Nail Kərimov: "Toni Adams bizə kömək edir"

Sayta qoyulub: 19:48 07.12.2012 (409 dəfə oxunub)

 

“Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov müsahibə verib. Kərimov gələn il təşkil olunacaq İkinci “Qəbələ” Kubokunun hazırlığından danışıb. Məlumat üçün əlavə edək ki, 15 yaşlı futbolçulardan ibarət 8 kollektivin iştirakı ilə keçiriləcək turnir 28 may – 4 iyun tarixlərinə planlaşdırılıb. Turnirdə məşhur komandaların iştirakı gözlənilir. Sözü çox uzatmadan Nail Kərimovla dialoqu təqdim edirik.

 

 


- Əvvəlcə turnirin loqosundan bəhs edək. Futbol ayaqqabısı və Qəbələnin rəmzinin harmoniyasından yaranmış loqotip kimin ideyasıdır?

- Ortaq ideyadır. Biz əvvəlcə həmin loqoda dağları əks etdirmişdik. Sonra düşündük ki, bura futbol ayaqqabısını da əlavə etmək zəruridir.


- “Qəbələ” klubunun rəsmi məlumatında hansı klublara dəvət göndərildiyi qeyd olunmayıb. Siz ip ucu verə bilərsinizmi?

- Vallah, indidən danışmaq bir qədər yaxşı deyil. Çünki bizə cavab məktubu gəlməyib. “Mançester Yunayted” də dəvətlilər arasındadır. Və bizə bu məsələdə İngiltərə futbolunun canlı əfsanəsi, sabiq baş məşqçimiz Toni Adams çox köməklik göstərir. Üstəlik yenə yaxın qonşulardan – Türkiyə və Rusiya dövlətlərindən klublar dəvət etmişik. Avropanın elit klublarının təmsilçilərini də Qəbələyə gətirməyə çalışırıq.


- Konkret neçə kluba dəvət göndərmisiniz?

- Biz də daxil olmaq şərti ilə 8 klub iştirak edir.


- Ötən il “Qəbələ”dən başqa, digər Azərbaycan klubu “Qarabağ” da bu turnirdə təmsil olunmuşdu. Eyni ssenari təkrar olunacaqmı?

- Mütləq bir Azərbaycan klubu iştirak edəcək.


- Bu il yəqin ki, “Bakı” olacaq….

- “Bakı”ya dəvət göndərəcəyik. Bizim fikrimizcə, “Bakı” bu gün ən layiqlisidir. Uşaq futboluna etdiyi yatırımlara görə, bu turnirdə oynamaq haqqı qazanıb.


- “Qəbələ” ötən illə müqayisədə nə kimi irəli addımlar atıb? İstər təşkilatçılıq, istər mükafat fondu baxımından…

- Mükafat fondu məsələsinə müsbət yanaşmırıq. Uşaq futbolunda mükafat vermək heç də yaxşı hal deyil. Mükafat olanda mübarizə əsasən qələbə üçün gedir. Amma bizim məqsədimiz futbolçuların beynəlxalq təcrübə qazanmasıdır. Amma yeni ideyalarımız var. Bunlardan biri məşqçi konqresi təşkil etməkdir. Qəbələyə təşrif buyuracaq komandalardan birinin akademiya direktoru 1,2 gün azərbaycalı uşaq məşqçiləri üçün açıq seminar təşkil edə bilər.

 


Mənbə: Futbol11.az

XƏBƏR LENTİ