İdman Azərbaycanın işinə kölgə salmaq istəyənlər, dırnaqarası peşəkarlar, özlərini hər şeyin bilicisi kimi göstərənlər də var. Özlərini bəzən jurnalist, bəzən hansısa xarici media orqanının təmsilçisi kimi göstərən, bəzən isə telekritik rolunu oynayanlar İdman kanalının strategiyasına, yayımçılığına “Söz atmağa başlayırlar. Əslində bu insanların fikri cəmiyyətin fikrinə o qədər də təsir etmir, ancaq istənilən halda könül bulandırır. İnsanı bulandıran isə bilirsiz də nədir. Nə isə bu həddə müqayisə aparmaq istəməzdim, ancaq məcbur oldum. Çünki bu gün futbol üzrə dünya çempionatı kimi mötəbər bir yarışı böyük vəsait xərcləyərək Azərbaycan tamaşaçısına təqdim edən, mundialın 64 oyununun hamısını sadə futbol azarkeşinə çatdıran, hər oyundan öncə canlı yayımda mütəxəssislərin iştirakı ilə verilişlər hazırlayan və bunun üçün texniki və yaradıcı heyətin potensialını əsirgəməyən telekanal özlərini hamıdan ağıllı hesab edən gözdəniraqların “şərhçilikdə səviyyə axtarması” ilə qınağına çevrilib. Təbii ki, bütün bu proses kənardan xeyli asan görünə bilər. Ancaq televiziyadan bixəbər olan bəzi “dil pərgərləri”nə başa salmaq lazımdır ki, bütün bu işlər gecə-gündüz çalışan, vaxtının çoxunu ailələlərindən daha çox işinə sərf edən İdman Azərbaycanın əzmkar kollektivinin əməyinin nəticəsidir. Bu insanlar iş-güclərini atıb (əslində bunun olub-olmaması sual altındadır) futbola baxmaq əvəzinə, necə deyərlər İdman Azərbaycan əməkdaşları üçün keçmiş “Qlavlit” rolu oynayırlar. Əvvəla bildirmək yerinə düşər ki, Azərbaycanda şərhçi məktəbi olmayıb. Kim bunu iddia edirsə böyük səhv edir. Düzdür, vaxtilə məhz elə dövlət televiziyasında əsasən futbol oyunlarını şərh edənlər olub. Ancaq gəlin etiraf edək ki, idman yayımlarının həcmi Moskvanın mərkəzi telekanalları ilə müqayisədə çox az olduğundan həmin şərhçilərin işi o qədər çox olmayıb və onlar sırf bu sahə üzrə ixtisaslaşmayıblar və başqa sahəyə keçiblər. Yəni qısacası bizim Ozerov və Maxaradzelərimiz olmayıb. Yəni Azərbaycanda idman şərhçiləri sırf müstəqillik vaxtı yetişməyə başlayıb. Ona görə də bu sahədə müəyyən nöqsanların olması bəlkə də bununla bağlıdır. Ancaq ümumilikdə bu gün İdman Azərbaycan telekanalı bu sahədə elə doğrudan da məktəb rolunu oynayır, daha doğrusu bu məktəbi yaradır. Ona görə də bu gün İdman Azərbaycan kanalının əməkdaşlarını nə bilim savadsızlıqda, qeyri-peşəkarlıqda ittiham edənlər bilməlidirlər ki, canlı yayımda 90 dəqiqə və ya daha artıq danışmaq, hadisələri şərh etmək asan iş deyil, həyəcan, gərginlik və məsuliyyətdir. Və bu gün gərginliyi yaşayan, öz bacarığını ortaya qoymağa çalışan kanal əməkdaşları özlərində bu məsuliyyəti hiss edib xalq qarşısına çıxırlar. Bundan heç kimin şübhəsi olmasın. O ki qaldı müəyyən dil qüsarlarına görə şərhçiləri qınayanlara, onlara məsləhətim odur ki, əvvəlcə özlərinin nitq qabiliyyətini yoxlasınlar, daha sonra digər kanallardakı aparıcıların hansı vəziyyətdə olması ilə bağlı bir monitorinq aparsınlar, bir də dilimizi hər keçən il guya yenilik gətirmək adıyla hətta şivə, ləhcəni bədii dilə bərabər edən, dilimizə dəxli olmayan sözləri lüğətə salaraq, məktub sözünü tələffüzdə məhtuf, örnək sözünü örnəh kimi qəbul edən Azərbaycanın müəyyən dilçi alimlərinin fəaliyyətinə diqqət yetirsinlər. O ki, qaldı bu gün “Azərbaycan tamaşaçısı futbol üzrə dünya çempionatına başqa kanallardan daha çox baxır” fikrini səsləndirənlərə isə demək istəyirəm ki, yanılırsınız əzizlərim. Əslində 9 milyonluq xalqımızın nəinki əksəriyyəti, hətta ölkədən kənarda yaşayan həmyerlilərimizin çoxu oyunları məhz doğma dilimizdə İdman Azərbaycanda seyr edir. Bunu hər gün redaksiyamıza gələn çoxsaylı telefon zəngləri, elektron ünvana yazılan məktublar və müxtəlif rəy sorğuları da göstərir. Təssüf ki, bu gün azərbaycanlı kimi göstərib, doğma dilimizdə cümlə qura bilməyənlər də var. Bax elə bu insanlardır ki, “Azərbaycan dilində anlamıram, və yaxud bu dil mənə rus, ingilis, fars və s dillərə nisbətən yaddır” deməyə gücü çatmır, onda həmin “bədbəxt”lərdir ki, (doğma dilini bilməyən və anlamayana başqa nə ad vermək olar) Sport 1, Rossiya, ORT kimi Azərbaycana qarşı həmişə birtərəfli mövqe tutan kanalların ekranı qabağından çəkilə bilmirlər. <o:p></o:p>

Əlbəttə inkişaf gedən yerdə nöqsan da olar. Heç kim bundan sığortalanmayıb. Bu xırda nöqsanların aradan qaldırılması isə zaman məsələsidir. Bu səhvləri isə böyük problemə çevirib qloballaşdırmaq isə İdman Azərbaycanın kiçik kollektivinin gərgin əməyinə kölgə salmaq və sadəcə ucuz reklamdır. Digər kanallara gəlincə isə Azərbaycan demokratik ölkədir və hər bir insanın söz azadlığı olduğu kimi informasiyanı müxtəlif mənbələrdən öyrənmək azadlığı da var. Zövqlər müxtəlifdir və tamaşaçı istəyi varsa, nəinki idman proqramlarını eyni zamanda digər verilişləri də xarici kanallardan izləyə bilər. Bunu onlara heç kim qadağan etməyib. Bir sözlə İdman Azərbaycan kanalı heç kimə yayımı sırımır, sadəcə bu kanala baxırlar. Elə onu tənqid edənlər də! Qoy olsun heç olmasa onlara nəsə iş tapılar.

Natiq Ağayev 

(İqtisad elmləri doktoru, İdman Azərbaycan kanalının daimi izləyicisi)

 

 

XƏBƏR LENTİ